Dörd günlük müharibə niyə başladı, niyə bitdi?

Dadaş Əhmədli, politoloq

II yazı

 Suriyadan sonra Qafqazda münaqişələrin alovlanacağı qaçılmaz görünürdü. Bunu zəruri edən təkcə Rusiyanın öz nüfuzunu bərpa etmək istəyi deyil, həm də Qafqazın bütövlükdə nəzarətdən çıxma ehtimalının artması idi. Qafqazın nəzarətdən çıxmasında isə əsas məsələ Azərbaycanın seçimi ilə bağlı ola bilərdi. Əvvəlcədən də qeyd etdik ki, Maydan hadisələrindən sonra Azərbaycan rəhbərliyi repressiyaları gücləndirməklə hakimiyyətin ömrünü uzatmağa, vəziyyəti qoruyub saxlamağa çalışırdı. Repressiyalarla da kifayətlənməyərək, əvvəlkilərdən daha böyük saxtakarlıqlarla seçkilərin keçirilməsi də buna hesablanmıdı. Amma bununla da iş bitmirdi. Hakimiyyətin daxilində bir qərarsızlıq hiss edilməkdə idi.

Azərbaycan iqtidarı seçim qarşısında

Hələ 2 il öncə ABŞ-ın Azərbaycanda səfiri olan Riçard Morninqstar Azərbaycanda hakimiyyətin monolit olmadığını söyləmişdi. Ayrı-ayrı hakimiyyət nümayəndələrinin səfirə qarşı aqressiv mövqe sərgiləmələri sonda səfirin vaxtından əvvəl ölkəni tərk eləməsinə gətirib çıxardı. Amma bununla belə, bir il sonra MTN ətrafında baş verənlər göstərdi ki, cənab Morninqstar haqlı imiş. Doğrudan da, hakimiyyət daxilində ciddi qruplaşmaların olduğu və bu qruplaşmaların bir-birilərinə qarşı təsəvvüredilməz nifrətlə yükləndiyi və hər bir qrupun əlində digərlərinə qarşı ifşaedici materialların olduğu MTN olaylarından sonra daha aşkar şəkildə ortaya çıxdı. Bütün bunlar azmış kimi, on ay ərzində iki dəfə devalvasiyanın baş verməsi, ayrı-ayrı regionlarda etiraz aksiyalarının keçirilməsi, əhali arasında işsizlik və yoxsulluq üzündən narazılıqların artması iqtidar mənsublarını vəziyyətin doğrudan da kritik olması barədə düşünməyə vadar etdi. Bu vaxta qədər neft dollarlarının kölgəsində xumarlanan hakimiyyət nümayəndələri indi neftin qiymətinin düşməsi üzündən əlavə vəsait axtarmaq zorunda idilər. Bu vəsaitləri isə yalnız bir neçə mənbədən əldə etmək olardı. Bu mənbələrin isə hərəsinin öz şərtləri var idi ki, bu şərtləri də qəbul etmək və onlara əməl etmək korrupsiyaya və qeyri-məhdud səlahiyyətlərə vərdiş etmiş hakim komanda üçün çox ağır görünürdü. Şərtləri qəbul eləmək həm də seçim etmək anlamına gəlirdi. Şərtləri nisbətən yüngül hesab oluna biləcək Çinlə bazarlıq, deyəsən, istənilən nəticəni vermədi. Üstəlik, Çin səfərinin ardınca ABŞ Konqressində Azərbaycan iqtidarına qarşı sanksiyaların tətbiq oluna biləcəyi ilə bağlı məlumatların dövriyyəyə buraxılması hakimiyyətin ümidlərinə daha öldürücü zərbə oldu.

Yanvar ayının əvvəllərindən Azərbaycan iqtidarının ənənəvi siyasi kursunda dəyişiklik edəcəyinin işartıları görünməyə başladı. İlk olaraq, Prezidentin köməkçisi Novruz Məmmədov mart ayının sonlarında İlham Əliyevin ABŞ-da keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunduğunu söylədi. Həm də maraqlıdır ki, həmin dəvətin hələ dekabrdan göndərildiyini bildirdi. Görünür, bu vaxta qədər vəziyyəti ABŞ-sız da yoluna qoya biləcəklərini düşünən iqtidar nümayəndələri son ümidlərinin də puça çıxdığına əmin olduqdan sonra bu dəvət barədə informasiyanı ictimailəşdirməklə, bir növ, kurs dəyişikliklərinə razı olduqları mesajını verirdilər. Bundan sonra isə yanvarın sonlarından Beynəlxalq Valyuta Fondunun ekspertləri Azərbaycan hökuməti ilə danışıqlar aparmaq üçün Bakıya təşrif buyurdular. Hakimiyyət yetkililəri bu səfəri nə qədər başqa səmtlətə yozmağa çalışsalar da, siyasi analitiklər artıq vəziyyətin geriyədönməz xarakter aldığı qənaətində idilər. Novruz Bayramı ərəfəsində verilən əfv fərmanı, bundan bir gün öncə Rauf Mirqədirovun məhkəmə zalından azad edilməsi, ayın 28-də isə İntiqam Əliyevin azadlığa çıxması İlham Əliyevin ABŞ-a “əliboş” getməməsinini təmin etmək və islahatlara hazır olduğunu göstərmək baxımından əyani sübut hesab oluna bilər.

Bu ərəfədə nisbətən az diqqət cəlb edən, amma hərbi-siyasi əhəmiyyətinə görə xeyli çəkiyə malik olan daha bir hadisə baş vermişdi. Martın 22-24-də ABŞ Müdafiə katibinin nümayəndəsi Maykl Karpenter Vaşinqtonda Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdi. Azərbaycan tərəfinin yaydığı rəsmi məlumata görə, Vaşinqtonda bu məsələlər müzakirə olunmuşdu:

  • NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində götürülmüş məqsədlərin yerinə yetirilməsi,
  • NATO ilə hərbi uzlaşma səviyyəsinin yüksəldilməsi, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq əsasında ikitərəfli və NATO proqramları çərçivəsində əməkdaşlıq, Azərbaycanla ABŞ arasında qarşılıqlı maraq doğuran digər məsələlər və perspektiv planlar.

 

Bütün bu olaylar göstərir ki, Rusiyanın narahat olması üçün kifayət qədər ciddi əsaslar var idi və Moskvanın vəziyyəti nəzarətində saxlamaq üçün münaqişənin alovlanmasına rəvac verməkdən başqa çıxış yolu yox idi.

 

Hərbi əməliyyatlar necə başladı?

 

Əsas məsələ hərbi əməliyyatların başlaması üçün düyməyə basmaq idi. Amma düymə hansı tərəfdən basıldı, əməliyyatları hansı tərəf başladı? Bu suala birbaşa cavab vermək çətindir. O səbəbdən ki, hələlik əlimizdə təkzibedilməz faktlar və dəlillər yoxdur. Verilən məlumatlardan anlaşılan odur ki, erməni tərəfi atəşkəsi intensivləşdirib, ağır artilleriya və raketlərdən istifadə edib, Azərbaycan tərəfi isə eyni qaydada cavab verməli olub. Amma hansı səbəbdən Azərbaycan ordusu hücuma keçib, hücum əmrini kim verib, doğrudanmı ilk hücum ermənilər tərəfdən olub, bizimkilər, sadəcə, onları yerində oturtmağa çalışıb və s. bu kimi suallara indilik cavab vermək hər mənada çətindir. Məsələ kifayət qədər həssas olduğundan hələlik bu sualları açıq saxlayırıq. Amma diqqət cəlb eləyən əsas məqamlardan biri odur ki, bu əməliyyatlar ölkə prezidentinin ABŞ-da olduğu və orada yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlər keçirdiyi zaman başlayıb. Yəqin ki, bu, təsadüf deyil. İlham Əliyevin ölkəyə çatdığı gecə Təhlükəsizlik Şurasının iclasını çağırması, üstündən bir neçə saat keçdikdən sonra isə birtərəfli qaydada atəşkəs elan etməsi də məsələnin kifayət qədər mürəkkəb və ağır olduğunun göstəricisidir.

 

Aprel ayının 5-də ikinci atəşkəsin elan edilməsi və bu dəfə hər iki tərəfin iştirakı ilə, özü də Moskvada atəşkəs sazişinin imzalannması olaya müəyyən mənada aydınlıq gətirir. Görünən odur ki, Moskva bu dəfə də qismən də olsa, istəyinə nail oldu. Ən azından “artıq tərəflər Kremlin nəzarətindədir” görüntüsü ortadadır. Amma bu, yetərli deyil. Moskvanın iştahası, deyəsən, daha böyükdür. Bu günlərdə Moskva-Bakı təmaslarının intensivləşməsi də bunu düşünməyə əsas verir. Bakıda səfərdə olan Rusiya xarici işlər naziri Sergei Lavrov Kremlin niyyətini dilə gətirib: “Azərbaycan nə Avrasiya İqtisadi Birliyinə, nə də ki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Lakin mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm”. Belə çıxır ki, Moskva Bakıya “sülh əvəsinə vassallığı qəbul etmə” təklifində bulunur. Rusiya Baş naziri Dmitri Medvedyev isə “Hər kəs konfliktin həll olunmasını, situasiyanın dəyişməsini istəyir. Bir çox siyasətçi bunu gələcək nəsillər qarşısında borc kimi görür. Yəni gələcək nəsillərə dondurulmuş yox, həll edilmiş konflikt vermək lazımdır” – söyləyib. Yəqin, diqqətli oxucular bunun nə demək olduğunun fərqindədirlər.

 

“Beşinci kolon”un fəallığı

 

Heç şübhəsiz, bu oyunların içində Rusiyanın Azərbaycanda əsas dayağı olan “beşinci kolon” əsas rol oynadı. Müxtəlif şayiələrin yayılması, insanların hissləri ilə manipulyasiyalar, informasiyaların ötürülməsi kimi işlər və daha nələr, nələr… Bir ara jurnalistlərin axtarıb tapa bilmədiyi personalar indi ekran qəhrəmanlarına çevriliblər. Əsas ideya da budur ki, indi bizim əsas dayağımız Rusiyadır və yalnız Rusiyanın yardımı ilə biz Qarabağı qaytara bilərik.

 

Hələ bir ay öncə YAP rəsmisi Siyavuş Novruzov hakimiyyət daxilində Rusiyanın “beşinci kolon”unun olmasını söyləmişdi. Elə döyüşlərin getdiyi zaman da digər YAP yetkilisi, baş nazirin müavini Əli Əhmədov Rusiya KİV-lərinin pozuculuq fəaliyətini tənqid etmişdi. Bunu Rusiya kanallarında yayımlanan verilişlərdən də açıq-aşkar görmək olurdu. Amma indi necə olubsa, Azərbaycanın efir məkanı Rusiyanın təbliğatçıları ilə dolub və bu verilişləri izləyən sıravi tamaşaçıda belə təəssürat yaratmağa çalışırlar ki, Rusiyanın dəstəyi ilə tezliklə hər iş yoluna qoyulcaqdır. Və bir də qoşunların təmas xəttində sülhməramlı qüvvələrin yerləşdirilməsinin vacibliyi önə çəkilir. Deyəsən, hər şey aydınlaşır.

 

Müharibənin verdiyi dərslər

 

Dörd günlük müharibə həm də bir sıra yenilikləri ilə əlamətdardır. Əlbəttə, bu əməliyyatlar bizim üçün də itkilərsiz ötüşmədi və son statistikalara görə, döyüş bölgəsində şəhid olanlarımızın sayı 80-i keçir. Bu, bizim üçün ağrıdıcı bir məqamdır. Amma bu, müharibələrin xüsusiyyətidir və bilməliyik ki, itkilərsiz nəsə əldə etmək mümkün deyil. Buna baxmayaraq, bu əməliyyatlar Azərbaycan üçün əvəzolunmaz imkanlar yaratmış oldu. Hətta, bir sıra tanınmış xarici hərbi ekspertlər də Azərbaycan ordusunun əldə etdiyi uğurların əhəmiyyətini qeyd etdilər. Ordunun daha yaxşı silahlarla təchiz edilməsi, hərbi hazırlığın səviyyəsi, daha keyfiyyətli maddi təminat nə qədər əhəmiyyətli olsa da, qələbənin əldə olunmasında əsas amil insan amilidir. Proqnozlaşdırmada da qarşı tərəfin silahlarını, hazırlığını təminatını nəzərə alaraq, kimin qələbə qazanacağını təxmin etmək olar. Amma tərəflərdən hansının döyüşə psixoloji cəhətdən daha çox hazır olduğunu, əhval ruhiyyənin səviyyəsini, kimin daha çox dirəniş göstərə biləcəyini heç bir cihazla ölçmək, hər hansı meyarla dəqiq müəyyən eləmək olmur. Dörd günlük müharibə sübut etdi ki, Azərbaycan ordusu məhz qələbə qazanmaq əzmidə və qabiliyyətindədir. Əhalinin müharibəyə münasibəti də göstərdi ki, xalqımız yeri gələndə birləşməyi, Vətən üçün hər şeyindən keçməyi bacarır. Erməni tərəfi də başa düşdü ki, bu torpaqları hansı güclərin hesabına tutmalarına baxmayaraq, bura onlar üçün əbədi məskənə çevrilməyəcək. Bu səbəbdən də hansı güclərin hansı oyunlar qurmasının əhəmiyyəti yoxdur, Qarabağın azad olunacağı gün yaxındadır.

 

Bastainfo.com

 

 

Bir cavab yazın