Pərakəndə görünən vahid müxalifət

Vaqif Hacıbəyli

Müxalifətin birliyi barədə təkliflər gündəmi zəbt etməyə başlayıb. Müxalifət parçalanmış kimi görünsə də, əslində bir yerdədi. Fikrimi aşağıda izah etməyə çalışacam.

Əvvəla onu qeyd edim ki, mən birlik təklifləri ilə çıxış edən bəzi musavatçı dostlarımızın xoşməramlı istəyini başa düşürəm. Hesab edirəm ki, ən azı Tofiq Yaqublunun, eləcə də müxalif qüvvələrin arasında əməli birliyin səmimi tərəfdarı olan digər dostlarımızın mümkün tənələrindən qurtulmaq naminə bu təkliflərin açıq səslənməsi faydalı oldu. Ən azı kimin hansı mövqedə olduğu aydın göründü.

Amma mən birlik təklifini rədd edənləri qınamaq niyyətində də deyiləm. Ən azı onlar bu mövqelərində səmimidilər. Yəni onlar müxalifətdə vahid liderlik iddiasındadırlar və bu iddiaların açıq ortaya qoyulmasında bir qəbahət yoxdur. Bu səbəbdən də onlar digər siyasi qüvvələrlə funksional əməkdaşlığı rədd edir, hər fürsət düşdükcə müxalifətdə olan digər siyasi partiyaları, onların təəssübkeşlərini hədəfə almaqdan,  xüsusi zövq alırlar. Bu vəziyyət kimlərisə qane etməyə bilər, amma siyasi riyakarlıq üzərində qurulan saxta birliklərdənsə, “hərə düz bildiyi öz yolu ilə getsin” formulu məncə daha məqbuldu. Bu mənada müxalif qüvvələr arasındakı bugünkü münasibətlər idealdan çox üzaq olsa da, əvvəlki “həm rəqibik, həm də müttəfiqik” kimi anormal durumdan daha anlaşıqlı müstəvidə qurulub.

Bu yazını yazmaqda əsas məqsədim isə tamam başqadı. Yəni müxalifətin birliyi hansısa abstrakt məqsədlər üçün deyil, konkret məqsədlər üçün lazımdı. Onlardan ən vacibi mövcud durumla əlaqədar vahid siyasi mövqenin formalaşdırılmasıdı və bu mənada müxalifət qüvvələri heç də zahirən göründüyü kimi dağınıq, parakəndə vəziyyətdə deyillər.

Ölkədə siyasi proseslərə bu və ya digər şəkildə təsir etmək imkanı olan siyasi müxalif qüvvələr mövcud siyasi- iqtisadi böhranı hakim rejimin süqutunun başlanğıcı kimi qəbul etsələr də, bu vəziyyətdə ölkənin davamlı sosial partlayışlar və ardınca da idarəolunmaz xaosa sürüklənə biləcəyi ehtimalını nəzərə alaraq hələlik kütləvi etiraz aksiyalarını başlamağı məqsədəuyğun hesab etmirlər. İstisnasız olaraq siyasi müxalifətin bütün cinahlarında siyasi mübarizənin dinc, demokratik, qeyri-zorakı müstəvidə aparılmasının tərəfdarı kimi çıxış edirlər və indiki həssas məqamda bu hal ölkənin böhrandan çıxarılması, ümummilli maraqlar və ölkənin gələcək taleyi baxımından olduqca önəmlidir.

Mövcud iqtidar və onun təbliğatçıları bunu layiqincə dəyərləndirə bilməsələr də, Azərbaycanın siyasi müxalifəti tərəfindən bu ölkənin gələcək taleyi naminə böhrandan çıxmaq üçün ən müxtəlif sahələr üzrə təkliflər cəmiyyətə təqdim edilib. Bununla da, Azərbaycan dövlətinin indiki təşəkkülünün bünövrəsini quran mövcud müxalifət siyasi fürsətçiliyi inkar edərək, sağlam siyasi mövqeyi ilə dövlətçiliyə, Azərbaycanın istiqlalı ideyasına sadiqliyin nə demək olduğunu 1993-cü ilin iyun qiyamında qiyamçılara dəstək verən siyasi qüvvələrə bir daha nümayiş etdirir.

Bu mənada Azərbaycan müxalifəti vahiddir, Azərbaycan idealı uğrunda öz mübarizəsini şərəflə, namusla və demoktatik vasitələrlə davam etdirməkdədir. Başqa sözlə, müxalifət hansısa bir qurumun çətiri altında birlikdə olmasa da, siyasi mövqeləri və məqsədləri baxımından əslində bir yerdədir. İndiki halda, vacib olan da məhz elə budur.

Bir cavab yazın