Yaxşını pisdən ayırmağın zamanı…

Xasay Fərzulla

Sual-cavab həyatımızın mənası, günümüzün nizam qaydalarındandır. Mövzudan asılı olmayaraq, fikir mübadiləsində sual-cavabsız keçinmək mümkün deyil, elə siyasətdə də… Yaxın keçmişin siyasi yüklü sualından başlayaq. Bir vaxtlar gündəmdə məşhur bir sual dolaşmaqdaydı: “Bundan yaxşısı gələcək?”

Yəqin ki, sual siyasi aktivistlərə çox tanış gələr. Sual xeyli vaxt idi ki, müxalifətçilərin əhvalını korlamaqdaydı. Çünki belə düşünən vətəndaşı ram eləmək, inandırmaq heç də asan olmur. Məlum sual cavab verməli olan tərəfin əhvalını nə qədər korlamış olsa da, diqqətlə baxdıqda, əslində sual verənin mövcud vəziyyətlə qismən razılaşdığını görmək olar. Ona görə ki, sual verən vəziyyətin heç də yaxşı, qaneedici olmadığını bilir, anlayır, amma yenisi gələcəksə, ona inamı da tam deyil.

Bundan başqa bu tip sualların necə cavablandırılmasından çox şey asılıdır. İzahı, məntiqi, inandırıcılığı, istər sual verənin, istərsə də, cavab verənin təfəkkürünün hansı səviyyədə olması lazım olan şərtlərdəndir. Çünki “bundan yaxşısı gələcək?” sualını verən şəxs nə qədər savadlı olsa belə, bu sual normal təfəkkürün məhsulu sayıla bilməz. İllah ki, söhbət vətəndaş cəmiyyətindən, demokratiyadan gedirsə…

Fikir verin, illərdir, həmin suala “əlbəttə, bundan yaxşısı gələ bilər” cavabını verərkən razılıaşmayan vətəndaş vəziyyət pisləşdikcə sualların formasını da dəyişir: “Vəziyyət necə olacaq? Müxalifət nə düşünür?”

Artıq bu o deməkdir ki, illərdir inanmasa da, lakin qəbul etdikləri yaxşı deyilmiş. Seçimində qəraralı olmasa da, nəhayət, vətəndaşın mövqeyindən məsələnin mahiyyəti açılmış kimi görünür. Lakin vəziyyətə uyğun olaraq formasını dəyişmiş suala cavabı elə sualla verməkdir…

Elə isə biz sual verək:

Pəki, siz nəyi necə görmək istəyirsiz?

Bəri başdan deyim ki, “kim gəlir gəlsin, təki bu(nlar) getsin” yanaşması da yanlışdır. Bu fikir eyni dəyər daşıyıcısı olan, eyni prinsipləri bölüşən, ona ciddi şəkildə, hətta müəyyən itkilər və fədakarlıqlar hesabına riyayət edən qüvvələr arasında seçim edərkən səslənsə, qəbul etmək olar. Amma təəssüf ki, bu gün sadaladığımız prinsiplərə əməl etməyən, amma hakimiyyətə müxalif olan siyasi qüvvələrin bir qismi başqalarına, ən azından hakimiyyət qədər olmasa da, sərt və kobud münasibət göstərirsə, bu vəziyyətdə “kim gəlir gəlsin, təki bunlar getsin” düşüncəsi bizi yağışdan yağmura salacaq.

Qısası, belə məqamlarda diqqətli olmaq lazımdır. Yaxşını pisdən ayırmağı isə vətəndaş bacarmalıdır, çünki qarşısındakı seçim onun taleyini müəyyən edir.

“Vəziyyət necə olacaq?” sualının müsbət və birmənalı cavabı isə yalnız demokratik prinsiplərin – azad seçki, ədalətli məhkəmə, söz, vicdan azadlığı, insan haqları və s. kimi prinsiplərin Azərbaycanda bərqarar olmasındadır…

Sonda mən də bir sual verim: razılaşırsınızmı? Yoxsa yenə deyəcəksiniz: “Bundan yaxşısı gələcək?”

Bir cavab yazın