Cəlilabadda aksiya başlandı! – Yenilənir

12:00

Bu dəqiqələrdə Cəlilabad rayon sakinləri etiraz aksiyasına başlayıb.

Teleqraf.az-ın məlumatına görə, sakinlər rayon mərkəzində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad şöbəsinin qarşısına toplaşıb. Onlar işsizliyə, bahalığa və sosial yardımların verilməsində baş verən rüşvətxorluğa etiraz edirlər. Hadisə yerinə gələn rayon icra başçısı Əziz Əzizovun aksiyaçıları sakitləşdirməyə çalışdığı bildirilir. Əziz Əzizov sakinləri qapalı zala yığmaq istəsə də, insanların çoxluğu buna mane olub.

***

12:45

“Basta”ya verilən məlumata görə, etirazçıları mədəniyyət evinə toplayırlar. Onları dinləyəcəklərini vəd veriblər.

13:00

Etirazçıların yarısı mədəniyyət evinə daxil olmağa razılıb verib. Digər yarısı isə mitinqə başladıqları yeri tərk etmir. İcra başçısı Əziz Əzizov etirazçılara xəbər göndərib ki, hamı mədəniyyət evinə toplaşsın və şikayətlərini orada söyləsinlər.

Bu barədə Azadlıq Radiosuna məlumat verən Müsavatın Məclis üzvü Əlipənah Rzalının dediyinə görə, etirazçıların əsas şikayəti qiymət artımı, işsizlik, ünvanlı sosial yardımın düzgün verilməməsi və bank borcları ilə bağlıdır: «Danışıq gedir. Əhalinin dağılışmasını tələb edirlər»

13:15

İcra başçısı mədəniyyət evində narazı əhali ilə görüşə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad şöbəsinə insanların təqdim etdikləri müraciətlər bura gətirilib və icra başçısına təqdim olunub.

13:30

İcra başçısı söz verib ki, bütün şikayətlər 1 həftə ərzində təmin ediləcək. Görüş başa çatıb. İnsanlar evlərinə dağılışır. Heç bir insident baş verməyib.

14:20

İcra başçısı şikayətçılərin bir qismini icra hakimiyyətinə dəvət edib. Orada çıxış edərək sosial müavinətlərlə bağlı bütün şikayətlərə baxılacağını deyib. Əziz Əzizov öz çıxışında müxalifətin ünvanına atmacalar atıb və əhalini müxalifətə qulaq asmamağa çağırıb.

Qeyd edək ki, iki gün əvvəl Müsavatın Cəlilabadd təşkilatının təmsilçiləri Hidayət İsmayılov və Əlipənah Rzalı polisə çağırılmış, onlara kütləvi tədbirlərin yolverilməz olduğu barədə qanunsuz xəbardarlıq elan edilmişdi.

Mustafa Hacıbəyli, bastainfo.com

 

 

Bir cavab yazın