5 min dollara qədər kredit sahiblərinə “güzəştlər ola bilər”

Azərbaycanın Mərkəzi Bankı (AMB) fərdlər tərəfindən xarici valyutada götürülmüş kreditlərin bir dollara 1,05 AZN nisbətilə ödənməsini müzakirə etməyə hazırdır, ABM-nin sədri Elman Rüstəmov deyib.

 Milli Məclisin parlament komitəsinin iclasında çıxış edən bank rəhbəri bildirib ki, qərarın təsdiqi təqdirində bu təklif 5 000 ABŞ dollarınadək kreditlərə aid edilə bilər.

Dekabrın 21-də Mərkəzi Bankın üzən məzənnə rejiminə keçməsindən sonra dolların məzənnəsi 47 faizdən çox artaraq 1 manat 55 qəpiyə qalxıb. Bu ilin əvvəlindəki devalvasiyadan sonra manatın dəyərinin itirilməsinin ikinci halı olub.

“5 000 dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər. İlkin hesablamalara görə, söhbət 250 milyon dollardan gedir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyinin tapılmasıdır. Bu, təkcə Mərkəzi Bankın səlahiyyətinə aid məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir”, – Elman Rüstəmovun sözlərindən APA agentliyində iqtibas gətirilir.

Bankın rəhbəri həmçinin “5-7 bankın birləşdirilməsini” nəzərdə tutan təklifi dilə gətirib.

“Bu, bankların kredit cəlb etməsinə köməklik göstərəcək. Mərkəzi Banka bununla bağlı müraciət daxil olub. Söhbət 5-7 bankın konsolidasiyasından gedir”.

Elman Rüstəmov həmçinin deyib ki, valyutanın xaricə çıxarılmasına məhdudiyyətlərin tətbiqi nəzərdən keçirilir.

AMB sədri həmçinin manatın guya denominasiyası ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını deyib.

“Bu, uydurmadır. Bildiyiniz kimi, denominasiyanı həyata keçirmək üçün milli valyutada qüsurlar olmalıdır. Bundan başqa, hiperinflyasiya olmalıdır. Hal-hazırda Azərbaycanda hiperinflyasiya müşahidə olunmur və milli valyutada qüsurlar yoxdur. Buna görə, indiki şəraitdə denominasiyaya lüzum yoxdur”.

Ötən həftə qiymətlərin qalxması və işsizliklə bağlı Azərbaycanın bir sıra rayonlarında etirazlar baş verib.

Bir cavab yazın