İlham Əliyev Davosa gedir

Azərbaycan prezidenti İlham Əliyev gələn həftənin əvvəlində İsveçrənin Davos şəhərində işə başlayacaq Dünya İqtisadi Forumunda iştirak edəcək.

Trail.az-ın məlumatına görə, Davos forumu bu dəfə “Dördüncü sənaye inqilabı” devizi altında keçiriləcək. Forumda dünyanın 100-dən artıq ölkəsindən 2500-ə yaxın qonaq, o cümlədən prezidentlər, baş nazirlər, iri korporasiyaların rəhbərləri iştirak edəcəklər.

Forumda Azərbaycanprezidenti ilə yanaşı ABŞ-ın vitse-prezidenti Cozef Baydenin, dövlət katibi Con Kerrinin, Böyük Britaniyanın baş naziri Devid Kemeronun, Kanada baş naziri Jastin Trudeaunun, İran xarici işlər naziri Cavad Zərifin, Yunanıstan baş naziri Aleksis Tsiprasın və digər dövlət rəsmilərinin də iştirakı təsdiqlənib. Habelə Türkiyənin baş naziri Əhməd Davudoğlu Londona bu gün başlayan səfərini başa vurandan sonra Davos forumuna qatılacaq.

Azərbaycan prezidentinin indiki situasiyada Davos forumunda iştirakı xüsusi önəm daşıyır. Belə ki, bu forum Azərbaycana xarici investisiyaların cəlb edilməsinə yönəlmiş danışıqlar üçün mühüm fürsətdir. Manatın devalvasiyası və neftin ucuzlaşdığı bir vaxtda Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaları cəlb etməsi indi daha vacib məsələ kimi gündəmdə dayanır.

Ötən il də Dünya İqtisadi Forumunda Azərbaycanı Prezident İlham Əliyev təmsil edib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətləri iştirak edib. Dövlət başçısı Forumun sessiyalarında çıxış edib. Onlardan biri “Regionların transformasiyası: Avrasiya” adlanırdı.

 

bastainfo.com

Bir cavab yazın