Hamı dua edir

İrəli. Deşiyə. Sətəlcəmə və mənəviyyata doğru

Вперёд. В прорубь. К пневмонии и духовности

Müəllif Aleksandr TVERSKOY

Mən Moskvada yaşayıram. İşə gedəndə  10-a yaxın kilsənin yanından keçirəm. Bu, təkcə mənim yolumun üstündə olanlardır.  Bəzilərinin arasındakı  məsafə heç bir kilometr də olmaz. Bu, təəccüblü deyil – Moskvada məbədlərin sayı 1000-ə qədərdir. Və hələ də yeniləri tikilir. Bunları  “Qızıl” Moskva torpağının hasarları arxasında qapalı və faydasız strukturlar  hesab edirəm və düşünürəm.

Düşünürəm, bu strukturların hansısa çox vacib məqsədi olmalıdır ki, konstitusiyanın ziddinə olaraq onlara pulsuz torpaq ayrılır və hər yerdə onları gözə soxurlar.  Amma… Orada tibbi yardım göstərilmir, uşaqlara və ya böyüklərə təhsil verilmir, ora hansısa sığınacaq və ya tibbi xidmət göstərilən yer də deyil. Orada bunların heç biri yoxdur. Orada ümumiyyətlə, heç nə yoxdur. Əvəzində ora gedib şam yandırmaq olar. Yaxud şam almaq olar. Yaxud da sadəcə, pul gətirmək, orada işləyən adamlara vermək olar. Yox, borc yox, elə belə. Vəssalam. Hərdən bu binanın ətrafında xor oxuyaraq dolanmaq da olar. Bir daha. Pulsuz torpaq, vergi ödəyicilərinin hesabına tikilmiş  milyon dollarlıq evlər…  Yalnız ona görə ki, insanlar ora getsin və şam yandırsınlar.

Və heç kəsi uşaq bağçalarındakı çoxillik növbələr, xəstəxanaların kəskin çatışmazlığı maraqlandırmır. Bundan  sonra  məbədə getmək, gözəgörünməz varlıqdan sağlamlıq və pul xahiş etmək olar.  Нeç kəs narahat deyil.  Hamı dua edir. Və siz soruşursunuz ki, niyə mən bu xalqa belə münasibət göstərirəm? Axı o məqsədsiz bir əşya kimidir?! Onun cəhalətinə görə Rusiyada həyat belədir.

Bizdə axı hamıdan yaxşı  tibb, təhsil, elm var. Bütün planetdə öndə gedirik. Həyat səviyyəsi gözəldir. Niyə də boş vaxtlarımızda məbədə getməyək? Hə, mən işə gedirkən bu mənasız insanları – ora gedib pullarını qoyan, boz, küt, simasız insanları görürəm və düşünürəm –  siz cəhənnəmdə itəcəksiniz, uşaqlar, siz bu həyata layiqsiniz. Sizin azadlığınız və layiqli həyatınız uğrunda  insanlar həbsdə oturublar, ölürlər. Siz isə şam yandırmağa tələsirsiniz. Öz murdar ruhunuzu xilas etməyə çalışırsınız. Irəli. Qaranlıq dəliyə doğru. Xəstə mənəviyyata doğru. Burada heç kimə görə təəssüf hissi keçirmirəm. Nə təqaüdçü, nə işdən atılmış, nə də həyatın hər hansı bir işgəncəsini almış olsun. Bu onların bədbəxtliyidir. Niyə mən havasızlıqdan ölən balıqlara görə kədərlənməliyəm? Mənim təəssüfüm, kəskin narazılığım, sərhədsiz ağrılarım yalnız  həqiqət,  haqq uğrunda əziyyət çəkənlərə görədir. Amma onlar çox azdır. Və bir də heç bir günahı olmayan uşaqlar, əlbəttə, heyifdir. Hərgah, onlar da çox tezliklə   günaha batacaqlar.

Rus dilindən Heybət Əmrah çevirdi

bastainfo.com

 

Bir cavab yazın