Rusiya-PKK danışıqları ifşa edildi: Türkiyəyə qarşı kəşfiyyat şəbəkəsi

Rusiya nümayəndə heyəti PKK liderləri ilə 12 dekabr 2015-ci il tarixindən bu yana azı 6 dəfə görüş keçirib.
Arqument.Az xəbər verir ki, bu məlumatı Türkiyənin “Yeni Şafak” qəzeti yayıb.
Qəzetin yazdığına görə, görüşlər əsasən də Qəndil və Süleymaniyədə keçirilib.
 
Ruslar PKK-nın liderlərindən olan Cəmil Bayıkla 2 dəfə görüşüb. İki tərəf arasındakı ilk təmas Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaşın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən əvvəl baş tutub. PKK ilə görüşən rus heyətlərinə Viktor Simalov adlı diplomat başçılıq edib. Onun Rusiyanın Ərbildəki konsulluğunda çalışdığı bildirilir.
Məlumata görə, rus diplomatlarının PKK ilə danışıqlarından sonra iki rus səlahiyyətlisi 18 dekabr 2015-ci il tarixində PYD-nin (PKK-nın Suriya qolu) nəzarətindəki Suriyanın Qamışlı bölgəsinə gedərək burada danışıqlar aparıb.
Rusiyanın 2 yanvar 2016-cı il tarixində Qamışlı, Derik və Dirbesiyedə 3 kəşfiyyat şöbəsi qurduğu və bu şöbələrdə 28 kəşfiyyat əməkdaşı yerləşdirdiyi bildirilir.  Digər bir məlumata görə, ruslar Qamışlıda Bəşər Əsəd rejiminin nəzarətində olan hərbi hava bazasının yaxınlığında 85 nəfərlik bir kəşfiyyat bazası qurub. Rusların bölgədəki təhlükəsizliyini isə PYD təmin edir.
Ən son ötən həftə Qəndilin Levje kəndində PKK səlahiyyətliləri ilə görüşən Rusiyanın kəşfiyyat səlahiyyətlilərinin gündəmində kürd qazının Türkiyəyə nəqli olub. Ankara isə Türkiyəni Şimali İraqla birləşdirən enerji kəmərlərinə qarşı mümkün təxribatlarından narahatdır.
bastainfo.com

Bir cavab yazın