İsa Qəmbərin parlamentdəki tarixi çıxışı üzə çıxdı

İstiqlalşı millət vəkili, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin düz 28 il əvvəl – 20 yanvar 1990-cı il qırğınından bir gün sonra parlamentdə etdiyi tarixi çıxış üzə çıxıb. Bu çıxışı və İsa Qəmbərin öz bloqunda həmin çıxışa dair qeydlərini təqdim edirik:

Kəsilmiş və zədələnmiş video

Gənc dostlarımdan birinin göndərdiyi bu videoya baxdım və həmin günlər bir daha yada düşdü… 1990-cı ildə 21 yanvardan 22 yanvara keçən gecə parlament toplantısında bir neçə dəfə çıxış etmişdim. Məqsəd sadə idi: sessiyanın baş tutmasına və xalqın iradəsini əks etdirən ciddi qərarların qəbul edilməsinə nail olmaq.

Bu çıxışlardan birinin kəsilmiş və zədələnmiş videosunu diqqətinizə təqdim edirəm.

“Qanlı yanvar” günlərindən birində, 26 il əvvəl bu gün – 1990-cı il 21 yanvarda Azərbaycan Ali Sovetinin toplantısı başlandı və kvorum yığıldıqdan sonra rəsmi sessiya başladı. Parlamentin sessiyasının keçirilməsi ideyası AXC rəhbərliyinə aid idi. Əbülfəz Elçibəylə danışdıqdan sonra ağsaqqal deputatlardan Bəxtiyar Vahabzadə və İsmayıl Şıxlının razılığı ilə onların adından bütün deputatları Ali Sovetin fövqəladə sessiyasına dəvət etdik. Yerlərdə AXC rayon şöbələrinin rəhbərləri deputatları inandırdılar ki, mütləq iştirak etmək lazımdır. İnanmaq istəməyənləri maşına qoyub özləri Bakıya gətirirdilər.

Çox çətin vəziyyətdə  toplantı başlandı və gərgin müzakirələrlə davam etdi. Bakını yenidən işğal etmiş sovet silahlı qüvvələri parlament binasını da mühasirədə saxlayırdı. Saat 22-də isə komendant saatı başladı və bizim işimiz bir az asanlaşdı: artıq heç bir deputat binanı tərk edə bilməzdi. Həyəcan, qəzəb və qorxu içində olan deputatlar  emosional çıxışlar edirdi. Hakimiyyətə yaxın olanlar çalışırdılar ki, birincisi, sessiya baş tutmasın, ikincisi, baş tutarsa ümumi söhbətlərlə, dişsiz qərarlarla sessiyanı yola versinlər.

Bir sıra səmimi mövqe tutan deputatların, ziyalıların dəstəyi və zalda olan fədakar cəbhə fəallarının dirənişi  ilə biz həmin şəraitdə mümkün maksimum nəticə əldə etdik. Sessiya baş tutdu və inqilabi qərarlar qəbul etdi: qəbul edilmiş qətnamədə 20 yanvar hadisələri (Bakıya ordu yeridilməsi və dinc əhalinin öldürülməsi) konstitusiyanın kobud şəkildə  pozulması və SSRİ rəhbərliyinin cinayəti kimi qiymətləndirildi. Ordunun Bakıdan çıxarılmayacağı və fövqəladə vəziyyətin ləğv edilməyəcəyi halda Azərbayan Respublikasının SSRİ-dən çıxma prosedurlarına başlayacağı bəyan edildi.