Azərbaycanda “ərəb baharı”: Tunis və Misirdə də ilk güzəşt “ucuz çörək” idi…

Azərbaycanda son zamanlar başlayan etiraz aksiyalarının motivləri ilə 5 il bundan əvvəl Yaxın Şərqdə ortaya çıxan, bu gün belə səngimək bilməyən “ərəb inqilab”larının səbəblərinə nəzər saldıqda, qəribə bənzərliklərlə qarşı-qarşıya qalırsan.

Bizdə də, ərəb ölkələrində olduğu kimi, həm geopolitik vəziyyət, həm sosial-siyasi problemlərin anatomiyası, həm də iqtisadi vəziyyətin getdikcə ağırlaşması tamamilə üst-üstə düşür, hakimiyyət isə üz-üzə qaldığımız problemlərin həllində effektli siyasət həyata keçirməkdə çətinlik çəkir. Hətta bir çox hallarda atılan addımlar da böhranı ortadan qaldırmağa yox, əksinə, onu daha da dərinləşdirməyə yön alır.

Gəlin, Azərbaycanda bu gün yaşananlarla “ərəb baharı” adını almış inqilabların baş verdiyi ölkələr arasındakı bənzərliklərə bərabər nəzər salaq:

1. Xarici təsirlər

Rəsmilərimiz Azərbaycanda yaşanan böhranın xarici amillərdən qaynaqlandığını etiraf edirlər. Bu etirafa görə, yaşamaqda olduğumuz böhran dünya bazarında neftin qiymətlərinin aşağı enməsiylə əlaqədardır. Neftin ucuzlaşması isə iqtisadi yox, siyasi amillərdən qaynaqlanır.

İnsafən, bu etirafda böyük həqiqət payı var. ABŞ-ın və digər Qərb dövlətlərinin qlobal neft bazarında qiymətləri aşağı salmaq üçün həyata keçirdiyi kompleks tədbirlərdən Azərbaycan da öz nəsibini almış, hətta əsas hədəf kimi görünən Rusiyadan qabaq nokaut vəziyyətinə düşmüşdür.

Maraqlıdır ki, “ərəb inqilabları”nın ortaya çıxmasında da qlobal iqtisadi böhranın mühüm rol oynadığı qeyd olunur. Xüsusilə proseslərin ilk başlanğıc nöqtəsi olmuş Tunisdə və Misirdə 2008-ci il qlobal sənaye böhranının yaratdığı təsirlər sonradan vətəndaşları küçələrə tökülməyə vadar etmişdir. Səbəb neftin qiymətlərinin yüksək olması üzündən istehlak mallarının qiymətinin artması, kasıb ölkələrin bazarlarında alış-verişin dayanması və bunun da sosial sıxıntılara yol açmasıydı. Tunisdə ali təhsilli bir səyyar satıcının özünəqəsdi isə onsuz da gərilmiş əsəbləri tamamilə sıradan çıxarmış, inqilabi proseslərin önünü açmışdır.

Düzdür, daha sonra proseslər qlobal böhrandan mənfi yöndə təsirlənməyən, əksinə, neftin qiymətlərinin qalxmasıyla daha çox varlanan Liviya, Bəhreyn və s. kimi ölkələrə də sıçramışdı. Fəqət bu ölkələrdə hadisələrin kökündə daxili faktorlardan daha çox, xarici müdaxilələr və inqilabi oyanışların ixracı əsas rol oynamış, elə buna görə də təbii dəyişikliklər alınmamış, inqilabi proseslər öz məcrasından çıxmış, silahlı toqquşmalara, məzhəb müharibələrinə çevrilmişdir.

Daha sonra “ərəb baharı”nın öz ölkəsinə yayılacağından çəkinən Səudiyyə Ərəbistanının maddi dəstəyilə Misirdəki Mursi hakimiyyəti devrilmiş və proseslərin qarşısı qan bahasına alınmağa çalışılmışdır.

2008-ci ildəki sənaye böhranının bir nəticəsi olan “ərəb baharı” rüzgarının 5 ildən sonra bizim coğrafiyaya gəlib çıxması da səbəbsiz deyil. Qərb sözügedən böhranla başlayan proseslərin özünə sıçraması ehtimalını nəzərə alaraq, neftin qiymətlərini aşağı salmaq siyasəti həyata keçirmək yolunu tutmuş, ABŞ 40 ildən sonra ilk dəfə öz neftinin hasilatını artırmış və onun ixracına qoyulmuş qadağanı ləğv etmişdir. Beləcə, neftin qiymətinin aşağı düşməsi həm Qərb sənayesini gücləndirmiş, həm də problemin mərkəzi sənaye ölkələrindən neft ölkələrinə daşınmışdır. Bu mənada son zamanlar həyata keçirilən qlobal neft siyasətlərini yalnız Rusiyanı çökdürmək niyyətiylə izah etmək yanlışlıq olardı.

2. Daxili faktorlar

Sözsüz ki, istənilən böhranın səbəbini yalnız xarici amillə məhdudlaşdırmaq da doğru deyil. Xarici təsirlər daxili problemlər üzərində inşa edildiyindən, uzaqgörən hakimiyyətlər özlərinə əvvəldən çəki-düzən verməklə sərhədlərinin ötəsindən gələn basqılara sinə gərə bilirlər. Nə yazıq ki, Azərbaycan eynilə “ərəb baharlarının” isindirdiyi Şimali Afrika və Yaxın Şərq ölkələri kimiqlobal böhrana dayanıqlı daxili iqtisadi potensiala sahib deyil. Bizdə də iqtisadiyyat rəngarəngliyi ilə seçilmir, yalnız birtərəfli inkişaf mərhələsi keçib. Bu da hansısa birsahəli böhran anında digər iqtisadi faktorlara söykənərək problemdən çıxış yolunu bağlayır, ölkəni tənəzzülə doğru aparır.

İstər Tunisdə, istərsə də Misirdə baş verən inqilabi proseslərin başlıca səbəblərindən biri iqtisadi böhranla başlayan qida məhsullarının qiymətlərində yaranan bahalaşma idi. Xüsusilə orta aylıq məvacibin 70 dollar civarında olduğu Misirdə dövlət böhrandan əvvəl xalqa yardım məqsədilə ucuz çörək satırdı. Beləcə, vətəndaşlar dövlətin bu güzəşt siyasətindən faydalanır, ailələrini çətin də olsa, dolandıra bilirdilər. Rəsmi statistikalara görə, o dövrlərdə ucuz çörək alan misirli ailələrin sayı 60%-dən artıq idi. 

Böhrandan sonra isə Misir hökuməti bu siyasətini davam etdirə bilmədi və nəticədə sosial narazılıqlar artdı. Təsadüfi deyildi ki, Misirin sonradan devrilmiş prezidenti Mursi özünün seçki platformasında təhlükəsizlik, təmizlik, enerji daşıyıcılarının qiymətinin ucuzlaşdırılması kimi sosial vədlərlə yanaşı, çörək problemini həll edəcəyinə söz verirdi.

Bu gün Azərbaycan vətəndaşlarını da ən çox narahat edən məsələlərdən biri qida məhsullarının, özəlliklə də çörək və unun qiymətlərinin artmasıyla bağlı nigarançılıqdır. Təsadüfi deyil ki, istər Füzulidə, istər Ağcabədidə, istərsə də Siyəzəndə baş verən etiraz aksiyalarının ən vacib tələblərindən biri unun qiymətinin birdən-birə 12 manatdan 26 manata yüksəlməsi idi. Hökumət bu tələbləri nəzərə alaraq undan tutulan əlavə gəlir vergisini ləğv etsə də, ucuzlaşma sadəcə 10-12% civarında oldu. Bu isə problemin köklü həlli deyil. Onsuz da çətin vəziyyətdə olan vətəndaşlar həyat üçün ciddi önəm daşıyan bu məhsulu yenə, hardasa, 100% bahasına alacaqlar.

“Ərəb inqilabları”nın başladığı ölkələrlə digər əsas bənzərliyimiz isə işsizlik nisbətinin xeyli yüksək olmasındadır. Tunisdə də, Misirdə də uzun illərin dəyişilməyən hakimiyyətlərinin gətirdiyi ən ciddi problem kimi, gənclər arasında işsizliyin baş alıb getməsi ön plana çıxırdı.Məlumatlara görə, “ərəb baharı”ndan öncə, Tunisdə gənclərin 50%-dən çoxu işsiz idi. Əslində, proseslərin bir universitet məzununun özünü yandırmasından sonra nəzarətdən çıxması bu mənada təsadüfi deyildi. Gənclərin böyük qisminin işsizliyi, gələcəyə olan inamsızlığı, bir tikə çörəyə möhtac olması bıçağı sümüyə dirəmişdi. Hamı öz etirazını bildirmək üçün kiçik bir bəhanə gözləyirdi. Barıt çəlləyinə düşən həmin qığılcım isə tunisli universitet məzunu gənc Məhəmməd Buəzizinin özünü yandırması oldu.

Azərbaycan əhalisinin vəziyyəti də bu mənada, Tunis insanlarından çox fərqlənmir. Hətta deyərdik ki, problem daha böyükdür. Hakimiyyəti, əyləşdikləri yüksək dövlət vəzifələrini uzun illər qoruyub saxlayan məmur elitası ölkənin bütün iqtisadi imkanlarını ələ keçirib. İqtisadi sahələrdə formalaşdırılmış monopoliyalarda, dövlət idarələrində yanlız bir ovuc oliqarxın qohum-əqrəbalarının toplanması, kəndlilərinin, tanışlarının işlə təmin olunması “özgə”lərin iş tapmaq problemini artırır. Nə qədər savadlı olursan ol, istərsən, hər tərəfindən istedad fışqırsın, çörək təknələrində sənə yer yoxdursa, sözsüz ki, narazı qalacaqsan. Narazıların son uğradığı məkan isə meydanlar olur. Çünki bütün qapıların ən istedadsız, korrupsiyaya bulaşmış kəslərə açıq olduğu yerdə öz potensiallarını reallaşdıra bilməyən intellekt sahibləri, istər-istəməz, hakimiyyətə qarşı cəbhə almağa məhkumdurlar. Tunis hakimiyyəti məhz bu nüansı gözdən qaçırdığı üçün həmin gənclərin qəzəbinin qurbanı oldu.

İntellektualların qəzəbini isə heç bir zor aparatı susdurmaq gücündə deyil. Polis dəyənəyinə qarşı yasəmənlə çıxan ərəb gəncləri sübut etdilər ki, haqlı olduğun halda, adi bir bitki belə, ən öldürücü silahlardan güclüdür.

Neft gəlirlərinin azalmasıyla ya aldıqları məvacibləri azalan, ya ixtisarlara məruz qalaraq işindən atılan Azərbaycan insanı da, nə yazıq ki, Tunis tarixinə “Yasəmən inqilabı”nı yazanlardan fərqli vəziyyətdə deyillər. Verilən məlumatlara görə, ölkənin bir sıra rayonlarının əhalisinin 80%-ı işsizdır. Və ən pisi də odur ki, heç bir islahata gedə bilməyən hakimiyyətin bu mövqeyi onların gələcəyə ümidlərini də sıradan çıxarır. Bəziləri hətta problemlərdən çıxış yolu görə bilmədiklərindən, intihara əl atırlar.

“Ərəb inqilabları”nın ən başlıca səbəblərindən biri də, əhalinin yoxsul dolanışığına rəğmən, bu ölkələrdə oliqarxların heç bir yerdə təsadüf olunmayan ağlagəlməz xərcləri idi. Və bu xərclər isə həmin ac xalqın boğazından kəsilmiş, kisəsindən oğurlanmışdı.Tunisin oliqarx ailələri üçün yeməklər və şirniyyatlar Fransadan gətirilir, onların qızıl qəfəslərdə saxladıqları pələnglərə hər gün qarınları doyana qədər toyuq yedirdilirdi. “Ərəb baharı” yelinin yüz minlərlə can aldığı, milyonlarla vətəndaşı yurd-yuvasından didərgin saldığı Suriyanın oliqarx ailələri də öz ehtişamlı həyatlarıyla tunisli həmkarlarından fərqlənmirdilər. Eyni sözləriMisir oliqarxları üçün də demək mümkündür. Bütün bu bədxərcliklərə baxmayaraq, həmin ölkələrin sadə vətəndaşları isə bir qarın çörəyə möhtac idilər.

Getdikcə əhalisi aclıq vəziyyətinə düşən Azərbaycan reallıqları da ərəb ölkələrindən fərqlənmir. İnsanlar işlərini, aşlarını itirdikləri bir vaxtda hələ rəsmi Bakı dünyanın ən mənasız idman yarışlarına həvəslə pul xərcləməyə səy göstərir. Yəqin ki, bu ildə də bayramlar, möhtəşəm ad günləri, bahalı xarici musiqiçilərin oxuduğu toylar, müxtəlif əsrarəngiz əyləncəli tədbirlər eyni qaydada davam edəcək. Şosse yolları üzərində çəkilmiş divarların o biri tərəfində yaşayan insanlar isə ac övladlarını şirin nağılllarla yatırtmağa çalışacaq. Amma bu nağılların reallığa çevrilmədiyini görən uşaqların aclıqdan ağlaması, istər-istəməz, valideynlərin çölə çıxıb çörək axtarmasına səbəb olacaq. Çörək isə bir çox hallarda dükanlarda yox, icra hakimiyyətlərinin, nazirliklərin və daha sonra ən ali hakimiyyət orqanlarının qapılarında – topdağıtmaz villalarında axtarılacaq…

Digər bir bənzər vəziyyət həm Azərbaycan, həm də ərəb ölkələrinin, məşhur bir ifadə ilə desək, hələ də alternativi tapılmayan demokratik ənənələrdən uzaq qalmasıdir. Hakimiyyətin və vəzifənin şəxsi mülkiyyət kimi gələcək nəsillərə ötürüldüyü bu ölkələrdə seçkilər saxta keçirilir, insanlar öz gerçək təmsilçilərini seçə bilmirlər. Beləcə, öz müqəddaratlarını müəyyənləşdirmək hüququna da həsrət qalırlar. Dolayısıyla, problemlərini parlamentdə yox, küçələrdə həll etməyə məhkum olunurlar…

Heydər Oğuz, strateq.az

Bir cavab yazın