Qubaya qoşun yeridildi – bomba tamaşası quruldu

Qubada elan olunmamış fövqəladə vəziyyət hökm sürür. Dünəndən etibarən rayon mərkəzində və kəndlərdən gələn bütün yolların üstündə polis postları qurulub. Bu haqda “Basta”ya yerli mənbə məlumat verib.

Məlumata görə, bu gün Qubada bahalaşma və işsizliyə etiraz olaraq aksiya gözlənilirdi. Dünəndən etibarəm Müsavatın yerli təşkilatının təmsilçiləri, eləcə də rayonda nüfuzu olan digər şəxslər polisə çağırılıb. Onlara gözlənilən aksiya ilə bağlı xəbərdarlıq elan edilib.

Bu gün səhərdən isə Qubaya daxili qoşunların dəstələri yeridilib. Mənbə bildirir ki, rayona daxili qoşunların azı 9 maşın əsgəri gətirilib. Bunun səbəbi əhalinin hakimiyyətə qarşı mümkün etirazını zorakılıqla boğmaqdır.

Lakin bu arada daxili qoşunların Qubaya yeridilməsini əsaslandırmaq üçün ortaya yeni məlumat atılıb. Bildirilir ki, yanvarın 15-də Quba Cümə məscidinə bomba qoyulması haqqında polisə məlumat daxil olub.

Məscidin yerləşdiyi əraziyə Daxili Qoşunların, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

AzadlıqRadiosunun əməkdaşı hadisə yerindən xəbər verir ki, hazırda məscidə partlayıcı qoyulub-qoyulmaması araşdırılır.

Cümə məscidindəki bugünkü namaz təxirə salınıb. Dindarlar başqa məscidlərə yönləndirilib.

bastainfo.com

Bir cavab yazın