Tofiq Yaqublunun türmədən qaçması üçün “gizli şifrə” FOTO

Nigar Yaqublu «Azadlıq» qəzetinə maraqlı, ancaq çox ağır problemlərdən danışır

O, özü “Kürdəxanı” türməsindən məzundu. 6 ay Kürdəxanıda, 2 il isə məntəqə tipli Cəzaçəkmə müəssisəsində olub. Indi isə 3 ildir zindan həyatı yaşayan atasının həm yolunu davam etdirir, həm də əziyyətini çəkir. Ancaq bu bir övladın təkcə öz atasına borcunu verməsi deyil, daha böyük işdir. Özü də ictimai məzmunlu.

Söhbət Müsavat fəalı, keçmiş siyasi məhbus Nigar Yaqubludan gedir. Zənnimizcə, qəzetimizi ancaq birinci dəfə indi oxuyanlar bu adı tanımaya bilər, qalanları üçün isə bu ad çox şey ifadə edir. Nigar Yaqublu bugünlərdə diqqətçəkən bir ictimai kampaniyası ilə gündəmdədir. O, imkansız məhbuslar üçün geyim əşyaları toplayır. Bu, Azərbaycanda bir ilkdir. Söhbətimiz bu kampaniya barədə olacaq, ancaq iki məsələ də var ki, ona toxunmaq mütləq lazımdır.

Onun hər dəfə 13 saylı cəzaçəkmə müəssisəsinə (Müsavat başqanının müavini, Nigarın atası Tofiq Yaqublu və 10-a yaxın siyasi məhbus Qaradağ rayonundakı bu “zonda” saxlanılır) səfəri virtual aləmdə səs-küy doğurur.  Müəssisənin yollarından onun elədiyi foto-sessiyalar adamda belə təəssürat yaradır ki, müəssisəyə sağ-salamat çatdığı üçün bu xanıma “qorxmazlığa görə” medalı verilməlidir. Çünki, o “türmənin” yolları yol adından başqa hər şeyə uyğun gəlir. Siyasi məhbusların vəkilləri, yaxınları hər ora səfərdən sonra bu problemi qabartsalar da, hələ də laqeydlik davam edir. Anlaşılmır ki, o yolları (yoldumu?) o vəziyyətdə saxlamaqla dustaqların yaxınlarına əlavə sitəm eləmək düşünülüb, yoxsa bu eləcə əhli-kefliyin, saymazlığın nəticəsidir.

Nigar xanım ümidlidir. “Neftin ucuzlaşması bəlkə yolçəkən məmurların ürəyinə insaf salacaq və onlar su qiymətinə düşən mazutdan o türmə yoluna da yaxacaq. Bu onların özünə də faydalıdır, dünyanın işin bilmək olmur, bu böhran günlərində məmurların türməyə düşməyi qaşla-göz arasındadı, bizi düşünmürsünüzsə, heç olmasa öz yaxınlarınızı, sabahınızı düşünün”, deyir Nigar Yaqublu. Məncə də, pis təklif deyil, dəyərləndirmək lazımdır.

– Nigar, məhbuslar üçün paltar toplayırsan, görürəm ki, çağırışına insanlarımız çox yaxşı yanaşdı. Necə yarandı bu ideya? Nəticələr necədi?

– Bu ideya birdən-birə ağlıma gəlmədi. Hər dəfə ata ilə görüşə gedəndə məndən məhbuslar üçün isti geyimlər istəyirdi. Mən də tanışlarımdan onlar üçün isti geyimlər toplamağa başladım. Havanın çox sərt keçməsi və məhbusların isti paltarlara olan ehtiyacı məni vadar etdi ki, bu kampaniyaya başlayım. Artıq 2 həftədir ki, kampaniya davam edir. Nəticələr isə çox yaxşıdır.

– Cəmiyyətin reaksiyasını necə qiymətləndirirsən? Kənardan yaxşı görünür, belədirmi?

– Cəmiyyətdən yaxşı dəstək gördüm. Bu məni daha çox sevindirdi. Hansı cinayəti törətməyindən asılı olmayaraq məhbusların belə soyuq qış günlərində açıq havada və çox nazik geyimlərdə olması onlara işgəncədir.

Isti geyim yardımı edə bilməyənlər belə mənə yazıb bu təşəbbüsə görə təşəkkür edirlər. Hətta xarici ölkələrdən belə yardım alıram.

– Bir az işin texniki tərəfinə toxunmaq istəyirəm. Necə toplayırsan o pal-paltarı?

– Yardım edən kəslərlə görüşüb yardımları götürürəm. Qardaşım Rəhim də bu məsələdə mənə dəstək və yardımçıdır. Ata ilə görüşə gedəndə aparıram 13 saylı Cəzaçəkmə Müəssisəsinə.

– Bu sözü deməyə də tərəddüd edirəm, qorxuram ki, qaş düzəldən yerdə göz çıxarım. Nə yaxşı həbsxana rəhbərliyi bu kampaniyana imkan verib?

– Niyə də imkan verməməlidilər? Əksinə, gərək həbsxana rəhbərliyi mənə təşəkkür etsin. Çünki, bu görülən iş onların da mənafeyinə uyğundur. Məhbusların isti geyimlə təminatı, sağlamlığı birbaşa dövlətin üzərində olan məsuliyyətdir. Biz öz təşəbbüsümüzlə onları soyuqdan, deməli, həm də xəstəlikdən qoruyuruqsa, burda nə qəbahət, xoşagəlməz iş var ki?

– Yoxdur, təbii. Amma o şablon ifadə ilə desək, “burası Azərbaycan”. Məsələn, elə bu yaxınlarda sənin Tofiq bəyə vermək istədiyin bu foto, deyəsən, “təhülkəli material” kimi türməyə keçirilməyə qadağan edilmişdi. Yeri gəlmişkən, o nə foto idi? Bəlkə o fotoda türmədən qaçmağın şirfəli yolları göstərilibmiş?

– Bu çox rüsvayçı hadisə idi, atama da, bizə də əsəb yaşatdı. Mübaliğəsiz deyirəm ki, bu hadisə atamın günahsız həbsi qədər ədalətsiz, bizi incidən bir addım idi. Bu addımı nə üçün atdıqlarını ağıl, məntiq izah eləməkdə acizdir.

– Nə vardı o fotoda?

– O fotonu vəkil Elton Quliyev vəfat edəndən sonra aparmışdım. Elton bəyin bizdə ailə üzvlərimizlə çəkdirdiyi foto idi, orda indi məhbus həyatı yaşayan jurnalist Xədicə Ismayıl da vardı. Bu fotoda türmədən qaçmaq planı yox idi, amma ordakıların hamısı azadlıqsevər insanlar idi. Yəqin, onları da qorxuya salan bu olub. Hər halda bu davranış heç zaman unudulmayacaq bir pislik idi. Bir insanı öz dostlarının rəsminə, nəzərə alsaq ki, onların biri də yenicə vəfat edib, baxmaqdan məhrum eləmək, hansı kitabda, dəftərdə, qanunda var?

– Mən bu suala cavab verməkdə acizəm. Ümidvaram ki, Penitensiar Xidmətin bir cavabı olacaq. Bəs başladığın kampaniya nə qədər davam edəcək?

– Havalar düzələnə kimi. Heç olmasa məhbusların azca da olsa ehtiyacını ödəyənə kimi. Bilirəm, indi cəmiyyətdə insanların durumu çox çətindir. Insanlar çörək pulunu zorla tapırlar. Ona görə bu kampaniyanın bir özəlliyi odur ki, heç bir maddi istək yoxdur. Insanlardan sadəcə evdə geyinilməyən kişi paltarlarını istəyirik.

turme-1

turme-2

13 saylı türmənin daş kəsəkli yol 

tofiq aile

Qadağan olunan foto    

Bir cavab yazın