Polisə çağırılan Müsavat funksionerlərinə hansı xəbərdarlıqlar edilib?

Son günlər bölgələrdə bahalaşma əleyhinə baş verən aksiyalara siyasi don geyindirməyə çalışırlar. Elə bu səbəbdən də bir çox rayonlarda Müsavat Partiyasının sədrləri və bir sıra üzvləri polis bölmələrinə çağırılaraq xəbərdarlıq alıblar. 
 
Maraqlıdır, bölgələrdə vəziyyət necədir? Müsavat sədrləri hansı istiqamətdə xəbərdarlıq alıblar?
 
Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbaslı baş verənləri hakimiyyətin siyasiləşdirdiyini dedi: “Bir il ərzində iki dəfə devalvasiyanın baş verməsi nəinki əhalini, elə dövlətimizi də pis duruma saldı. Əsas məsələlərdən biri əhalinin sosial müdafiəsi ilə bağlı məsələdir. Sumqayıtda, regionlarda Müsavat Partiyasının rəhbər strukturlarının, eyni zamanda partiya sədrlərinin İcra Hakimiyyətlərinə, polis bölmələrinə çağırılmasını hakimiyyətin bu hadisələri  öz aləmində siyasiləşdirməsi meyli hesab edirəm. Halbuki, insanlar internet vasitəsilə özləri ayağa qalxır. Rayonlarda əhali ayağa qalxaraq rüşvətxorluğun aradan qaldırılmasını, bahalaşmaya son qoyulmasını tələb edir. Məni də polis idarəsinin rəis müavini Süleyman Nemətovun yanına dəvət etmişdilər. Mənə xəbərdarlıq olundu ki, müsavatçılar nəzarətsiz qalıb bu cür aksiyaların təşkilində iştirak edə bilərlər. Mən birmənalı olaraq bildirim ki, Müsavat Partiyası qanunlara söykənib fəaliyyət göstərən bir partiyadır. Hər hansı bir aksiyanı təşkil edəndə öncə sərbəst toplaşma haqqında qanununa uyğun olaraq müvafiq icra hakimiyyətinə müraciətimizi edirik. Bu da bütün mətbuatda gedir və məsuliyyətini biz daşıyırıq.
Mənə qəti olaraq xəbərdarlıq edildi ki, sizin hansısa üzvünüz aksiyada iştirak etsə, məsuliyyət sizin üzərinizdə qalacaq. Mən bildirdim ki, Müsavat Partiyasının üzvü də vətəndaşdır və onun hər hansısa aksiyada iştirakına heç kim qadağa qoya bilməz. Bu halda həmin adam məsuliyyəti özü daşıyır. İqtidarın xalqa doğru addım atmaq əvəzinə zorakılıqla bunun qarşısını alması, insidentlərə səbəb olması ürək açan hal deyil. Bu çıxış yolu ola bilməz. İnsanların vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır”.
Müsavat Partiyasının Xaçmaz rayonunun Xudat şəhər təşkilatının keçmiş sədri, Müsavat Partiyasının başqan müşaviri Ramazan Əliyev də polis bölməsinə aparılanlardan olub: “Xudat rayon Polis bölməsinin rəisi Zaur Bayramov və müavini gəlib məni evdən apardılar. Mənə polis bölməsində aksiya keçirilməməsi ilə bağlı xəbərdarlıq etdilər. Mən də dedim ki, biz bu aksiyaların təşkilatçısı deyilik. Biz mitinq keçirmək istəyəndə əyani şəkildə icra başçısına müraciət edirik.
Bölgələrdə bahalaşma, işsizliklə əlaqədar kifayət qədər narazı qüvvə var. Azərbaycanın şimal böləsində “işsizlər ordusu” var. Heç kim işləmir. İnsanların çayxanalarda oturub çay içməyə belə imkanı yoxdur. Əhali sosial problemlər məngənəsində sıxılır. Hökumət siyasi, iqtisadi islahatlar aparmalıdır. Bu baş verməyəcəyi təqdirdə insanların vəziyyəti daha da pisləşəcək. Mən anlaya bilmirəm ki, baş verənlərlə bağlı niyə məhz Müsavat Partiyasını vururlar. Mənə elə gəlir ki, baş verən hadisələr idarəetməyə nəzarətin itməsindən xəbər verir”.
Partiyanın Mingəçevir rayon təşkilatının sədri Nurəddin Rüstəmli onunla rayon icra başçısının söhbət etdiyini bildirdi: “Mingəçevir rayonunun icra başçısı məni çağıraraq söhbət edib və baş verənlərlə bağlı narahatçılığını bildirib. Mən də qanunvericiliyi izah edərək qeyd etdim ki, əgər Müsavat Partiyası mitinq keçirsə, bunu birinci siz biləcəksiniz. Çünki qanunla sizə yazıb yer istəyəcəyik. Mingəçevirdə aksiyaya çağırış vərəqələrinin paylanıldığı deyilir. Mən bunu görməmişəm. Hakimiyyətə məsləhət görərdim ki, Müsavat Partiyasında günahkar ovuna çıxmaqdansa, gömrükdə və digər sahələrdə islahatlara getsinlər. İnsanların aksiya keçirmələrində siyasi səbəb yoxdur. İnsanlar bahalığa, işsizliyə etiraz edir. Ac insan təbii ki küçəyə çıxmalıdır. Hökumət Müsavatın timsalında günahkar axtarmaqdansa, xalqa xeyirli addımlar atsın”.
Müsavat Partiyasının Zaqatala rayon təşkilatının sədri Kamil Xeyrullayev Zaqatalada çörək qıtlığının yaşandığını dedi: “Müsavatçılardan heç kimi polis bölməsinə çağırmayıblar. Amma rayonda narazıçılıq gün keçdikcə daha kəskin şəkildə hiss olunur. Hazırda Zaqatalada çörək qıtlığıdır. İnsanlar mövcud vəziyyətlə bağlı nə vaxtsa “partlamalı” idi”.
Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Fərzulla müsavatçılara qarşı olan təzyiqlərin Masallıdan da yan keçmədiyini dedi: “Müsavat Partiyasının Masallı rayon təşkilatının sədr müavini Rüfət Baxışbəylinin atasına polis bölməsində xəbərdarlıq edilib. Buna isə səbəb Rüfət bəyin sosial  şəbəkələrdəki yazılarında guya əhaliyə çağırış etməsidir. Müsavat Partiyası hər zaman xalqın maraqlarından çıxış edib, etiraz edən xalqın  tələblərini  müdafiə edib. Müsavat  Partiyasının  təkliflər  paketi  ictimaiyyətə  açıqlanıb. Yetər ki, bunun üçün siyasi  iradə olsun.   İnzibati  resurslarla, təqib və təzyiqlərlə  iqtisadiyyat  idarə oluna bilməz. Bu gün  hakimiyyətin siyasəti  həmişə  olduğu  kimi hakimiyyətdən getmə qorxusu  ilə assosasiya  olunur. Bu bir daha göstərir ki, hakimiyyətin özünə əminliyi çox aşağıdır. Demək  böhrandan  çıxmaq  belə  bir siyasətlə  mümkün olmayacaq. Atılan ilk addımlar  elə olmalıdır ki, insanlar bunu bilavasitə gündəlik  həyatında  hiss etsin. İlkin  mərhələdə atılması çox zəruri olan addımlar var. Əvvəlcə əhaliyə yalançı iqtisadi inkişafdan danışmağı dayandırmalı və etiraf etməlidirlər ki, aparılmış siyasət yanlış olub. Sonrakı addımlar ilk  növbədə qiymətlərə  ciddi təsir edən monopoliya, korrupsiya və rüşvətin aradan qaldırılması ilə bağlı olmalıdır. Paralel olaraq  siyasi məhbuslar dərhal azad olunmalı, siyasi və iqtisadi  açılım elan edilməli, parlament  buraxılmalı və demokratik  seçki keçirilməlidir. Hakimiyyətin davranışlarında hələ ki, bunların heç birini müşahidə etmirik. İllərdir iqtisadiyyat hansısa məhdud  çərçivədə idarə olunur. Nəticəsi isə göz qabağındadır. Vəziyyətdən  çıxış yolu yalnız sadalanan addımların hakimiyyət tərəfindən atılması və xalqın  iştirakı ilə mümkündür”.
Günel MANAFLI    
Musavat.com
bastainfo.com

Bir cavab yazın