Ermənilərdən yeni hücum: Yaralı var

Erməni silahlı birləşmələri səhər saatlarından başlayaraq yenidən atəşkəsi pozub. ANS PRESS-in məlumatına görə, qarşı tərəf Azərbaycanın nəzarətində olan yaşayış məntəqələrini atəşə tutub. Ermənistan silahlı birləşmələrinin bu dəfəki hədəfi də dinc sakinlər olub. Əkin işləri ilə məşğul olanlar gülləbarana məruz qalıb. Atılan güllələrdən biri əkin sahəsini sulayan Ağdamın Təzəkənd qəsəbəsində məskunlaşmış Məhəmməd Fərəcovun kürək nahiyəsinə dəyib.
Aldığı güllə yarasından yerə yıxılan 59 yaşlı Məhəmməd Fərəcov təqribən 10 dəqiqə atəşin səngiməsini gözləmək məcburiyyətində qalıb. Daha sonra sürnərək sahədən çıxıb.”Demək olar ki, sulayıb qurtarmışdım. Güllə mənə dəydi. Dəyən kimi də yıxıldım. Sonra ətrafıma çox güllə dəydi, qalxmadım ayağa, atəş səngiyəndən sonra qalxdım. Özüm çıxıb gəldim. Yolda yoldaş var idi, məni çatdırdı xəstəxanaya” – deyə yaralanan Məhəmməd Fərəcov bildirdi.
Ağdam MRX-na aparılan yaralıya tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda vəziyyəti normaldır. Kənd sakinlərinin sözlərinə görə, son 10 gün olar ki, cəbhə xəttində nisbi sakitlik olub. Bu gün səhər saatlarından isə qoşunların təmas xəttində yenidən atəş səsləri eşidilib. Qarşı tərəf əsasən iriçaplı silahlardan istifadə edib. “35-40 dəqiqə iriçaplı silahlardan silah səsləri eşidilirdi. Çox yaxın idi. Dinc əhalini qoymurlar əkin-biçini ilə məşğul olsun”, -deyə qəsəbə sakini Rafiq Hüseynov bildirdi.
Təmas xəttində sükut yalnız Azərbaycan ordusunun qarşı tərəfin mövqelərinə endirdiyi cavab zərbələrindən sonra bərpa olunub.

 

bastainfo.com

Bir cavab yazın