Mehman Əliyev: “Görünür ki, Müsavat ciddi hazırlaşır”

“Müsavat Partiyası planını açıqlayıb, görünür ki, partiya bu prosesə ciddi hazırlaşır”, – bu sözləri “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev Kanal 13-ə müsahibəsində Azərbaycandakı böhran şəraitində müxalifətin görəcəyi işlərə dair jurnalistin sualını cavablandırarkən deyib.

Müsavatın Divanı partiyanın 2016-cı il üçün fəaliyyət planını təsdiqləyib. Mətbuat xidmətindən yayılan sənəddə deyilir ki, Müsavat 2016-cı ili dəyişikliklər üçün mühüm il elan edir:

“Son illər hakimiyyətin apardığı yarıtmaz siyasət nəticəsində Azərbaycan dövləti bir tərəfdən beynəlxalq aləmdən, mütərəqqi dünyadan təcrid vəziyyətinə gətirilib, digər tərəfdən isə dərin iqtisadi böhranla üzləşib. Bu cür siyasətin məntiqi nəticəsi olaraq Əliyev hakimiyyətinə qarşı həm beynəlxalq birliyin, həm də ölkə ictimaiyyətinin təzyiqi artmaqdadır. Hadisələrin inkişafı göstərir ki, Azərbaycanda vəziyyətin dəyişməsi labüddür və bu dəyişikliklərin məhz 2016-cı ildə baş verəcəyini düşünmək üçün ciddi əsaslar var. Müsavat Partiyası bu dəyişikliklərin dövlətimizin və cəmiyyətimizin mənafeyinə uyğun olması üçün bir sıra tədbirlərin həyata keçirilməsini vacib sayaraq 2016-cı ili dəyişikliklər üçün mühüm il elan edir”.

Fəaliyyət planında partiyanın strukturları arasında iş bölügüsü aparılıb, təxmini təqvim müəyyən olunub, fəaliyyət istiqamətləri və görüləcək işlər sadalanıb.

 

bastainfo.com

 

Bir cavab yazın