Hakimiyyət etirazçıları “cinayətkar” adlandırdı – AXCP və Müsavatı hədəfə aldı

Hüquq-mühafizə orqanları bahalaşmaya etiraz edən vətəndaşları cinayətkar adlandırdı.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat Xidmətlərinin birgə məlumatında bildirilir ki, Siyəzəndə və digər rayonlarda bahalaşmaya və işsizliyə etiraz edən vətəndaşlar “ictimai qaydanı kobud surətdə pozan aksiya iştirakçıları hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayaraq nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan qanunazidd hərəkətlər törədiblər”.

APA-nın məlumatına görə, onlara qarşı Cinayət Məcəlləsinin 186.2.2, 233 və 315.2-ci maddələri ilə cinayət işi başlanılıb, hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanılıb.

2016-cı il 12-13 yanvar tarixlərində Siyəzən rayonunun bir qrup sakini tərəfindən şəhərin mərkəzi prospekt və küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil edilib.

“Rayon sakinlərinin konstitusion hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis və daxili qoşun qüvvələrinin gördüyü qanuni tədbirlərlə asayiş bərpa olunub, hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanılıb”, – deyə məlumatda vurğulanır.

Saxlanılmış şəxslərdən bir neçə nəfəri cinayət məsuliyyətinə cəlb edilib, həmçinin əməllərində inzibati xəta tərkibi olan şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Məlumatda iddia edilir ki, Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və rayonlarında törədilmiş və ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməllər AXCP və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edilib.

 

bastainfo.com

Bir cavab yazın