Neftçalada aksiya olacağı barədə xəbər yayanlar həbs olundu

Dünən jurnalist Saday Fərəcov Neftçala polis bölməsinə çağırılıb. Xatırladaq ki, Saday Fərəcov son parlament seçkilərində Neftçala rayonundan Müsavat Partiyasının deputatlığa namizədi olub.

S.Fərəcovun təsisçisi olduğu “uluyol.info” xəbər portalında Neftçalada aksiya olacağı barədə xəbər yayımlanmışdı. S. Fərəcov xeberman.com-a polisə çağırılmasının səbəbi haqqında bunları deyib: “Dünən səhər saatlarında Neftçala Polis şöbəsindən mənə zəng olundu və görüşmək istədiklərini bildirdilər. Mən də etiraz etmədim. Rəislə görüşdük. Rəis,  polkovnik-leytenant Vüsal Şəbəndiyevlə rayonda son ictimai-siyasi proseslərdən danışdıq.Rəis bildirdi ki,  “mən bu rayona yeni təyin olunmuşam və istəyirəm rayonda ziyalı, ictimai fəallarla tanış olum”. Saytımızda yayımlanan xəbərə toxundu. Və mən də rəhbəri olduğum sayta yayılan məlumatın mənbə əsasında yayıldığın bildirdim”.

Xeberman.com-un əldə etdiyi son məlumatlara görə rayonda aksiya xəbərlərinin sosial şəbəkələrdə yayılmasında iştirak edən iki nəfər həbs olunub. Həbs olunanlarla bağlı xəbəri dəqiqləşdirib, oxuculara məlumat verəcəyik.

bastainfo.com

 

Bir cavab yazın