Mahmudov keçmiş naziri oyuncaq tapança ilə tutdurub

MTN tərəfindən həbs olunan Azərbaycanın keçmiş xarici iqtisadi əlaqələr naziri (1993-1995) Nicat Quliyevdə “tapılan” silah əslində oyuncaq tapança olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı “Azadlıq” qəzeti yazıb. Qəzet bildiri ki, N. Quliyev 2013-cü il 7 avqust tarixində həbs edilib. Onun evindən və maşınından müxtəlif markalı və təyinatlı silah və sursat “tapılıb”. İttiham sənədlərində iddia edilir ki, Nicat Quliyev bir neçə avtomat və qumbaralarla yanaşı 4 ədəd 9 mm çaplı “Makarov” tapançasını qanunsuz olaraq əldə edib, saxlayıb.

Qəzet yazır ki, tapançalarla bağlı sorğuya cavab olaraq DIN-in kriminalistika idarəsi bildirir ki, ekspertizaya MTN tərəfindən təqdim olunan tapançalar əslində “Makarov” tapançası deyil. Lakin bu tapançaların bir hissəsi dəyişdirilib, digər hissəsində isə yonma işləri aparılaraq odlu silaha çevrilib. Bəs nədir bu tapançalar? Sadəcə siqnal tapançası. Bildiyimiz idman usullu səsverici tapança odlu silaha necə çevrilib? Və yaxud da çevrilə bilərmi?

“Nicat Quliyevin vəkili istintaq zamanı araşdırmalar üçün minlərlə kilometr məsafədəyerləşən tapançaların istehsal olunduğu zavodun yerləşdiyi Rusiyanın Ijevsk şəhərinə gedir. Bununla da ortaya daşdan keçən amma məhkəmələrdən keçməyən sənədlər çıxır. Məlum olur ki, bu siqnal tapançalar – adı Cevelo – N MR-371 (Cevelo-N MR-371) elətexniki konstruksiya həllər vasitəsi ilə istehsal olunub ki, heç bir halda odlu silaha çevrilə bilməz. Bunu istehsalçı zavod rəsmi cavabında deyir!”.

Məqalədə qeyd olunur:

“– MTN Nicat Quliyevi həbs edərkən ilk saxtakarlığı siqnal tapançaları “Makarov” tapançası kimi təqdim etmək olub (siqnal tapançasının üzərində bu məhsulun həqiqi adı həkk olunduğu bilinə-bilinə);

– Bu saxtakarlıq müvafiq arayışla ifşa olunanda həmin siqnal tapançalarını güya kustar üsulla odlu silaha çevrildiyini iddia edərək və onlara özündən yeni bir ad verir “Makarov MR-371″;

– Bu saxtakarlıqlarla hazırlanmış iş cəmiyyətə zorakılığa cəhd kimi təqdim olunur;

– Nəticədə Nicat Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilir”.

Qəzet yazır ki, bu 70 dollarlıq oyuncaq tapança ilə bağlı vəkilin araşdırması zamanı daha bir fakt ortaya çıxıb: “Nicat Quliyevə sırınan tapançalar (4 ədəd siqnal tapançası) da daxil olmaqla 75 ədəd eyni tapançalar bir satış olaraq istehsalçı zavod tərəfindən konkret hüquqi şəxsə (X şirkətinə) satılıb. Bu şirkət bu partiyanın tamamını başqa bir şirkətə satıb və bunu müəyyən etmək üçün Nicat Quliyevin vəkili bir daha Icevskə yollanıb. Həmin şirkət isə MTN-nin keçmiş rəhbərliyinin ixtiyarinda olub və tapançalar müxtəlif “iş”lərdə istifadə olunub. Bu “iş”lər nəticəsində həbsdə olan, milyonlar verib “canını qurtaran”lar da var”.

 

bastainfo.com

Bir cavab yazın