İŞİD Suriyada yüzlərlə insanı girov götürdü

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın Suriyada Deyr əl-Zur şəhərinə həmləsi zamanı 400 nəfəri oğurladığı deyilir.

Suryada İnsan Haqlarının Müşahidəsi təşkilatı bildirib ki, insanlar şəhərin şimal-qərb hissəsindən qaçırılıb.

Londonda mənzillənmiş müxalif müşahidə qrupunun məlumatı müstəqil mənbələr tərəfindən təsdiqini tapmayıb.

Deyr əl-Zura hücum nəticəsində ən azı 135 nəfər həyatını itirib, təşkilat daha əvvəl bildirmişdi.

Məlumatda deyilir ki, onlardan 85 nəfəri dinc sakinlər və 50 nəfəri hökumətpərəst döyüşçülər olub.

Suriya dövlət mediası ölənlərin sayının daha çox olduğunu, 300 nəfər dinc sakinin həyatını itirdiyini bildirib.

İD basqına canlı bombalarla başlayıb, daha sonra yerüstü hücuma keçib.

Suriya hökumət qüvvələri hava hücumları və ağır artilleriya ilə cavab verib.

Rusiya hava qüvvələrinin hava hücumlarını davam etdirməklə yanaşı, şəhərdə qalmış sakinlərə humanitar yardım atdığı deyilir.

BMT Deyr əl-Zur şəhərində vəziyyətin “kəskin pisləşdiyini” bildirmişdi.

Şəhərin şimal-qərbində məskunlaşmış sakinlər İD nəzarətində olan Raqqa şəhərinə aparılıblar, Müşahidə xəbər verir.

Qaçırılmış şəxslərin hamısı sünni müsəlmanlar olub, əlavə olunur.

Sünni islamçı qruplaşma olan İD, nəzarət etdiyi ərazilərdə şiə müsəlmanları və qeyri-müsəlmanları təqib edir.

Suryada İnsan Haqlarının Müşahidəsi təxmin edir ki, İD indi şəhərin 60 faizinə nəzarət edir, lakin təxminən 200 min insan hələ də hökumətin nəzarət etdiyi ərazilərdə yaşayır.

Təxminən beş ildir davam edən münaqişə nəticəsində 250 mindən çox suriyalı həyatını itirib.(B.B.C Azərbaycanca)

 

bastainfo.com

Bir cavab yazın