“Əli İnsanovun şəkli Müsavatın qərargahında nə gəzir?” – İsa Qəmbərin cavabı…

Nida Vətəndaş Hərəkatının təşəbbüsü ilə fevralın 14-də Müsavatın qərargahında keçirilən toplantıda mühazirəçilər postəliyev dövründə aparılmalı olan islahatlar haqqında öz baxışlarını açıqladıqdan sonra, onlara çoxsaylı suallar ünvanlanmışdı.

Toplantının mövzusundan kənara çıxan bitərəf gənclərdən biri əlini Müsavatın akt zalında olan siyasi məhbusların şəkillərinə uzadaraq, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərə “Evindən qızıl tualet çıxan Əli İnsanovun şəkli Müsavatın qərargahında nə gəzir”, – sualı ilə müraciət edib.

İsa Qəmbərin cavabı ilginc olub: “Biz hüquqları pozulan hər bir insanı müdafiə edirik. Bizə əvvəl irad tutulurdu ki, niyə bütün siyasi məhbusların şəkillərini yerləşdirmirsiz… Əli İnsanov siyasi məhbusdur. Onun siyasi məhbus olmasını Avropa İnsan Hüquqları Məhkəməsi tanıyıb. Və biz siyasi məhbusların şəkillərini burada yerləşdirərkən onların tualetlərinə diqqət yetirməyi lazım bilmirik. Detallara keçsək, Əli İnsanov dövlət çevrilişi cəhdində ittiham edilərək həbs olunmuşdu, sonra ittihamlar dəyişdi. Sonra isə Əli İnsanov həbs olunan digər iqtidar nümayəndələrindən fərqli olaraq,  xalq dilində desək, kişi mövqeyi ortaya qoydu. Məhkəmədə sınmadı, zindanda sınmadı. Bu yaşda insan uzun müddət öz mövqeyini müdafiə etdi, özünün mənliyini, şəxsiyyətini müdafiə etdi. Və ən azı Əliyev rejiminin məmurlarına göstərdi ki, İlham Əliyevlə razılaşmayıb öz şəxsiyyətini qorumaq mümkündür. Ən azı bunu qiymətləndirmək lazımdır. Bütün bu detallar bir yana, mən qısaca yenə deyirəm ki, biz hüquqları pozulan hər bir şəxsi müdafiə etmişik, edirik və edəcəyik. Burda çox adamların şəkli var. Nemət Pənahlının da şəkli var. 90-cı ildən bu günə qədər mənə qarşı, Müsavata qarşı, Cəbhəyə qarşı mübarizə aparıb. Sonuncu dəfə parlament seçkilərində guya alternativ idi, bizim ünvanımıza nə yalanlar, nə böhtanlar yağdırdığı yadınızdadır. Amma fakt budur ki, hakimiyyət onu siyasi motivlərlə həbs edib, ona görə də Nemət Pənahlının və başqa siyasi məhbusların şəkilləri burdadır”.

Mustafa Hacıbəyli, bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: