Lənkəranda saxlanılan müxalifətçilər məhkəməyə aparıldı

Dünən lənkəranda həbs olunan Müsavat Partiyası Lənkəran rayon təşkilatının sədri İman Əliyev və AXCP Lənkəran şöbəsinin sədri Nazim Həsənli gecə polis idarəsində saxlanılıblar. Hazırda onları məhkəməyə aparıblar.  Məhkəməyə onlarla birlikdə adını dəqiqləşdirə bilmədiyimiz bir nəfər bitərəf şəxs də aparılıb.

Yerli mənbələrdən aldığımız məlumata görə, dünən saxlanılan bir neçə başqa aksiya iştirakçısı cərimə edilərək sərbəst buraxılıblar.

Qeyd edək ki, dünən Lənkəranın Liman qəsəbəsinin sakinləri bahalaşma əleyhinə aksiya keçirib.

Müsavatın Lənkəran şəhər təşkilatının sədri İman Əliyevin “Basta”ya verdiyi məlumata görə, qəsəbənin və qonşu kəndlərin bir qrup sakini Bakı-Astara yolunu bağlayıblar.

İman Əliyevin bildirdiyinə görə, sakinlər bahalaşmaya və işsizliyə etiraz edirlər: “Qiymətlər günü-gündən qalxır, işsizlik baş alıb gedir. Bu vəziyyətdə insanlar nə etməlidir? Yol bağlanılıb, bura polis və məmurlar gəlib. Amma camaat haqlı olduğu üçün, onlar da aksiyanı dağıda bilmir”.

Bir neçə dəqiqə sonra əldə etdiyimiz məlumata görə əhalini ərazidən uzaqlaşdırmaq mümkün olmasa da, polis qüvvələri yolu aça biliblər.

Bastainfo.com

Bir cavab yazın