Polis Müsavatın Məclis üzvü Rüfət Baxışbəyliyə xəbərdarlıq etdi

Son iki gündə Müsavatın bir sıra rayon təşkilatlarının fəalları polisə çağırılıb. Onlardan biri də Müsavatın Məclis üzvü Rüfət Baxışbəylidir. Rüfət Baxışbəyli bildirdi ki, onun atasına zəng vurub Masallı rayon polis idarəsinə görüş üçün dəvət ediblər: “Bu gün atam polisdə olub, ona guya məni çağırdıqlarını bildiriblər, amma daha gəldiyi üçün mənə deyəcəklərini atama deyiblər. Bildirilib ki, səbəb sosial şəbəkələrdə və mətbuatda gedən tənqidi yazılarımdı. Mənə xəbərdarlıq ediblər ki, yazılarımda çağırışlar olmasın. Söhbət bununla da bitib”.
“Bizim Müsavat üzvü olaraq, müsavatçı olaraq hakimiyyətə gəlmək uğrunda sivil mübarizəmiz hər zaman olub, indi də var və bundan sonra da davam edəcək. Yolumuza, mübarizəmizə qanunun bizə verdiyi imkanlarla davam edəcəyik, edirik də. Bunu da belə bilin və bir yerə yazın!”, – Rüfət Baxışbəyli vurğulayıb.

Bu gün Müsavat Partiyası Cəlilabad rayon təşkilatının rəhbərlərindən biri, başqanın müşaviri Hidayət İsmayılov, Sabirabadda başqanın müşaviri Azər İsmayıl, Cəlilabadda isə Məclis üzvü Əlipənah Rzalı da polis idarəsinə çağırılıblar. Onlara iğtişaş olacağı təqdirdə, məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq ediblər.

Müsavat başqanın müavini Gülağa Aslanlı bu xəbərləri şərh edərək deyib ki, hakimiyyət xalqın etirazından çəkindiyi üçün, Müsavata təzyiq etmək, onun yerli təşkilatlarının etirazlara qoşulmasını bu yolla önləmək istəyir.

 bastainfo.com 

Bir cavab yazın