Lənkəranda müxalifət təmsilçilərinə 30 sutka həbs verildi

Dünən lənkəranda həbs olunan Müsavat Partiyası Lənkəran rayon təşkilatının sədri İman Əliyevə 30 sutka həbs verilib. Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

Bu gün həmçinin AXCP Lənkəran şöbəsinin sədri Nazim Həsənlinin məhkəməsi olub. Onun barəsində hansı qərarın verildiyi “Basta”ya məlum deyil.  Məhkəməyə onlarla birlikdə adını dəqiqləşdirə bilmədiyimiz bir nəfər bitərəf şəxs də aparılıb.

Yerli mənbələrdən aldığımız məlumata görə, dünən saxlanılan bir neçə başqa aksiya iştirakçısı cərimə edilərək sərbəst buraxılıblar.

Qeyd edək ki, dünən Lənkəranın Liman qəsəbəsinin sakinləri bahalaşma əleyhinə aksiya keçirib.

Müsavatın Lənkəran şəhər təşkilatının sədri İman Əliyevin “Basta”ya verdiyi məlumata görə, qəsəbənin və qonşu kəndlərin bir qrup sakini Bakı-Astara yolunu bağlayıblar.

İman Əliyevin bildirdiyinə görə, sakinlər bahalaşmaya və işsizliyə etiraz edirlər: “Qiymətlər günü-gündən qalxır, işsizlik baş alıb gedir. Bu vəziyyətdə insanlar nə etməlidir? Yol bağlanılıb, bura polis və məmurlar gəlib. Amma camaat haqlı olduğu üçün, onlar da aksiyanı dağıda bilmir”.

Bir neçə dəqiqə sonra əldə etdiyimiz məlumata görə əhalini ərazidən uzaqlaşdırmaq mümkün olmasa da, polis qüvvələri yolu aça biliblər.

***

Aldiğımız son məlumata görə, Lənkəran rayon Məhkəməsinin hakimi Elçin Kazımovun sədirliyi ilə keçən məhkəmə iclasında AXCP Lənkəran şöbəsinin sədri Nazim Həsənli 1 aylıq həbs edilib. Səbəb kimi Limanda sosial problemlərlə bağlı əhalinin etiraz mitinqində iştirak etməsi göstərilib.

Bitərəf Əfqan Həsənova isə 15 sutka həbs cəzası verilib.

Bastainfo.com

Bir cavab yazın