Tapdaqıstan. Laplandiya

Bastainfo.com  redaksiyası Rafiq Tağının ölümünə çox güman ki, səbəb olmuş məşhur “Tapdaqıstan. Laplandiya” hekayəsini bir daha, dönə-dönə tirajlamağı özünün borcu hesab edir. Oxuyun və oxutdurun!

 

Quruca adı var – “prezident”.  ”Prezident”, əslində, bir şah vəzifəsidir. Bu iki söz sinonimikdir. Gəl gör, o, şahların yerişini yeriyə, onların kiçik bir dırnağı ola bilərmi?

Nədi o – sufi həyatı sürür. Onu arvadı buna məhkum edib. Başqa xanımlara gözünün ucuyla da baxa bilməz.

İctimai həyatda yüksək mövqedə görünməsə də, xanımı evdə prezidentlə bazar arvadı kimi rəftar edəcək. Əl-qol ata ata, çığıra-çığıra. Cini tutdumu güllü-bülbüllü Tapdaqıstan prezidentinə – “sən kimsən?” deyər. Bir Allah, bir də o bilir ki, arvadlarda xanım-xatınlıq boş bir şeydir, zahiridir. Hərdən az qalır kişinin seyrək saçlarını yolub küləyə verə. Bir sözlə, mübhəm həyatının açarı yalnız onun əlindədir.

Özünə tərif də verib: hərəmxanası olmayan şaha prezident deyilir. Əslində şahın prezidentdən fərqi də bundadır. Şah – hərəmxanalıqdır.

O, ölkəsini Avropa ailəsinə qatmaqla özünəcə qatı ziyan vurdu. Axı, o, qanısoyuq, uzundraz şimal prezidentlərinin tayı deyil, ola da bilməz. Bunun könlü gecə-gündüz nazlı-duzlu arvadlar istəyir. İstəmək günahdır? Bəyəm, bu, mədəniyyətsizlikdir?

Yaxud belə deyək: gözəllikdən imtinadırmı mədəniyyət? Gənclikdən onda belə bir təsəvvür var ki, ölkə başçısı deyilən şəxs haçan könlü kimi çəksə, tutub belə-belə edər. Buna ixtiyarı çatır. Nədənsə, bu barədə ancaq onun bazarı bağlıdır. Gərək alanda da arvadın avamını alasan. Hər şeyi dərk edən arvad təmiz fəlakətdir. Yüz faiz bədbəxtçilikdir.

Ondan olsa, prezidentlikdə şərq motivlərinə üstünlük verər. Hərəmxana öz yerində; təlxək də saxlayar. Gedib Avropaya girdi. Burnu girməyən yerə başını soxdu. Təhrik olundu – onu bu işə evindəki dişi pələng vadar etdi.

Oturub – durub da Avropanı gözə soxur. Bir növ, ərini tərbiyəli yerə çəkir. Həmişə də ona tərbiyəli şeylərdən danışar. Bəli, prezident də uşaq kimi tərbiyə sevir. Gərək, gözün üstündə ola. Daim qulaqlarını doldurasan.

Guya Qərb prezidentləri “yubka” görəndə, cəzm olub özündən çıxmır, gözlərini ora-bura qaçırtmırlar. İctimai tədbirlərdə hər hansı “dünya gözəli”ylə o üz-bu üz öpüşürlərsə də, elə şey onların yadına düşməz. Aydan arı, sudan durudular.

Demokratik Avropada dayanıqlı puritan əxlaqı diktatura oxşarlıdır. Götürək Amerikanı, Bill Klinton. Cavan kişi, üstəgəl prezident. Monika Levinskayanın məmələrinə əl atmaqla dünyada biabır olmadımı? Onsuz da gec-tez o məmələrə kimsə əl atmalı deyildimi? ABŞ-da zəlzələyə bənzər vəlvələ qopdu. Bu nə demək ola – hətta orada da əxlaq uca tutulur.

“Bə bizdə niyə elə olmasın?” – arvad xəyal edir, bunu tez-tez də ərindən soruşur. Bacardıqca, əri Şərqdən soyutmaq, ondan uzaqlaşdırmaq gərək. Bu ona sərf eliyər. “Şərq avara-pozğun yerdi”, – qoy uşaqlar eşitməsin, həmişə ona pıçıltıyla deyər. Mağıl ölkənin Avropa ailəsinə qatılmasıyla qısqanclığı bir qədər azalıb. Yoxsa onda əsəblərin tarıma çəkildiyi, heyrodermitə-dəmrova tutulduğu çağlar olub. Saçı daraq-daraq, çəngə-çəngə tökülürdü.

Yox, böyük dərddi – prezident olasan, gözəllər yanından ceyran sürüsü şəklində ötə, sən də durub ağzın sulana-sulana baxasan. Düzdü, öz xanımı da ceyran bənzərlidir; qucaqla, səhərəcən öp. Lakin bir tək gözəl ona nə bəs edəcək!

Maşallah, kəl kimidir. Üstəlik, xanımağanın bir qüsuru var ki, onu pusur. Bu iş üçün çuğul adamlar da tutub. Ancaq öz aramızdır, eyni bir xörəyi nə qədər yemək olar! Adam çiyrinər. Əlac nədir, yeməlisən. Bu, bir ər kimi vəzifə borcundur. Arvad istəməz onda şəhvət hissi-zadı aşıb-daşa. Şəhvət dövlət başçısının imajına xələl gətirər. Qoy səhərlər gözütox işə getsin. “Bizim Qarabağ boyda dərdimiz var, get sırf onunla məşğul ol” – hər səhər də ona tapşırar. “Qarabağ” mövzusu seksual alovları söndürəndir.

Bir dəfə prezident teleekrandakı müğənni xanımın qəşəng əndamını tərifləyəndə, “Sənin bir cüt su sonası qızın var”, – arvadı əvvəl xatırlatma verib, onu tərbiyə səmtinə yönəltdi. Həri, prezidentə də tərbiyə vacibdir. “Bəyəm uşaqdı, özü bilmir ki, özgə malına göz yetirmək qızların tərbiyəsinə yad ilmələr qatar?” “Ata”, “ana” məfhumları müqəddəslikdən düşər”. Ata üçün əxlaq ən yaxşı libasdır.

Nəyi-nəyi, belə şeyi heç gözləməzdi – o məhz prezidentlikdə əxlaqa sürükləndi. Hanı hər telindən bir qız sallanan çağlar! Axırı dəli olacaq. Lotuluqları hayıf deyildi? Onlar həm də xüsusi şöhrətlərə səbəb olurdu. Hərçənd elə şöhrətdən hamı yaxasını kənara çəkir. Kütlə lotuluqdan gələn şöhrətə ictimai əhəmiyyət vermir. Guya elə şöhrət kriminal səciyyəli olur.

Kütlə əvvəldən əxlaqı bayraq seçib. Kor tutduğunu buraxmayan kimi ondan əl çəkmir. Neyləməli, o, indiyə kimi törətdiyi və gələcəkdə törədəcəyi bu cür şöhrətlərdən ayrılmağa məcburdu. İçindəsə məmnunluq duyur, distansiya saxlasa da, get-gedə onlara aludə olurdu. Açığı, qonşu dövlətdə öz ölkəsindəki beşulduzlu hotellərdən birini uduzandan sonra bu yola düşdü. “Ulduz” qumarbaz Mehmet Topçunu öldürməklə, həmin ölkədə bomba partlayışından betər səs-küy qopardı. Skandal ölkəni başına aldı. Qatil killerdisə də, əsas şöhrət sifarişçiyə çatırdı. Yəni ona. Özünə. Ümumən, killer qatil sayılmamalıdır. Qatillik nifrətdən doğan haldır. Killerlərsə əsasən insansevər olur. O, insana güllə atmır ki – sanki daim canlı bilib məşq elədiyi qum kisələrinə atır. Killer hətta şair də ola bilər.

Hə, indi o, başqa ölkədə yaratdığı şöhrətinə öz Tapdaqıstanından tamaşa edirdi. Öz şöhrətinin dışında inkoqnito yaşamaq da bir azadlıq növüdür. Bəli, qətl barəsində cürbəcür versiyalar irəli sürülürdü. Killerin adını çəkən də yoxdu da. “Axı, planı kim cızıb?” – cəmiyyətdə ancaq bu sual dolaşırdı. İnsanların fantaziyası səhv yollarda cövlan etməkdə, dördnala çapmaqdaydı.

Bu prosesdə onun bəşəriyyətə hörməti-ehtiramı tamam azaldı, sıfıra endi. Ondan şübhələnmir, şübhələnə bilmirdilər. Kriminalistika elm yox, söz yığını imiş. İşə bax, sifarişçinin get-gedə artan şöhrətindən o heç cür bəhrələnə bilməz. Qalmışdı yana-yana. Hərdən qışqırıb bağırmaq istəyirsən: ey-hey, o şöhrət mənimdir, şöhrəti özümə verin! Lakin, bu, qətiyyən mümkün deyil. O öz şöhrətindən uzaqlarda küllənməyə məhkumdu.

Belə çıxır ki, o, həm şöhrətli, həm şöhrətsizdi. Get-gedə də qonşu dövlətdə fırlanan şöhrətinə biganə olurdu. Onsuz onun əvəzinə orda bir neçə şəxsi tutub şöhrətə mindirmişdilər. İt-qurd adam olmuşdu. Ekranda onların ada minməsini öz gözləri ilə görürdü. Tutulanlar bəh-bəhlə məhkəmə zalına aparıldıqca, onlara paxıllığı tuturdu. Onlar onun şöhrətini mənimsəyənlərdi. Axırı da nə olacaq – hamısına “danılmaz dəlillər”lə iş kəsildi. İndiyəcən eşidər, inanmazdı: aşkarca gördü və inandı ki, məhkəmələrin ədalətə dəxli yoxdur. Məhkəmə həqiqəti aşkarlamır və olsa-olsa, ədalətin imitasyon icraatıdır.

Tutulanlar da qatil roluna razılaşmış kimi görsənirdilər. Əlbəttə, bu göydəndüşmə-gurultulu şöhrətdən kim qaçar!

Həmin parıltılı-partıltılı şöhrət artıq arxivə gömülüb.

Amma onda bəşəriyyətin yalanlarına, yalançı mif yaradıcılığına aludəçilik itib getmədi. Prezident kürsüsünə əyləşəndən sonra bu həvəs daha da güclənməyə üz qoydu. İndi ən müxtəlif şöhrətlərin manivelası öz əlindəydi. Şöhrət oyunu onda bir qaçılmazlığa, bir idefiksə çevrildi. Bir prezident kimi də çox baş aparan jurnalistlə siftə elədi. “Yaallah”, “bismillah” – dindən başı çıxmadığından, naşıcasına bu sözləri ard-arda düzdü.

Qətldə ondan şübhələnə də bilərdilər, şübhələnməyə də. Hərçənd nəhəng bir icra aparatı onun nəfinə – şübhələri dağıtmağa işləyəcəkdi. Amma ondan şübhələnmələri insanlara başucalıq gətirərdi. İnsanlar elə insana da oxşardılar. Onsuz hər şey şübhə olaraq da qalacaqdı. Ona gözün üstə qaşın var deməzdilər. Üstəlik, bu dünyada o jurnalistin kimi vardı ki, mütəmadi işi qurdalaya da. Evi də bir həsir, bir Məmmədnəsirdi. Atasının ağzına bir şey atarlar, qurtarıb gedər. Həm də bir gülləyə iki dovşan vurmuş olar: Qoy xalq ondan qorxmağa-çəkinməyə başlasın.

“Xalq” nədi – “kütlə”nin məcazi adı. Kütləsə hır-zır qanan deyil, adamı bir anın içindəcə fələyin badına verər. Yazılarında onu avara-bambılı yerinə qoyan bir kəs indi görər dünyada nə var, nə yox. Əfsus, aradan götürüləndən sonra anasının ağladıldığını bilməyəcək. Mehmet Topçuya görə onu “qatil” adlandırardı – qatiləmsə, al gəldi, məndən qatil işi də gözlə. Nə etdiyini anlamayan zavallı. O iş çoxdan qapanıb, bu hələ saqqız kimi çeynəyir, qaşınmayan yerdən qan çıxarırdı. Nədi, dəlisən?

Yaxşı, bu təzə qətl üçün killeri Rusiyadan gətizdirdi. Rusiya “Mersedes” buraxmayacaq ki – killer buraxır. Killerlər Rusiya hərbi arsenalının simvolikasıdır.

Killer inqlabçının taleinə bircəcik “part”la nöqtə qoydu və sakitcə çıxıb getdi. Killerlər qədim qatillərə bənzəməz. Onlar kimi nə ah-uf edər, nə də vicdan əzabı çəkərlər. Bunlarınkı bir sərçə öldürmək işidir.

Görən, vicdan əzabını prezident də çəkməzmola? Təhlükəsizliyinə cavabdeh olduğu vətəndaşın öz təşəbbüsüylə qətli qanunla onu narahat etməlidir. Lakin vur-öldür, vicdan əzabı çəkə bilmirdi. Buna vaxtı yoxdu. Heç həvəsi də. Axı, hər oğru-quldurdan ötrü də iztirab çəksə, onda can qalmaz ki. Oğru-quldura prezident ola bilməz o. Həri, əzab – aşağı təbəqədən çıxanlara xasdır. Əzab – kasıbların keyfiyyətidir.

Keçən dəfəki kimi təzəcə yaranıb-artan, şölələnib-şəfəqlənən şöhrətinin tamaşasına durdu. Qətlin sifarişçisi olaraq yenə ən müxtəlif ismlər çəkilirdi. Bax, versiyaların yalanı bir daha üzə çıxır. Bəşəriyyət ümumən gopçu olurmuş. İqtidar yaxınları bilərəkdən xalqın başını piyləyirdilər.

Onların yaltaqlığı bunda da görsənirdi. Müxalifət düşərgəsində dolayısıyla ondan şübhələr dilə gətirilirdi. Guya həqiqətçidilər. Düzdü, həqiqətçiydilər, amma onlar həqiqəti yalnız hakimiyyətə gəlmək naminə deyirdilər. Yoxsa dilləri lal olar, deməzlər. Bu məqamda həqiqət məkrin xidmətində durur və heç də sevindirici deyil. Mütəxəssislər qətli araşdırdıqca, bilməyərəkdən faktları təhrif etməkdəydilər. Cinayət açılmaq əvəzinə, qapanırdı.

Bu dünya maraqlı yerdir, bəlkə o dünyadan da maraqlı. Bir dəli bir quyuya daş atır, min ağıllı onu çıxara bilmir. Bu qətlin şöhrəti dillərdə dolaşır, naməlum sifarişçi haqqında həcvlər yazılır, karikaturalar çəkilirdi. Romanlar yazılmaqdaydı. O, prezident olaraq bu qətllə mədəniyyətin inkişafına təkan vermişdi. Ancaq yerli-yersiz də qətlin açılmağında maraqlı olduğunu bildirir, beləliklə, əlavə olaraq da humanist və həqiqətpərəst kimi şöhrət tapmaq istəyirdi. Hər halda, qatilin arxasında duran odur – şöhrət bir tək ona məxsusdu. Ləzzətdi bu.

O, şöhrəti özü yaradıbsa da, şirnikirsə də, heç cür onun altına girə bilmirdi. Bir prezident kimi öz qorxaqlığı və acizliyi, bacarıqsızlığı özünəcə əyan oldu. İçində şüşə kimi çatladı, bir-iki yerində sındı da. Fəqət bunu heç cür büzuzə vermək olmazdı. Şöhrət yenə yad bir şeyə çevrilməkdəydi. Ölkədə fırlanan, dairəvi dalğalar şəklində yayılan bu şöhrət həm onundu, həm də yox. Bir iş var ki, qətiyyən ona lazım deyildi də. Hətta ziyanlı və qorxuncdu. Şöhrəti bir əşya kimi gətirib ona təqdim etsəydilər, bu, yox deyər, ondan imtina edərdi. Qismətdən artıq yemək olmaz, öz şöhrətindən yarımadı, ondan bir təməssük almadı.

Ona şöhrətin yaranıb-artmasını ancaq  izləmək qaldı. O, prosesləri ancaq teleekrandan izləyərdi. Bu zaman qəhvə içər… Qəhvə özü ona ləzzət verməz, sadəcə şöhrətdən gələn ləzzəti müşaiyət edərdi. Bəzən özünü-sözünü unudur, qəhvəni hortuldadırdı. Onu bu gündə görsə düşmənlərin ağzına söz düşəcək. Qəhvə – bu cür içməli şey ona qarşı cinayət faktına çevrilər. Prezident olanda nə olar, gərək qəhvəni də oğrun-oğrun içəsən. Yaxşı ki, onun qəhvə içməsini bir arvadı görür, bir də qızları. Onu əxlaqa sürükləyən həminciyəzlər. Şorgözlüyündən əl çəkməli olub, türkün sözü, şeyini qıçına bağlayıb. Əlac qalıb bir Allaha.

Ölkədəki gözəllərdən yan keçəsən – ölüm bundan yeydir. Tarixdə qalmaq gözəlləri istisna edirmiş. Millət ondan qorxur – o isə arvaddan. Üzlərinə şəkli düşən gözəlçələr, vallah, onun bir himinə lüm-lüt soyunarlar. Axı, ay insafsız qadın, ona dişini dəyişmək pis olmaz! Dişini dəyişsə, boynundan yaman çıxacaq? Neylədiyindi, bunu ona deyərsən, qırmızı şeydi, deyər, bağışla, mən də dişimi dəyişəcəm. Onda da gərək ya onu öldürəsən, ya özünü. Bir az irəli getsək, onu da, özünü də.

Bir gün Lapdandiyanın xanım prezidenti onun ölkəsinə rəsmi təşrif buyurdu. Tapdaqıstan nədən onu çəkib. Əvvəllər o, ümumi beynəlxalq tədbirlərdə bu rəsmi görüşü ona eyham vurardı. Bu elə bilərdi ki, zarafat edir. Hətta uca boyuna söz atmışdı. Buyur, indi gəlir. Çörəyi burnuna yemir.

Bu iki ölkənin maraqları heç cür üst-üstə düşmədiyindən, dalağı sancdı. Dilini dişlədi: a-ha, torbada pişik var. Bəlkə onu sevir? Eşidəndə ki, laplandiyalı xanım heç vaxt qoca, çəlimsiz prezidentlərin ölkəsinə səfərə getmir, yenə dilini dişlədi (dili artıq dişlək-dişləkdi): yox, bununku sevgi deyil. Deyən, dərdi-azarı başqadır. Hə, ona prezidentlər bazburudlu gərək. Öz bazburudundan Tapdaqıstana əlavə dividentlər gələcəkdi.

Neynək, qoy gəlsin, əvvəl malı daldan -qabaqdan süzək. Sonra boş çanağı dolu çanağa vurarıq. Tutar qatıq, tutmaz ayran. Daha keçib, kor olsun, şil olsun, təki əlinə bərk-yumşaq şeylər dəysin. Özü də bunun bədəni hələ sulu-vitaminli , məsamələri naxışlar kimi görsənən dərisi yupyumşaqdı. Hətta ona cavan demək olar. Hərçənd, qoca olmuş olsaydı da zərəri yox. Qocanın – öz ləzzəti var. Prezident bir xanımın nə cavan, nə qocası. Onların qocası da cavan kimidir.

Xanım Maqda Erle hələ təyyarənin trapında görsənəndə , Tapdaqıstan prezidentinin qanı cuşa gəldi. Elə bildi ki, subaylıqdakı kimi yanına ərməğan qız gətirirlər. Əlbəttə, uzaq Laplandiyanın prezidenti onun ölkəsinə köçəri bir quş kimi uçub gəlmişdi. Gəlsənə, onu tutub yeməli. Ş-şş, kambala balığına bənzər bu dolu xanımla hər cür əlaqəni heç kəs bilməz. Heç arvadı da. Prezidentlərin təkbətək görüşü onun yeganə ümid yeri kimi ortaya çıxdı.

Maqda Erle ilə əl-ələ görüşəndə elə bil onu elektrik vurdu. Güclü cərəyan düz gedib dabanlarında bənd aldı. İlahi, qarşıdakı üzücü protokol saatları tez keçmiş olaydı! Qadın və kişinin bir-birinə ilan kimi sarmaşması müqabilində prezidentlərin dövlət səviyyəsində görüşləri mənasız görünmürmü? Nəzəri cəhətcə, kişi və qadından uşaq dünyaya gəlirsə, prezidentlərin görüşündən ancaq yalanlar doğulur. Təkbətək görüşdə bu iki prezidentin qucaqlaşıb tezbazar bir iş görmələri təbiətin möcüzəsi, ən azı təntənəsi sayılardı. Onda təbiət siyasətə qalib gələr. Yalanlardan ibarət əxlaq-zad bir heçə dönər, ona məhkum insanlar azadlığı dadmış olar.

Axı, prezidentlərə də azadlıq vacibdir! Laplandiya prezidentinə aristokratlıq heç cür əl vermir. Aristokratlığı ucbatından ərə də getmədi. Ömrü boyu sevgilərini öldürməklə məşğul oldu – sevgi aristokratlığına ləkə gətirər deyə. O, aristokratlığını bu yad ölkədə böyük sevinclə, “uf” demədən zibil qutusuna atar da. Artıq ona, özünü aristokrat kimi yox, sadəcə, bir qadın kimi duymaq maraqlı idi. Min cür fırıldaqla, amma guya irz-namus gözləməklə prezident ola bilmişdi, qadın yox. Onu

Laplandiyada etalon sayanlar qoy oradaca yenə elə saysınlar. İnsana təkcə bir ölkədə etalon olmaq yetər. Laplandiyada hökmran bir xanım bu yad ölkədə dəmir əzələli hər hansı bir kişiyə qul olmağa beşəlli razıdır. Onda qalmış Tapdaqıstanın cavan prezidenti ola. Onunla tet-a-tet görüşdən bir iş hasilə gələ bilər.

Lakin hər iki prezident ehtiyatlanırdı da.  Bunun ona, onun buna yox demək ehtimalı hələ durur. Nəticə acınacaqlı olar, iki xalqın bir-birinə qatı nifrətinə çevrilərdi. Düzdü, coğrafi uzaqlıq səbəbindən müharibə-hücum gümanı sıfra bərabərdi. Hələ bu yenə dərd yarıdır. Biri o birini yerindəcə güllələyər də. Onda beynəlxalq çaxnaşma qaçılmaz olar. Belə bir taleyi Allah heç kəsə göstərməsin!

Motosiklçilər eskortunun müşaiyəti küçələri şütüyür, kələ-kötür bir yer yoxdusa da guya yırğalanır, hərdən diz-dizə toxunurdular. Laplandiya prezidentinin toppuş dizlərindən cənnət həzzi duymaq olurdu. Bu onu prezident kimi yox, saunada bir huri kimi xəyalına gətirdi. Huşu qanadlanıb başından uçmadı bə! Baş boş qaldı.

Dizlər maç-öpüşdükcə, Laplandiya prezidenti onun üzünə gülümsəyirdi. Nə əcəb, bu təbəssümlər ölkə maraqları çərçivəsində, bu maraqlar naminə olsun? Ehtirasdan yox? Onu elə indicə, buradaca yoxlamalı. Cürətlə və həm sürətlə əlini onun əli üstə qoydu. Əl də mütəkkə budunun üstündə. Gəl-gəl deyən o budun tamı barmaqlar arasından keçib ona çatdı. Xanım prezident dinməsə də ağ şimallı yanaqları get-gedə allanırdı. Yox, onun təbəssümləri ölkə maraqları çərçivəsində deyilmiş. Çünki o da “azad” əlini gətirib, bunun “dustaq” əli üzərinə qoydu. Əllər mərtəbə-mərtəbə alındı. Bu sevgi texnolojisini , nəinki dörd-çevrə motosiklçilər, heç burunlarının ucundakı sürücü də sezmədi. Onlar öz vacib dövlət işləri ilə məşğuldular. Prezidentlərdən savayı aşağıda hamının başı rəsmi qarşılanma mərasiminə qarışmışdı.

Prezident iqamətgahı qarşısında jurnalistlərlə əlüstü qartaqurt edib, zifaf gecəsinə gedirmişlər kimi içəriyə keçdilər. Təkbətək görüş gözlənildiyindən tez başa gəldi. Nə ola-ola qapı örtülən saat oğlan şalvarının “molniya”sını ildırım sürətiylə çəkdi aşağı. Arvad da əlbə-əl yaxasını açıb bir tək sol döşünü bayıra atdı. Sol doş həm ürəyi rəmzləndirirdi, həm də tək bircə döş mənasında əxlaqa dəlalət edirdi. Hər şeyi dərhal açıb ortaya tökmür ki, yersiz də çıxa. Bir döş hələlik erotikanın yarıbayarı azlığı, əxlaqınsa ikiqat çoxluğu kimi tövsif oluna biləcəkdi. Onsuz oğlan prezident qız prezidentin o biri döşünü boş-boşuna buraxası, dinc qoyasıydımı?

Əsla. Budur, oğlan gizlənmiş ürkək döşü çataçat dartıb çölə çıxartdı. Qoşalaşmış döşlər inciyib-qabarmış kimi görsəndilər. Vəzifəsinin böyüklüyünə baxma, Laplandiya prezidentinin döşləri lap balacaydı – onlar sanki əl dəyməmiş şamamalardı.

Tapdaqıstan prezidenti qara anqut ağzını açıb ikisini birdən happ elədi. Ah, qafqazlı zahirən eleqant görünmürsə də, necə də dadlı imiş!

– Bizdə kişilər qamış kimi uzun və soyuq olur. Döşlərimizi də özümüz çıxardırıq, – birdən onun dili açıldı.

– Xeyr, bizdə bu iş kişilərə məxsusdu.

– Dayan, üzümüz qızaracaq, biləcəklər neyləmişik. Axı, nə də olmasa biz prezidentik.

– Prezident yox, bir qadın və kişidən başqa heç nə deyilik. Özü də üz təkcə belə şeylərdən yox ki – siyasi çəkişmələrdən də qızarır.

– Çox düz, biz burda siyasi cəhətcə çəkişmişik!…

Oğlan prezident qız prezidenti bir-iki dəfə bağrına basdı və sevgiyə oxşar bu məqamdan sonra onu qucağına alıb iç otağa apardı. Çılpaq göbək onun gözü önündə yaralı göyərçin kimi çırpınırdı. Laplandiya prezidenti açıq divan-çarpayıya uzadılandasa, işə bax, bu dəfə göbək yumşaqca bir fincana bənzədi. Oğlan, uzun, erotik burnunu dərhal o fincana soxdu. Qız prezident qaqqıldadı, amma tez də özü-özündən hürküb, bəlkə də səhvini anlayıb, əliylə ağzını qapadı.

Keşkə, bu təkbətək görüş illərlə bitməyəydi. Ancaq limit qaçılmazdı – yarımca saat, qurtardı getdi. Dayan, protokol saniyə və dəqiqələri becid ötürdülər. Dünyada bu cür vacib işə cəmi 30 dəqiqə ayrılıb. Ayıb olsun beynəlxalq qurumlara ki, belə görüşlərdəki incə mətləbləri nəzərə almayıblar. Başları oracan işləməyib. Onlar məcbur qalıb erotik mərhələni qısaltmaqla kulminativ nöqtəni tez tutdular. Fısıltılar ritmik rejimə keçdi.

Hər iki ölkədə bu görüşdən çox şey gözləyirdilər.

…Sonra ölü kimi düşdülər.

– Alnımıza ayrılıq yazılıb, – handan-hana prezident qız bunu deyib, tez ayağa durdu, -Sən saata bax, beşcə dəqiqəmiz qalıb.

Hər ikisi cəld özünü prezident cildinə salmağa girişdi. Təsadüfən qız prezidentin donu oğlan prezidentin ayaqları altına düşdü. Don yerdə sərilmiş vəziyyətdə qaldığından zərrə də əzilmədi. Əksinə, enli pəncələr libasın üstünə bir ütü kimi çəkildi. Hə, birazdan hamı onları dövlət başçıları kimi görməli idi. Yəqin jurnalistlər suallarını bir daha gözdən keçirir, əzbərləyirdilər. Biri isti, biri söyuq ölkədən – səfirlər həyəcan içindəydilər. Arvadı heç nədən şübhələnməz, inşallah.

Tərbiyəlidir, onun ağlına belə şey gəlməz də. İndiyənəcən o, arvadının tərbiyəsindən çox faydalar görüb.

– Birdən uşağa qalsam… Diplomatik biabırçılıq olar.

– Sən elə şey eləmə.

– Niyə? Niyə?!

– Prezidentin doğması öz xalqına ziyan gətirər. Bu, yaxşı əlamət olmaz.

– Prezident inək deyil ki. Onun doğması ana olmaq deməkdir.

– Bə ananın əri olmaz?

– Vaxtımız bitdi… Bax, gözləyirəm, gələn səfər bizdəsən.

Axşamkı “Son xəbər” proqramında Tapdaqıstan prezidenti xanım Maqda Erleni teleekrandan anfas-profil süzməkdəydi. Budur, hər ikisi fəxri qarovul önündən keçir. Bax, bəy-gəlin təki birgə limuzinə oturub yola düşürlər. Qarşıdan prezident iqamətgahı gəlir; orada onları mübhəm görüşlər gözləyir.

Hər şey sanki arxadaydısa da, amma hər şey həm də qabaqdaydı.

Teleproqramdakı sonrakı sujet jurnalistin qətli barəsindəydi. O, öz yaratdığı, əli çatmayan şöhrətini növbəti dəfə laqeydliklə seyr etdi. Onsuz bu şöhrəti heç kəs onunku saymır.

Xəyalən Maqda Erlenin üzərinə qayıtdı. Quş kimi uçub gedib – artıq o da onunku sayılmır ki. Deyən, bu dünyada heç nə onun deyil.

Rafiq Tağı

 

 

Bastainfo.com

One thought on “Tapdaqıstan. Laplandiya

Bir cavab yazın