Xarici şirkətlər Azərbaycandan qaçır

Ötən iki ildə onlarla kompaniya Bakıdakı nümayəndəliyini bağlayıb
Əcnəbi sərmayəçilər ölkəni tərk edir, iş yerləri bağlanır, işsizlik statistikası isə dəyişmir
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı il yanvarın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4915,3 min nəfər olub, onlardan 4671,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olanlar təşkil edib. 2015-ci il dekabrın 1-nə muzdla işləyənlərin sayı 1504,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 879,4 min nəfər, qeyri-dövlət sektorunda isə 624,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,5 min nəfər, qeyri-neft sektorunda 1469,5 min nəfər çalışıb. 2016-cı il yanvar ayının 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,9 min nəfər olub. İşsizliyə görə müavinətin orta məbləği 262,3 manat təşkil edib. Azərbaycanda məşğulluq xidməti orqanları tərəfindən rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2015-ci il yanvarın 1-nə 28,7 min nəfər, işsizliyə görə müavinətin orta məbləği 289,2 manat olub. 2014-cü il fevralın 1-nə isə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,5 min nəfər, işsizliyə görə müavinətin orta məbləği 256,1 manat təşkil edib.
Əslində ölkədə işsizlərin sayı bundan qat-qat çoxdur. Komitə məşğulluq mərkəzlərində qeydiyyatda olanların siyahısını verir. İşsizlik müavinətini alanların sayı isə 1500 civarındadır. Bu müavinəti almaq elə asan deyil, əvvəlcə bir iş yeriniz olmalıdır ki, onu itirdiyiniz vaxt status ala biləsiniz. İnsanın bir yerdə işlədiyini əmək kitabçası sübut edir. Metro çıxışlarında xırda ticarətlə məşğul olanların əmək kitabçası varmıydı ki, onların işi dayandıqdan sonra iş axtarmaq üçün məşğulluq mərkəzlərində qeydiyyata dursunlar? Ya da bu gün başqa ticarət obyektlərində hansı sahibkar işçisinə əmək kitabçası açır? Bu məntiqlə yanaşanda ölkədə işsizlərin sayı verilən rəqəmlərin qat-qat üstündədir və son iki ildə ticarət obyektlərinin kütləvi şəkildə bağlanması ilə bu rəqəm artmalıydı. Amma əksinə, get-gedə işsizlərin sayı daha az göstərilməyə başlayıb.
Davamlı devalvasiya məşhur iş adamını da “bıkdırdı”
 
Bundan başqa, nəzərə alaq ki, son vaxtlar çoxlu sayda xarici şirkət ölkəmizi tərk edib və arxalarınca da bir işsiz ordusu buraxıb. Təkcə son bir həftədə üç xarici şirkət fəaliyyətini dayandırdığını elan edib. Vergilər Nazirliyinin rəsmi orqanı olan “Vergilər” qəzetinin yazdığına görə, Fransanın “Technip Maritime Overseas LTD” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Şirkət neft avadanlıqlarının emalı, boru kəmərlərinin tikintisi ilə məşğul olurdu. İtaliya şirkəti “Maccaferri Azerbaijan” MMC də ləğv olunduğunu elan edib. Şirkət mülki və ətraf mühitdə mühəndislik, müdafiə işlərinin görülməsi, xüsusən də torpaq möhkəmləndirilməsi, drenaj sistemləri, sualtı boru kəmərinin qorunması, tunelin bərkidilməsi, qaya-sürüşmədən mühafizə torlarını quraşdırma, texniki həllərin satışı və təchizatı sahəsində ixtisaslaşıb. “Anel Telekomunikasyon Elektronik Sistemləri Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı filialı ləğv olunub. Şirkət 18 ay ərzində Bakı Olimpiya Stadionunda elektrik və mexanika işlərini görüb. Bu gün belə bir məlumat yayılıb ki, Azərbaycanda monopolist kimi tanınan “Azersun Holding”in sahibi Abdolbari Goozal da getmək fikrindədir. Halbuki, devalvasiya iş adamını o qədər də “vurmamalıydı”, istehsal etdikləri məhsulun qiymətini 30% qaldırıb. Vaxtilə Azərbaycanda təməlli yerləşməyi qarşısına məqsəd qoyan iş adamı, Holdinqə daxil olan əksər müəssisələrin səhmlərini payçılarından satın almışdı, özü də bu qədər məhsul istehsalına rəğmən səhmdarlara dividend vermir. Qiymət siyasəti ilə ajiotaj yaradan iş adamı görünür barəsində səslənən tənqidi fikirlərdən “inciyib” və gedəcəyi ilə “hədələyir”. Özü hələlik bir açıqlama verməyib.
Aşağı rentabellik, bürokratik əngəllər və korrupsiya onları uzaqlaşdırıb
 
Yola saldığımız ildə bir sıra nüfuzlu şirkətlər Azərbaycandan gedib. Keçən ilin dekabrında Fransanın “Geoservices S.A.” şirkətinin ölkəmizdəki nümayəndəliyi fəaliyyətini dayandırıb. Mərkəzi ofisi Parisdə yerləşən müəssisə “Schlumberger Ltd.”nin törəmə şirkətidir. Britaniyanın “Amec Process & Energy Limited” şirkətinin Bakıdakı nümayəndəliyi də bağlanıb. Hər ikisi enerjidaşıyıcılarının hasilatı, geoloji-kəşfiyyat, injinirinq və servis sahələrində fəaliyyət göstərirlər. “Austrian Airlines” şirkəti Azərbaycana olan bütün uçuşları ləğv etdiyini bildirib, şirkətdən Bakı ofisini bağlamağı uçuşların rentabelli olmaması ilə izah ediblər. Bir müddət əvvəl Macarıstanın “Wizzair” şirkəti də ölkədən məcburən getdiyini bəyan etmişdi. Ortada bürokratik əngəllərdən tutmuş, yüksək qiymətlər tətbiq etməyin tələb olunduğu iddialar vardı. Hüquqşünas Aslan İsmayılov “Palmali Hava Taşımacılığı A.Ş.”nin sahibi Mübariz Mənsimovun da Azərbaycandan getməsini “Azərbaycan Hava Yolları”nda rüşvətxorluq və korrupsiya ilə əlaqələndirib. Almaniyanın “DEA Deutsche Erdoel AG” şirkətinin Azərbaycandakı filialı da bağlandığını elan etmişdi. Mərkəzi Hamburq şəhərində yerləşən şirkət xam neftin və təbii qazın kəşfiyyatı, hasilatı üzrə əməliyyatlar aparır. Şirkət Türkmənistandan da çıxdığını elan edib. Səbəb kimi bürokratik əngəllər və korrupsiya amillərinin mövcudluğu göstərilib.
Neft şirkətləri yüksək investisiya xərcləri olan riskli layihələri tərk ediblər
 
Norveçin neft-qaz nəhəngi “Statoil Azərbaycan” “Şahdəniz” qaz yatağının işlənməsi üzrə konsorsiumdakı payını bütünlüklə Malayziyanın “Petronas” şirkətinə sataraq ölkəni tərk edib. Norveç mətbuatı yazırdı ki, “Statoil” və “Petronas” “Şahdəniz”dəki 15,5 faizlik payın alqı-satqısına dair sövdələşməni yekunlaşdırıb. Sövdələşməyə əsasən “Statoil” Cənub Qafqaz Kəmərləri Şirkətindəki (SCPC) 15,5 faizlik payını da satıb. Bununla da “Statoil” Azərbaycanın Avropa üçün yeganə alternativ mənbə olan iri qaz yatağını, eləcə də qazın Avropaya nəqlinə yönəlmiş infrastruktur layihələrini tərk etmiş olur. Şirkətin menecmenti bunu “aktivlərin idarə edilməsinin optimallaşdırılması” ilə əsaslandırıb. Analitiklər “Statoil”un bu layihəni tərk etməsinin səbəbini yatağın ikinci fazasından hasilatın başlaması və qazın Avropaya nəqli üçün tələb olunan investisiyaların həcminin böyük olması ilə izah edirdilər. Konsorsiumda operatorluq SOCAR-a keçib. SOCAR Prezidenti Rövnəq Abdullayev bildirib ki, “Statoil” “Şahdəniz” layihəsini tərk etsə də, “Azəri-Çıraq-Günəşli” və digər layihələrdə əsas tərəfdaşlardan biri olaraq qalır. Bundan əvvəl Fransanın “Total” şirkəti də “Şahdəniz” və TAP kəməri layihəsindən çıxmışdı. Avropa şirkətləri investisiya xərclərinin həddən artıq yüksək olduğunu və riskləri nəzərə alaraq bu layihəni tərk edirlər.
“BP-Azərbaycan” şirkətinin podratçısı olan ASCO şirkətinin də Azərbaycanı tərk etdiyi bəyanatı verilmişdi. Şirkətin funksiyasını isə “Boss Şelf”in həyata keçirəcəyi bildirilirdi. Azərbaycanda “ASCO Caspian Holding” adı altında nümayəndəliyi fəaliyyət göstərirdi. Şirkət BP-nin başçılıq etdiyi beynəlxalq konsorsiumun əsas podratçılarından  biri idi və dəniz neft-qaz platformalarının tikintisi, materialların alınması, mühəndis və logistika xidmətləri ilə məşğul olurdu. “Şahdəniz-2” yatağının işlənməsi çərçivəsində sifarişlərin “Bos Shelf”ə verildiyi, nəticədə ASCO-nun işsiz qalaraq ölkəni tərk edəcəyi proqnozlaşdırılırdı. Şirkətdə 400-ə yaxın işçi çalışırdı və onların əksəriyyəti Azərbaycan vətəndaşları idi.
Azərbaycanda irimiqyaslı rüşvət və korrupsiya ilə üzləşdilər
 
Keçən il ölkəni tərk edən təşkilatlardan biri də İtaliyanın “Todini” şirkətidir. Dünya Bankının maliyyə dəstəyi və “Azəryolservis” ASC-nin sifarişi ilə Ələt-Astara yolunu inşa edən şirkət layihənin icrasına 2011-ci ildən başlayıb. Şirkətdə 600 nəfər çalışırdı. Onun da 480 nəfəri salyan sakini olub. “Todini”nin xarici vətəndaş olan 20-yə yaxın işçisi də aylıq 500-1000 manata kirayədə yaşayırmış ki, bu da yerli əhalinin dolanışığına müsbət təsir göstərən amil imiş. “Todini” rəsmisi şirkətin Azərbaycandan köçməsinin səbəbini sifarişçi “Azəryolservis” ASC ilə aralarında yaranmış problemlərlə izah edib. Bildirib ki, iş prosesində sifarişçi qurum tikilən körpülərin yükgötürmə gücünü artırmaq üçün xarici şirkətə layihədə nəzərdə tutulmayan əlavə işlər gördürüb. Sonradan həmin işlərə sərf olunmuş vəsait “Todini”yə ödənilməyib. Ölkədə ən iri mobil rabitə şirkəti “Azercell”in səhmlərinin 38,1%-nin sahibi olan İsveçin telekommunikasiya nəhəngi “TeliaSonera” şirkəti Orta Asiya və Azərbaycanın mobil rabitə bazarlarında üzləşdiyi irimiqyaslı rüşvət və korrupsiya qalmaqalından sonra Avrasiya ölkələrindən çəkiləcəyini elan edib. Şirkət “Azercell”dəki payı da daxil olmaqla bu region ölkələrindəki aktivlərini satışa çıxarmışdı. Qurum bu məlumatın Nepal, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Gürcüstan, Moldova və Tacikistana aid olduğunu bildirib. Dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan “Telia Sonera” şirkətlər qrupunun işləri Azərbaycanda da vacib yer tuturdu. BBC-nin də ölkəmizdəki fəaliyyətinə xitam verəcəyi hələ keçən ilin sentyabrında anons edilib. Məlumatda deyilirdi , 6 ay ərzində BBC Monitorinq Azərbaycandakı fəaliyyətinə xitam verərək Tiflis şəhərinə dislokasiya olunur.
Milli valyutasının dəyərsizləşməsi sərmayəçilərin fikrini dəyişdirdi
 
İsveçin vaqon istehsalcısı “Stadler Rail” şirkəti Azərbaycanda zavod tikməyi planlaşdırırdı. İlkin olaraq 200-250 iş yeri açılacaqdı. İxrac üçün də fikirləri vardı. İsveçrədə çıxan “Tages Anzeiger” qəzeti yazıb ki, şirkətin rəhbəri Peter Spuhler növbəti 10 ildə 1.8 milyard frank dövriyyə qazanacağına ümid edirdi. “Stadler Rail o zamanlar Azərbaycanda yerli şirkətlə əməkdaşlığa razılaşmışdı və ümumi nəzarət paketinin 51%-nə nəzarət etməliydi. 2016-cı ildə zavod istifadəyə verilməliydi. Spuhler deyirdi ki, yerli istehsalı kənara çıxarmaq ücün yeni bazarlar əldə ediləcək”. Amma əməkdaşlıq baş tutmayıb. Şirkət rəsmisi bildirib ki, Azərbaycan tərəfi kooperativ əməkdaşlığı arzulamır. “Stadler”in rəsmi təmasda olduğu qurum “International Railway Distribution LLC” adlı Azərbaycan firmasıdır. Araşdırmalar zamanı məlum olub ki, heç bir sey deməyən bu adın arxasında nəqliyyat naziri Ziya Məmmədovun oğluna məxsus Garant-Group adlı holdinq durur. Qəzet bu layihənin baş tutmamasının əsas səbəbi kimi Azərbaycanın milli valyutasının dəyərdən düşməsi və nəqliyyat nazirinin nüfuzunu itirməsiylə izah edib.
Türkiyənin “Elvan” şirkəti rəhbəri Hidayet Kadiroğlu Azərbaycanda istehsalı dayandırmalarının səbəbini gəlirliyin azalmağa başlaması ilə izah edib. “Elvan” qrupunun fabriki Buzovna qəsəbəsində yerləşirdi, “Türk-Azeri Qida Sənaye” adı ilə fəaliyyət göstərirdi. Məhsullarını dünyanın 148 ölkəsinə ixrac edən şirkət Misirdə 50 milyon dollara yeni fabrik qurub. “Travelers Coffe” kafelərinə sahib tanınmış ABŞ brendi də Azərbaycandakı nümayəndəliklərini və kafelərini bağladı. Kafe müəmmalı şəkildə “əl dəyişdirdi”.
H.HƏMİDOVA, Bizim yol

Bir cavab yazın