Sumqayıtlı oliqarxlar kimlərdi ?

Bir müddət bundan öncə Sumqayıtda vaxti ilə qanunsuz tikilən bir neçə obyekt söküldü və “ssenari”də bu söküntü əməliyyatının davam edəcəyi göstərilirdi. Ancaq sonradan burada da yanlışlığa yol verildiyi bildirildi. Belə ki, şəhərin “Sülh” küçəsində yerləşən ticarət obyektlərinin bir neçəsinin söküləcəyi barədə informasiyalar yayılsa da, artıq söküntü işləri demək olar ki, tikinti işləri ilə əvəzlənib. Söküləcəyi deyilən bəzi yarımçıq qalan obyektlərdə tikinti işləri aparılır.
İcra Hakimiyyətindən rəsmi olaraq bildirilmişdi ki, şəhərin simasının daha gözəl şəkildə dəyişməsinə, xüsusən də şəhər əhalisinin rifahına xidmət edən bu möhtəşəm işlər hər bir Sumqayıt sakinin ürəyincədir. Lakin bütün bunlara baxmayaraq Sumqayıtın mərkəzi küçələri daxil olmaqla bəzi ərazililərdə şəhərin baş planına uyğun olmayan, həmçinin memarlıq və mənzil istismar qaydalarını kobud şəkildə pozan, magistral qaz, su, kanalizasiya borularının və telekommunikasiya xətlərinin üzərində tikilmiş bir çox qanunsuz obyektlər fəaliyyət göstərməkdədir. Xüsusi ilə də şəhərin giriş hissəsi sayılan “Sülh” küçəsi istiqamətində, “Ən Ucuz Market” adlanan ticarət mərkəzi də daxil olmaqla Heydər Əliyev prospektinə qədər olan ərazidə yerləşən obyektlər qanunsuz tikilən obyektlərin cərgəsinə daxildir.
Eləcə də rəsmi məlumatda o da qeyd edilib ki, “bununla yanaşı, Sülh küçəsinin hərəkət zolağında avtomobillərin qeyri-qanuni park edilməsi, həmin yolda tıxacların yaranmasına və əhalinin avtomobil yollarından keçməsində ciddi problemlər yaradırdı. Şəhər sakinlərinin haqlı narazılığına səbəb olan bu məsələnin həlli istiqamətində ilkin olaraq “Sülh” küçəsində avtomobillərin yol kənarında park edilməsi qadağan edilmişdir. Lakin atılan bu addım da problemi birdəfəlik həll etməmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu problemin yaranmasının əsəs səbəbi, hələ Sovetlər Birliyi dönəmindən “Sülh” küçəsində məhz avtodayanacaq kimi fəaliyyət göstərmiş ərazidə “Cavid” ticarət mərkəzi adlanan qeyri-qanuni obyektin tikilməsidir. Bu barədə dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə vətəndaşlardan həm fərdi, həm də kollektiv şəkildə şikayətlərin daxil olmasını da xüsusi vurğulamaq lazımdır. Məhz bunları nəzərə alan Sumqayıt şəhər İcra Hakimiyyəti bütün bu problemlərin aradan qaldırılması məqsədilə qeyri – qanuni tiklən “Cavid” ticarət mərkəzinin sökülərək yerində müasir tipli avtodayanacağın tikilməsini zəruri sayır”.
Qeyd edək ki, hətta “Ən Ucuz Market” tamamilə boşaldılmış, polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılırdı. Eləcə də sözügedən obyektin sökülməsi üçün əraziyə texnika da gətirilmişdi. Ancaq indi vəziyyət tamamilə fərqlidir. “Ən Ucuz Market” “yarımçıq” qalan ömrünü davam etdirmək niyyətindədir. Bu arada moderator.az -ın əldə etdiyi məlumata görə, market fəaliyyətini yenidən bərpa etdirəcək. Bu lap yaxşı…Sadəcə bizi bir məsələ düşündürür, az bir müddətdə bu “yekəlik”də qərarı dəyişməyə səbəb nədir… Aparılan müşahidələr onu göstərir ki, görünür şəhər rəhbərliyi söküntülərlə bağlı qərarını dəyişib. Qərarın dəyişməsinə səbəb isə söküntülərə görə sahibkarların və burada çalışanların ciddi narazılıqları ilə əlaqələndirmək olar. Bunu həm də son günlərdə manatın devalvasiyası səbəbindən narazılıq dalğasının genişlənməsi ilə də əlaqələndirmək olar. Həmçinin əvvəlcədən də söz-söhbət gəzirdi ki, sumqayıtlı oliqarxlarla Zakir Fərəcov bacara bilməyəcək. Sabiq icra başçıları Təvəkkül Məmmədov, Vaqif Əliyev, Eldar Əzizov bacara bilmədiyi kimi…

 

bastainfo.com

Bir cavab yazın