Demokratiya nədir?

Rüfət Baxışbəyli

Bu sualın cavabını bir çox xalqlar illərdir ki, axtarırlar.

Tapan tapır, inkişaf yoluna qədəm qoyur, tapmayan ən yaxşı halda yerində sayır…

Nədir demokratiya?

Azad seçim hüququ… 4 – 5 ildə bir dəfə seçkilərə gedib bizləri idarə edəcəkləri, ölkəmizi yönətəcək olanları seçməkmidir demokratiya? Varmı belə imkanımız?

İfadə azadlığı… Düşünürsünüzmü ki, azad şəkildə fikirlərinizi ifadə edə bilirsiniz? Mediamız azaddırmı?

İnsan haqları, yaşamaq haqqımız… Yaşadığımız ölkədə həyatımız hər zaman sığortalanıbmı? Küçəyə, məhləyə, bazara-dükana çıxanda, evdə, ailədə haqqınızın tapdalanacağından, döyülüb şiddətə məruz qalacağınızdan ‘minsinizmi, həyatınızı doğal olmadan itirməyəcəyinizin qarantisi varmı? Fərqli düşündüyünüzə görə şərlənərək həbs olunmayacağınız, ya da öyrədilmiş, sizdən güclü arxalı tiplər tərəfindən zorakılığa məruz qalmayacağınız nə məlum?

Vicdan azadlığı, inanc özgürlüyü… Heç bir basqı altında olmadan, məcbur edilmədən inancımızı özümüz seçə bilirikmi? Vicdan azadlığını hiss edirsinizmi yaşadığımız cəmiyyətdə?

Dövlət qarşısında hamının bərabərliyi… Bərabərikmi? Dövlət hamımıza eyni gözlə baxırmı?

Məhkəmə müstəqilliyi… İnanırsınızmı ədalətə? Hər yerdə hüququn üstünlüyünü, bütün vətəndaşların hüquq qarşısında bərabər mühakimə olunacağına inanırsınızmı? Dövlət məmurlarına, hakimiyyətin “krışa”lıq etdiyi arxalı zatlara qarşı məhkəmə qarşısında haqlı olduğunuz üçün güclü hiss edə bilirsinizmi özünüzü? Fərqli düşündüyünüzə, siyasi mənsubiyyətinizə görə məhkəmənin sizi şərləyib həbs etmək istəyənləri deyil, həqiqəti ortaya çıxararaq, haqqı müdafiə edərək suçluları cəzalandıracağından əminsinizmi?

Sərmayə azadlığı… Canımız kimi malınızı, mülkünüzü də güvəndə hiss edirsinizmi?

Daha bir sual ölkəmiz, dövlətimiz, bölgəmiz üçün kifayət qədər aktual bir sual: regionunuzdan seçilən millət vəkilini tanıyırsınızmı? Sizmi seçmisiniz, yoxsa yuxarıdan təyin olunub? Sizin dərdinizə yanan, hər zaman yanınızda olan, sizin seçdiyiniz, seçə bildiyiniz vəkiliniz varmı? Ümumiyyətlə, özgür şəkildə seçmə hüququnuz təmin olunubmu bu günə qədər?

Hakimiyyətdə olan, hakimiyyətə iddialı partiyalar arasında öz sədrlərini, başqanlarını demokratik yolla dəyişə bilən, dəyişən neçə partiya tanıyırsınız ölkədə? Tanıyırsınızsa, həmin bu partiyanı və ya partiyaları könül rahatlığıyla seçə bilirsinizmi?

Bütün bu sualların cavabını tapan zaman “demokratiya nədir” sualına da cavab tapacaqsınız. Tapa bilməsəniz, demək ki, yenilənməliyik. Yenilənmək üçünsə, güclü silkələnməliyik. Silkələnməliyik ki, özümüzü tapaq!

Silkələnək, xanımlar və cənablar, silkələnək!

Bir cavab yazın