Qulu Məhərrəmli: “Camaat nə baş verdiyini gözəl bilir”

“Heç kimə sirr deyil ki, susmaq, gerçəyi gizlətmək şayiələrə, bizi bu vəziyyətə gətirib çıxaran yalanlar isə həmişə etirazlara səbəb olur.”
Bunu Moderator.az – a açıqlamasında tanınmış media eksperti, professor Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə, ölkədə baş verən sosial xarakterli etirazların TV – lərdə işıqlandırılmaması TV – lərə inamı daha da azaldır:
“Telekanalların etiraz aksiyaları barədə məlumat verməməsi yanlışdır. Adətən, TV – lər siyasi xarakter daşıyan kütləvi etirazları işıqlandırmaqdan qorxur, amma bunlar siyasi deyil, sosial xarakterli etirazlardır və xalqın bir hissəsi qiymət artımına, xüsusən ərzağın bahalaşmasına münasibət bildirir. Onsuz da müstəqil internet mediası, sosial şəbəkələr bu etirazları gen – bol işıqlandırır. İndi az qala hamının telefonunda bu aksiyaların görüntüləri var. Deməyim odur ki, camaat harada nəyin, niyə və necə baş verdiyini gözəl bilir. Ona görə də TV-lərin bu barədə xəbər verib – verməməsinin heç bir əhəmiyyəti yoxdur. Sadəcə, belə davranış tamaşaçını qıcıqlandırır, TV – lərə inamı daha da azaldır və onların asılılığı ilə bağlı qənaətləri gücləndirir. Bu məsələdə “xalqın və cəmiyyətin tribunası” olmaq üçün yaradılmış ictimai TV daha miskin görünür. Onun ölkənin əsas  problemlərinə göz yumması ictimai yayımın missiyasına ziddir. Əlbəttə, xalqını və dövlətini sevən bir kimsə indiki çətin şəraitdə ölkədə hər hansı narahatlığın olmasını istəməz. Yaranmış çətinliklərdən də heç kim öz siyasi və biznes maraqları üçün istifadə etməməlidir. Bunun üçün TV – lər də daxil olmaqla, bütün media qurumları baş verən hadisələr barədə doğru – dürüst, qərəzsiz, dolğun, qızışdırıcı olmayan məlumatlar verməlidir. İctimai müzakirələr keçirilməli, xalq gedən proseslərlə bağlı ciddi maarifləndirilməlidir.  Heç kimə sirr deyil ki, susmaq, gerçəyi gizlətmək şayiələrə, bizi bu vəziyyətə gətirib çıxaran yalanlar isə həmişə etirazlara səbəb olur.”

Bir cavab yazın