Avropa Məhkəməsində  Arif Hacılı və Fuad Qəhrəmanlını BMT-nin xüsusi məruzəçisi müdafiə edəcək

“Avropa Məhkəməsi yeni qərarlarını elan edəcək. Avropa Məhkəməsindən aldığım məktubda bildirilir ki, azadlıq və şəxsi toxunulmazlıq, ədalətli məhkəmə araşdırılması, ifadə və sərbəst toplaşma azadlıqlarının pozuntusu ilə bağlı göndərdiyim şikayətlərdən 5-i üzrə fevralın 12-də qərarlar elan olunacaq”.

Bu məlumatı tanınmış vəkil Əsabəli Mustafayev açıqlayıb. Fevralın 12-də qərarı veriləcək ərizəçilər İbrahim Əhmədzadə, Cəmil Hacıyev, Elşən Səlimov, Emin Fərhadi və Ağasif İbrahimovdu.

Məlumata görə, yaxın iki həftə ərzində həmçinin İlham Hüseynlinin və Nəsrulla Məmmədlinin işi üzrə qərarlar elan ediləcək. Qərarların ərizəçilərin xeyrinə olacağı gözlənilir. 

Əsabəli Mustafayev həmçinin vurğulayıb ki, fundamental azadlıqların hüquqi müdafiəsi artıq beynəlmiləlləşib: “Məlumdur ki, Avropa Şurasının İnsan hüquqları üzrə komissarı, bir sıra tanınmış beynəlxalq QHT-lər Avropa Məhkəməsində aparılan bəzi işlərdə üçüncü tərəf olmaq istəklərini bildiriblər. Jurnalist Xədicə İsmayılın müdafiəsinə amerkalı vəkil qoşulub. Hüquqlarını müdafiə etdiyim Arif Hacılı və Fuad Qəhrəmanlının işinə 3-cü tərəf qismində BMT-nin xüsusi məruzəçisi cənab Maina Kiai və Jenevrədə yerləşən Ghent Universitetinin İnsan Hüquqları Mərkəzi qoşulub və iş üzrə artıq rəylərini təqdim ediblər. Mən bu gün rəyə cavabımı göndərdim”.

Vəkil qeyd edib ki, onun apardığı işlərdən təqribən 85-i üzrə kommunikasiya qutarıb: “Bizim dildə desək, bu işlər üzrə hakimlər müşavirəyə gediblər. Aydındır ki, bu işlərin hamısı üzrə birdən qərar qəbul edə bilməzlər. Xüsusilə də nəzərə alsaq ki, digər hüquqşünasların da göndərdiyi və kommunikasiyası yekunlaşmış işlər vardır”.

Bastainfo.com

Bir cavab yazın