Alov Qüllələrinin işığı niyə sönüb?

Böyük neft gəlirləri dövründə Azərbaycanda bir çox dövlət qurumları – nazirliklər, komitələr, təhlükəsizlik və məhkəmə orqanları, dövlət müəssisələri üçün yeni ofis binaları tikilib.

Bunların tikintisinə dövlət büdcəsindən dəyəri 100 milyonlarla manatla ölçülən vəsait xərclənib.

Milli valyuta və neftin qiymətinin kəskin ucuzlaşdığı bir zamanda bu tikililərin səmərəliliyi suallar yaradıb.

Binalar neçəyə başa gəlib?

  • Neft Fondunun binası – 110 milyon avroya tikilib: 23 mərtəbə, cəmi 90 nəfər işçisi var.
  • Dövlət Neft Şirkətinin yeni binası – 350 milyon dollar başa gəlib və 2200 nəfər üçün nəzərdə tutulub.
  • Azərsu – 35 milyon dollar – 22 mərtəbə
  • Bakı Crystal Hall tikintisi – 280 milyon dollar
  • Heydər Əliyev Mərkəzinin tikintisi üçün 4-5 il davamlı pul ayırılıb. Rəsmi rəqəm isə 251,1 milyon manat göstərilir. İşçilərinin sayının 154 nəfər olduğu deyilir
  • Bakı Olimpiya Stadionu – 640 milyon manata başa gəlib.

Anoloji bahalıqda binalar yalnız paytaxt Bakıda deyil, dünyanın aparıcı digər şəhərlərində də tikilir və istifadəyə verilir.

İqtisadçı-ekspert Azər Mehtiyev deyir ki, normal iqtisadi yanaşmanı həyata keçirən ölkələrdə belə binalar özəl qurumlar tərəfindən tikilir və bu layihələr kommersiya məqsədlərinə xidmət edir.

“ABŞ-da və Avropa ölkələrinin iri şəhərlərində olan bütün göydələnlər icarə əsaslarında müxtəlif şirkətlərə ofis kimi təqdim edərək gəlir əldə edirlər. Malayziya Dövlət Neft Şirkəti olan PETRONAS-a məxsus məşhur əkiz binalar biznes-mərkəzi kimi fəaliyyət göstərir: orada həm şirkətin özünün ofisi, həm çox sayda başqa şirkətlərin ofisləri, həm də ticarət mərkəzi yerləşir. Bundan başqa həmin binadan turizm məqsədləri üçün geniş istifadə olunur.”

Bakıda tikilən binaların əksəriyyəti dövlət qurumlarına aiddir və büdcə vəsaitləri hesabına tikilir.

Binalar neçəyə başa gəlib?

  • Neft Fondunun binası 110 milyon avro
  • Dövlət Neft Şirkətinin yeni binası 350 milyon dollar
  • Azərsu 35 milyon dollar
  • Bakı Crystal Hall 280 milyon dollar
  • Heydər Əliyev Mərkəzi 251,1 milyon manat
  • Bakı Olimpiya Stadionu 640 milyon manat
Aziz Karimov

Hətta binalara belə həmin qurumların adı verilir ki, bu sonradan həmin binaların biznes-mərkəzləri kimi istifadə olunmasını, yəni orada həmin qurumlarla yanaşı başqa şirkətlərin ofislərinin yerləşdirilməsini mümkünsüz edir.

Bahalı binaların tikintisi zamanı hesabatlılıq vacib elementdir. Layihə dövlət büdcəsindən maliyyələşərsə, bu zaman ictimaiyyətin müzakirəsinə çıxarılmalı və onun rentabelliyi öyrənilməlidir. Bundan sonra prosesə başlamaq olar, cənab Mehtiyev deyir.

ABŞ-ın Şimali Dakota Universitetinin maliyyə üzrə professoru Fariz Hüseynlinin sözlərinə görə, dünya təcrübəsində “göydələn indeksi” var.

“Bu elə bir anlayışdır ki, göydələnlərin sayı çoxaldıqca iqtisadi böhran yaxınlaşır. Vəsait bilavasitə büdcədən xərclənirsə, məsuliyyətlilik və hesabatlılıq önəmli faktora çevrilir.”

Professor Hüseynliyə görə, layihənin sosial-iqtisadi təsiri, sahibkarlığın hökumətdən özəl şirkətə təhvili prosesi də aktual məqamlardandır.

Crystal Hall Image copyrightGetty
Image captionCrystal Hall zalının tikintisi 280 milyon dollara başa gəlib

“Hətta özəl kapital olsa belə, iqtisadi system onu elə idarət etməlidir ki, kapitalın düzgün və gəlirli istiqamətə paylanmasına nail olsun.”

Bütün bunlardan sonra binaların saxlanması, mühafizəsi kommunal xərclər, işçi heyətinin saxlanması yenə dövlət büdcəsinin üzərinə düşür. Göründüyü kimi, binalara tikintisinə çəkilən xərcdən əlavə, büdcədən görünməyən və bilinməyən məbləğlər çıxmaqda davam edir.

Böhran Bakı Alov Qüllələrini də vurub?

BBC Azərbaycanca əməkdaşının müşahidələrinə görə, Alov Qqüllələrinin işıqları 3 həftədən artıqdır ki, axşamlar yandırılmır. Bu məlumatı eyni zamanda kompleksin yaxınlığında yaşayan sakinlər də təsdiqləyib.

Bakı Alov Qüllələri 2007-ci ildə başlanıb və 2012-ci ilin mayında açılışı olub. Hər yerdə qeyd edilir ki, bu özəl bir otel kompleksdir. Tikinti biznesi ilə məşğul olanlar bildirirlər ki, belə bir mürəkkəb konstruksiyalı binanın layihələndirilməsi və tikintisi 500-600 milyon dollardan az deyil. Ancaq bu rəqəmi rəsmən təsdiqləmək mümkün olmayıb. Kompleksi tikən DİA Holding bu tikintinin qiymətini açıqlamaqdan imtina edib.

Bu, 5 ulduzlu otel və biznes-mərkəz, o cümlədən əyləncə mərkəzidir.

Bugünədək 3 qüllədən yalnız birinin – Fairmont-un ofis və otel qismində işləməsi barədə məlumat var.

DİA Holding Azərbaycanda bir neçə layihənin inşasında yaxından iştirak edib. Şirkətin internet səhifəsində tikinti obyektləri haqqında bütün məlumatlar öz əksini tapsa da, sərf olunan vəsait haqqında informasiya yoxdur.

“Azərışıq” sorğuya cavab vermədi

Tikintisi həyata keçirilən binaların kommunal xərclərinin miqdarı da müzakirə mövzusudur. Çünki, bu binalar istehsala buraxıldıqdan sonra da, dövlətin balansında qalır. Bu halda, binaların cari xərcləri- təmiri, kommunal, işçilərin əmək haqları yenə də büdcədən ödənilir.

Böyük tikililərin xərcləri ona ayrılan vəsaitlərlə yekunlaşmır. Buraya sonrakı xərcləri də əlavə etsək, daha böyük məbləğlərin şahidi olardıq.

Bakı şəhərində tikilmiş və istifadəyə verilmiş üç obyektin – Bakı Alov Qüllələri, Olimpiya Staduonu və Heydır Əliyev Mərkəzinin işıqlandırılması zamanı elektrik enerjisinə görə sərf olunan vəsait barədə məlumat almaq üçün Azərişıq cəmiyyətinə dəfələrlə etdiyimiz müraciətlər cavabsız qaldı.

Azərbaycanın 2016-cı il dövlət büdcəsində kommunal təsərrüfatlarla bağlı xərclərin ödənilməsi üçün 311,8 milyon manat vəsait ayrılıb. Yalnız, bu məbləğin xərclənəcəyi istiqamətlərlə bağlı məlumatlar öz əksini tapmayıb.

Bir cavab yazın