İsa Qəmbər: “Araz Əzimova təşəkkür düşür, çünki…”

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Avstriyanın “Die Presse” qəzetinə müsahibəsində bildirib ki, “Bəşər Əsəd Suriyanın ərazi bütövlüyünün və təhlükəsizliyinin yeganə qarantıdır”.

Müstəqil politoloqlar, müxalifət liderləri nazir müavinin mövqeyini ciddi tənqidə məruz qoyub.

Şərq-Qərb Araşdırma Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Turan”a açıqlamasında Azərbaycan xarici işlər naizrinin müavini Araz Əzimovun Suriyada Əsəd rejimini müdafiə etməsini qəti şəkildə rədd edib.

Politoloq hesab edir ki, Azərbaycan üçün indiki mərhələdə ən həyati əhəmiyyətli məsələ ölkənin Suriya prosesində iştirakı və tutacağı yerdir.

“Bəli, nə qədər təəccüblü görünsə də, belədir, çünki Suriya ətrafında cərəyan edənlər yeni dünya düzəninin formalaşmasına aparan yolun mühüm bir parçasıdır. Bu məsələ ilə bağlı xeyli müddətdir Azərbaycana qapalı və açıq təsirlər fonunda ölkə rəhbərliyinin prosesdən kənarda qalmaq istəyi real siyasət anlayışlarından belə uzaqdır. Bir tərəfdən İlham Əliyevin Londonda keçirilən Suriya ilə bağlı konfransa qatılması, bunun ardınca isə Araz Əzimovun Avstriyanın “Die Presse” qəzetinə müsahibəsində cinayətkar Əsəd hakimiyyəti haqqında Rusiyanın siyasətini dəstəkləyən mövqe ifadə eləməsi (təbii ki, Əzimov heç bir halda öz şəxsi fikrini söyləyə bilməz) rəsmi Bakının mövqesizliyinin bariz nümunəsidir. Burada söhbət Əsəd rejiminə münasibətdən getmir və Əliyev hakimiyyəti bu məsələdə rəyinə ehtiyac olan bəlkə də ən sonuncu söz sahibidir. Başlıca təhlükəli məqam ABŞ rəsmilərinin (səfir Sekutanın və Minsk Qrupundakı təmsilçi Uorlikin) Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməli olması və Türkiyənin Baş naziri Ahmet Davutoğlunun Rusiyanın Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olması barədə bəyanatları fonunda rəsmi Bakının açıq Rusiyapərəst mövqe nümayiş etdirməsidir. Buradan asanlıqla anlamaq olur ki, Azərbaycanın ərazi bütövlüyü bugünki hakimiyyət üçün prioritet məsələ deyil və əslində də bu, yeni bir fenomen deyil. İllər boyu söylədiyimiz də bu idi ki, bunlar üçün yeganə strateji məqsəd yalnız maksimum müddətə hakimiyyətdə qalmaqdır. Bunu da artıq özləri etiraf elədilər”, deyə politoloq qeyd edib.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib ki,  Azərbaycan mediasında, demokratik ictimaiyyət tərəfindən bu müsahibəyə görə Araz Əzimov çox ciddi tənqid olunub, onun bir sıra cavabları çox ciddi şəkildə şərh olunub, səhvlərinin nədən ibarət olduğu, Azərbaycanın maraqlarının nədən ibarət olduğu qeyd olunub.

“Eyni zamanda, bu müsahibəyə görə, Araz Əzimova bir təşəkkür də düşür. Çünki Araz Əzimov əslinə qalsa, Əliyev rejiminin nəinki xarici, daxili siyasətini də ifşa edib. Yəni bu insan demokratiya, azadlıqlar, siyasi məhbuslarla bağlı suala cavab verib ki, ASAN Xidmət yaratmışıq və orada asanlıqla şəxsiyyət vəqsiqəsi almaq mümkün olur. Daha sonra seçkilərdə beynəlxalq müşahidə məsələsindən söhbət gedəndə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu çox sərt şəkildə tənqid edir. Hətta bu qurumun rəhbəri Maykl Linkin çox sərt şəkildə  Azərbaycandan üzr istəməli olduğunu bəyan edir”.

İsa Qəmbərin fikrincə, demokratiya nümayəndələrinə çox sərt münasibət göstərən Araz Əzimov nədənsə Əsədi çox ciddi cəhdlə müdafiə edir.

“Burada Azərbaycan hakimiyyətinin mahiyyəti ortaya çıxır. Aydın məsələdir ki, belə bir münasibət Azərbaycanın Rusiya, İran kimi diktaturanı müdafiə edən ölkələri yanında yer almasının sübutudur. Bu Azərbaycanın köklü maraqlarına cavab verən azad dünya ilə, beynəlxalq birliklə əlaqələrinə çox ciddi zərbədir. Ən önəmli məqamlardan biri budur ki, Azərbaycanın strateji müttəfiqi Türkiyənin də mövqeyinə daban-dabana zidd mövqe ortaya qoyulur. Bütövlükdə Araz Əzimovun müsahibəsindən hamının bildiyi, hamının dediyi məsələlər hakimiyyətin yüksək vəzifəli şəxsi tərəfindən etiraf olunur. Azərbaycan hakimiyyəti bütün dünyada diktatura rejimlərinin yanındadır, diktatura rejimlərinə tam dəstək verən Rusiya, İran kimi dövlətlərin yanında yer alıb və azad dünya ilə, demoktratik dünya ilə əməkdaşlıq, birlik, bərabərlik hədlərinə isə tamamilə zidd mövqe tutur. Məhz buna görə də istər Müsavat Partiyası, istər Milli Strateji Düşüncə Mərkəzi, istərsə də demokratik düşərgənin qurumları hakimiyyətin xarici siyasət kursunu dəfələrlə qınayıb, doğru yolun nədən ibarət olduğunu, Avroatlantik inteqrasiyanın zərurətini dəfələrlə şərh edib”, deyə o qeyd edib.

Bir cavab yazın