Ekspert: İntiharların artmasının əsas səbəbi bank borclarıdır


Axır vaxtlar demək olar ki, hər gün yeni bir intiharın, özünəqəsdin şahidi oluruq. İntihara aparan depressiyanın əmələ gəlməsinə səbəb nədir? Depressiv dövrdə   necə davranmalı? Mütəxəsisə müraciət etməli, yoxsa insanın özü bu ağır psixoloji halından xilas olmalıdı? Bu və digər suallarla
psixoloq Limunət Əmrahlıya müraciət etdik.

– Depressiyanın yaranma səbəbləri haqqında müxtəlif izahlar verilir, lakin nəticə eynidir – insanın düşdüyü ağır psixoloji durum: özünəqapanma, ünsiyyətdənqaçma, yuxuya meyillilik, iştahasızlıq, bu vəziyyətin yaxşılığa doğru dəyişə bələcəyinə inamsızlıq, ümidsizlik, həyati tələbatların zəifləməsi, fəaliyyət motivinin itməsi. Depressiya vəziyyətində insanlar belə düşünür: “Hər şey bitdi”, “Artıq yaşamağa dəyməz”, “Mənim yaşayıb-yaşamamağımın heç bir mənası yoxdur”, “Ölsəm bundan yaxşıdır”, “Bir də özümə gələ bilmərəm” və s. Bu vəziyyətdə qalmaq da depressiyaya düşmüş insanlar üçün çətinliklər yaradır. Daxili aləmdə panika, şəxsiyyətdaxili münaqişə vəziyyəti yaranır. Sonda bəziləri bu vəziyyətdən canını qurtarmaq üçün intihara əl atırlar.

– Depressiya faktorunu bölgələşdirmək olarmı?

– İndiki vəziyyətdə, yəni iqtisadi böhranın yaratdığı depressiya vəziyyəti bölgələrdə şəhərdə yaşayan vətəndaşlarımızdan heç də az deyil, çünki onların bank borclarını ödəmək imkanları daha məhduddur. Digər tərəfdən, onlar ictimai qınaqdan. yaxın insanların danlağından, bank işçilərinin hədələyici təhdidlərindən daha çox psixoloji gərginliklər yaşayırlar.

– Müşahidə etdiyimiz depressiyaların, intiharların səbəbi daha çox maddi şətinlik, ailə münaqişəsi, qısqanclıq yoxsa , psixi problemlərdən əmələ gəlir?

 – Son 1 ayda baş verən intiharların iki əsas səbəbi var. Birinci yerdə bank borcları durur. İkinci səbəb, lakin az faizlə şəxsiyyətlərarası və şəxsiyyətdaxili münaqişələrdən qaynaqlanır

– Böhranla qarşılaşan insanlar intihardan qaçmaq üçün nə etməlidirlər?

– Bunun bir neçə yolu var. Birincisi problemin həllini zamana buraxmaqdır. Bu ərəfədə insan özünümüdafiə sistemini möhkəmləndirməli, düşüncələrini aydınlaşdırmalı, gələcəkdə necə hərəkət edəcəyi ilə bağlı mütəxəssislərdən məsləhətlər almalıdır və s. Bu sahədə, təbii ki, hüquqşünas, psixoloq yanında olmaq daha münasibdir. Əgər yaxın ətrafda belə mütəxəssislər yoxdursa, mətbuatdan, sosial şəbəkələrdən istifadə edərək onların koordinatlarını tapmaq, telefondan, onlayn xidmətlərdən, istifadə etmək olar. İkinci yol həkimə psixiatra müraciət etməkdir. Vəziyyəti yüngülləşdirmək üçün depressiyaya qarşı sakitləşdirici dərmanlar qəbul etmək olar. Digər bir yol ictiami fəallıq göstərmək, oxşar problemləri olan insanların yanında olmaq, çıxış yollarını birlikdə axtarmaqdır. Bir sözlə, insan həyatı çox dəyərlidir. Onu bir litr benzinlə, iki-üç metr iplə dəyərsizləşdirmək zəiflikdir. Axı problem bununla həll olunmur. Məsələn, son dövrlər bank borclarına görə intiharların sayı durmadan artır. Bəs o pulları kim verəcək. Kimsə zamin durub. Kiminsə arxasında yetim övladlar, yaşı valideynlər qalır. Deməli problem həll olunmalı və bunun yoları axrarılmalıdır. Yol isə həmişə var. Təki can sağlığı olsun.

 Könül Alı, Bastainfo.com

Bir cavab yazın