Ukraynada ön cəbhədə 20 yanvar yad edildi

Bu gün Ukraynanın Mariupol şəhərində 20 Yanvar şəhidləri anılıb.  Azərbaycana həmrəylik aksiyasında Ukraynanın milli-demokratik qüvvələrinin nümayəndələri rus-sovet ordusunun 1990-cı ildə Bakıda törətdiyi zorakılıqları lənətləyiblər.  Bu məlumatı “Basta”ya Müsavat Gənclər Təşkilatının idarə heyətinin üzvü Əbülfəz Sadıqbəyli verib. Onun məlumatına görə, aksiyanın təşkilatçısı Müsavat Gənclər Təşkilatının üzvü, Donetsk Vilayətinin Azərbaycan  Gəncləri  Təşkilatının sədri, Mariupolda jurnalist fəaliyyəti ilə məşgul olan Ayxan Hacıbəyli olub.

Xatırladaq ki, Donetsk Vilayətinin Azərbaycan Gəncləri  Təşkilatını Ukraynanın cəbhə bölgəsi sayılan Mariupol şəhərində  yaşayan azərbaycanlı gənclər qurub. Təşkilat Donetsk vilayətinin işğal olunmayan hissəsində aktiv fəalliyyət göstərir, Ukrayna ictimaiyyəti ilə sıx əlagələr qurur, Azərbaycanla bağlı tədbirlər keçirir. Tədbirdə Azərbaycandakı 1988-90-cı illərinin Meydan hərəkatı və 2014 ildə Ukraynadakı Maydan hərəkatlarıı arasında olan oxşarlıqlar müqayisə edilib. Azərbaycanlı gənclərin təşkil etdiyi tədbirdə cıxış edən UNSO batalyonun zabiti İqor Mazur Qarabağda vuruşan ukraynalılardan, Donbasda şəhid olan azərbaycanlılardan danışıb. Mariupol şəhərinin ictimai liderlərindən olan Mariya Podıbaylo öz növbəsində azərbaycanlı gənclərə Ukrayna üçün ağır sınaq günləri olan bir zamanda verdikləri dəstəyə görə öz minnətdarlığını bildirib.

Tədbirdə  Azərbaycan və Ukrayna himnləri  səsləndirilib və “yaşasın Azərbaycan”,  “yaşasın Ukrayna” şüarlari ilə başa çatıb.

Azərbaycanlı gənclərin təşkil etdiyi bu tədbirdən geniş reportaj Ukrayna telekanallarında  da nümayiş etdirilib.

bastainfo.com

Bir cavab yazın