İşdən çıxarılan gənc Müsavatdan kömək istədi

Yanvarın 19-da Azərişıq ASC-nin sədri Balababa Rzayev Şirvan, Hacıqabul, Lənkəran və digər elektrik-şəbəkələrdə işçiləri kollektiv şəkildə xəbərdarlıq etmədən işdən azad olunması barədə əmr imzalayıb.

 

İşdən azad olunlardan biri Ramil Ramiz oğlu İbadov bununla bağlı Müsavat Partiyasına müraciət edərək, işə bərpa olunmaq üçün kömək istəyib. Ramil İbadov müraciətinin surətini “Basta”ya göndərib.

Şikayəti təqdim edirik:

“Azərişıq ASC-nin sədri B.Rzayev məni də işdən çıxarıb. Vəziyyətim çox pisdi. Atam 1997 – ci ildə xərcəng xəstəliyindən vəfat edib, anam evdar qadındı və evin böyük oğlu olduğumdan qardaş və bacılarımı saxlamaq üçün 9-cu sinifdən işləməyə başlamışam. Sonra 2009-cu ildə “Azərişıq”a işə düzəldim. 2015-ci ilin aprelinə kimi Azərenerji ASC-nin Şirvan Eketrik Şəbəkəsində işləmişəm, aprelin 13-dən Azərişıq ASC yaranan kimi dispetçer xidmətinə texnik kimi transfer olunmuşam. Bir təhər dolanıb keçinirdik. İndi də məni və digər işçiləri işdən çıxardılar. İşdən azad edilmə xəbərini iş yoldaşlarımla 20 Yanvar faciəsini anım günü Şəhidlər Xiyabanında olarkən zəng edib dedilər. Xahiş edirəm bu məsələni ictimailəşdirərək işə bərpa olunmağıma bizə yardımçı olasınız. Tək ümüdim sizədi. İnşallah, Sizin sayənizdə işə bərpa olacağımı düşünürəm.

Bu şikayətlə əlaqədar Cənub Regional Elektrik Təchizatı Satış İdarəsinin direktoru Əbülfət Paşayevə müraciət etdik. “Basta”nın sualını cabablandıran Əbülfət Paşayev Ramil İbadovun və digərlərinin işə bərpa olunmasının mümkünsüz olduğunu dedi: “Onlar bizə lazım olmayan işçilərdi. Müqavilələri başa çatıb və lazımsız işçilər olduğu üçün yeni müqavilələr bağlanmayıb. Əvvəlcədən xəbərdarlıq edilməklə işdən çıxarılıblar”.

Yazını Rüfət Baxışbəyli hazırladı

Bir cavab yazın