Vahid Məhərrəmov: ”Göstərişlə ucuz çörək olmur”

”ƏDV-nin ləğv edilməsi ilə un və çörək məhsullarında problemlər aradan qalxmayacaq”

Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə prezidentin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunub.

Prezidentin göstərişini Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, ciddi araşdırma aparmadan hökumətin belə addım atması təəccüblüdür. Söhbət ölkəyə gətirilən buğdanın dəyəri, daşınma, emal xərcləri, çörək istehsal edən zavodların, kiçik müəssisələrin imkanlarının öyrənilməsindən gedir: “Əvvəla, un və çörək məhsullarının qiymətini dövlət yox, bazar tənzimləyir. Əgər dövlət bu sahəyə müdaxilə edib qiymət müəyyənləşdirirsə, mütləq araşdırma aparmalıdır. Əks təqdirdə sahibkarların hüququ pozulacaq”.

Vahid Məhərrəmov hesab edir ki, sahibkarların zərərə məruz qalmaması üçün dövlət dəstək göstərməlidir: “Dövlət xərclərin müəyyən hissəsini üzərinə götürüb dotasiya verməlidir. Göstərişlə ucuz çörək olmur. Ucuz çörək üçün dövlət xüsusi proqram qəbul etməlidir ki, bunun daxilində subsidiya və dotasiya olmalıdır. Yalnız bundan sonra ucuz çörək ola bilər. Bir daha deyirəm, dövlət xüsusi qiymət siyasəti həyata keçirmirsə, müdaxilə etməyə ixtiyarı yoxdur. Mövcud qanunlar buğdanın, unun və çörəyin qiymətini süni olaraq endirməyə imkan vermir, bu, hökumətin səlahiyyətində olan məsələ deyil. Ölkəyə buğda və un idxal edən inhisarçılar qalıb bir tərəfdə, Bərdə və Mingəçevirdə çörək bişirən və satan kiçik müəssisələrə cinayət işi açılır. Bu anlaşılmazdır. Qanunda belə şey yoxdur, sahibkar istehsal etdiyi 500 qramlıq çörəyi min manata da sata bilər, əgər alıcı varsa, satılacaq, əks təqdirdə zərərə düşüb bankrot olacaq. Hökumətin çörəyə qiymət qoyması tamamilə qeyri-qanunidir”.

get_img

 

 

 

 

 

 

 

 

 

 

 

 

bastainfo.com

Bir cavab yazın