Mehriban Vəzir: Gərdiş

(Hekayə)

Siyasi gərdiş Məmmədi pərişan etmişdi. Üç ildən bəri əzmlə gedib gəldiyi, könül verdiyi, ümid bəslədiyi “Böyük Birlik”  qəfil çat vermiş, bir anda ikiyə bölünmüşdü. Müttəfiqlər  kəllə kəlləyə gəlmiş, biri-birinə ölümünə döşəmiş, birləşib gücləndikləri  yerdə özləri özlərini əzib şil-küt eləmişdilər.  Media-atışmalar, onlayn süpürləşmələr, fb söyüşmələr, komplolar – fotolar, videolar, nə bilim nələr…  arxivləri də zənginmiş – baş alıb getmiş, sövdələşmələr ortaya çıxmış, məlum olmuşdu ki, heç nə göründüyü kimi deyilmiş, səsləndiyi kimi… süslü-püslü, pofoslu… heç deyilmiş.

Halbuki Məmməd üç il əvvəl `Böyük Birliyə` gedəndə,  əmin idi ki, altı aya, uzağı bir ilə parlament seçkilərinin saxta nəticələri ləğv ediləcək və ölkə yeni seçkilərə gedəcək. Onu buna əmin etmişdilər. Düşərgəyə yeni gələn bütün naiflər kimi o da sona  altı ay, uzağı bir il qaldığına inanmışdı. İnandırmışdılar.

Məmməd indi – “Böyük Birlik” dağılandan üç ay sonra – bilmişdi ki, bunlar öyrəncəlidi. Hər üç ildən, beş ildən bir adıböyük birliklər qurur, sonra dağıdır, bir-birlərini yerdən yerə vurur, kim tez tərpənsə dünənki müttəfiqini əzib üstə çıxır, yollar ayrılır və… bir neçə il sonra yenidən kamera qarşısında əl verib birləşirlər…  İşdə, siyasət.

Arayerdə… olan  Məmmədə oldu.

Məmməd özü çox dilxor idi, amma qohum-qardaşı, tanış-bilişi, yerliləri dərindən bir nəfəs çəkib, nəhayət, onun “pis yoldan” çəkilməsinə sevincək olmuş, zərərin yarısından qayıtmaq xeyirdi, demişdilər.  Indi ara-sıra köhnə dostlardan da zəng gəlir, xəbər göndərir,  yolunu gözləyirdilər. “Yolunu azmış oğulun geri dönməsi” əski həyat hekayətidi.

“Böyük Birlik”dən sonra Məmməd az qala üç ay evə qapanmış, dost-tanış içinə çıxmamış, uzun müddət dilxorçuluqdan yaxa qurtara bilməmişdi. Lakin… bəsdi, təklik əl vermir.  İnzivadan çıxmağın vaxtı çatmışdı. Bu gün köhnə dostlara telefon edəcək. Bilirdi; papaq eləsə tökülüb gələcəklər. Indi də “Böyük Birlik”də deyil ki, ətrafı üçün zərərli olsun. Müstəqil, tərəfsiz adamdı.

Nəhayət, qərara gəlib  telefona əl atdı, üç ildən bəri görüşmədiklərindən birinə zəng vurdu,  xəttin o başındakı köhnə dost sevincindən bağırdı. İki dəqiqə keçməmiş görüşün yerini vədələşdilər.

– İndi harda yığışırsız.

– Elə həmin yerdə, qardaş, gəl.

– Oldu, görüşərik.

Məmmədin kefi kökəldi, həqiqətən, ikilikdə incə bir söhbətin  yeri vardı.

Məmməd şux geyinməyi sevirdi. Brend köynəklər, pencəklər, çəkmələr, … saçı, başı, təraşı… hər şey həmişəki səviyyəsində – dost var, düşmən var. Xüsusilə, əlinin aşağı olduğu bu vaxtında…  Bir xeyli pulu parlament seçkilərində havaya sovurdu.  Əlində-ovcunda qalanı da son üç ildə yeni dostların restoran xərclərinə səpələdi.

Üç il bundan əvvəl Məmməd hər şeyindən keçib, özünü, ailəsini və bütün nəslini – qohum-əqrəbasını təhlükəyə atıb…  müxalifətə üz tutmuşdu,`Böyük Birliyə` qoşulmuşdu. Cibində `beş-on manatı` ola-ola seçkini saxta saymış,  yeni seçki istəmişdi. Siyasi ulduzlar kimi iclaslarda birinci çərgədə oturmuş, natiq kimi nitq söyləmiş, hərəkatçı kimi tənqid etmiş,  təklif və təşəbbüslərdə bulunmuş, mətbuata müsahibə vermiş, şəkli qəzet səhifələrində peyda olmuşdu.

Bu, hər kişinin işi deyildi. Onun köhnə düşərgəsindən bir nəfər belə müxalifət tərəfə keçməyə ürək eləməzdi. O, elədi. Təkbaşına… yuxarıların rəyini heçə sayıb seçkiyə girdi, deputat olmaq istədi. Haqqı da vardı. Niyə olmasın? Bütün nəsli ilə daima öz mahalının xidmətində durmuşdu. Nəticə nə oldu?  Vicdansız yerliləri onu deputat seçmədi. Əslində, camaatlıq iş yox idi. Bu ölkədə uşaq da bilir ki, parlamentdəki yerlər pay-puş edilir; “neman-daniil, daniil-neman, neman-neman-daniil…” ana dilimizdə desək, bu mənim, bu mollanın…

Telefonu zəng çaldı.

– Qardaş, mənəm e.

– Buyur.

-Lətif deyir, mən də gələcəm. Deyir, ürəyim istəyir. Nətər baxırsan?

– Noolar… gəlsin.

Üç oldular.

Məmməd öz aləmində düşərgəsinə qəhrəman kimi qayıdırdı. Pərt, dilxor… lakin qəhrəman. Çünki bu ölkədə hakimiyyətə müxalif olanların dərisinə orta əsrlərin samanı təpilirdi. Özü də tək özünün deyil, bütün əsabələrinin dərisinə. Bir anda vergi çalağanları şığıyır, “ağır cinayət” dosyeləri açılır, işləyəni işdən qovulur, hətta miskin həkim-müəllim maaşına belə həsrət qoyulurdu. Ona görə də ağrımayan başına durduğu yerdə buz bağlayan hər kəsə əvvəlcə ailəsi, sonra qohum əqrəbası, sonra yerliləri, daha sonra xalq… dəli kimi baxırdı.

Biri toyuna çağırmır, o biri yasda yanında oturmur,  bir başqası telefon zənginə cavab vermir və beləcə, bütün el-oba ayının əmisi oğluna çevrilib cani-dildən dövrün `mədəni siyasətinə` dəstək verirdilər. Ən əziz, hətta qardaş kimi əziz, uşaqlığı bir yerdə, cavanlığı bir yerdə, kasıbçılığı bir yerdə keçirmiş əmioğlu ismarış göndərir ki, “qadan alım, ayağının altında ölüm… gəlmə. Səni mənim məclisimdə görsələr, uşağı işdən çıxardajaxlar, yazığam, bir aləm xərc çəib işə düzəlmişəm”.

Belə bir ağır şəraitdə cəsarət göstərmişdi, Məmməd. Məhz belə ağır şəaitdə. Qəhrəman deyildimi?  Əlbəttə, qəhrəman idi. Sadəcə heç kəsin qəhrəman saymadığı qəhrəman idi.  Lakin… qətiyyən dilinə gətirməsə də və həmişə olmasa da, arada, qəlbinin ən dərinliklərində özünü uzunqulağın yekəsi sayırdı. Xüsusilə, əli ciblərinin qaranlıq boşluqlarında dolaşanda.

Əslində ona demişdilər. Demişdilər, getmə, nə birlik, bu müxalifət heç nə eləyən deyil, uzağı, beş-on gündən sonra bir-birini qıracaqlar, ortalıqda qalacaqsan. Elin sözü düz çıxdı, bir-birini qırdılar. “Böyük Birlik” dağıldı, müttəfiqlər döyüşdü, iqtidar qəşş etdi, günlər keçdi, indi budu ha… Məmməd köhnə yuvasına dönür. Könülsüz dönür. Çünki yeni yeri çox ürəyincə idi. Orada azadlıq vardı, rahatlıq vardı. Düzdü, dolanışıq yox idi, lakin ürəyicə olan çox şey var idi.

“Amma gözəl illər oldu – güzgüyə baxa-baxa ipək qalstukunu bağlayıb düşündü, gülümsündü – ömrümə yazılsın” dedi. Məmməd ünlüləri sevirdi. Bu üçillik arada “Böyük Birliyin” bütün ulduzları ilə dostlaşmış, çörək kəsmişdi. Səhər qəzetlərdə şəkili çıxan, müsahibə verən, durum dəyərləndirən, ictimai fikri yönləndirən adamlarla axşam bir masada oturmuşdu. Bütün tərəflərdən “partiyamıza gəl” dəvəti almışdı. Lakin tərəf seçməmiş, hamı ilə bir çadırın altında olmağı üstün tutmuşdu. Anlamamışdı ki, bu düşərgədə üz-üzə duran neçə səngər var, bir ayağı burda, bir ayağı orda  neçə cəngavər var. Ayıq olmalı,  yerini bulmalı, kürəyini dirəklərdən birinə söykəməlisən, çünkü… çünküsü məlum… küləkli şəhərdi, tufanı, qasırğası var – aldı çadırı atdı – açıqda qalması var.

Doğrudan da, nə oldusa Məmmədə oldu. Tərəfini seçə bilmədi. Seçmək istəmədi, ona hər iki tərəf xoş idi, hər iki tərəfi sevirdi. İki sevda çəkənlərin isə cəzası var…

Telefon yenə zəng çaldı. Yenə həminki adam.

– Qardaş, yenə mənəm e.

– Buyur.

– Əkrəm deyir, mən də gəlim…

– Niyə, nə olub? Həccdən gələn var?

– Qardaş, var daa… var – sözünün dalını demədi, qəh-qəhə çəkib güldü.  

– Yaxşı, gəlsin – deyib Məmməd də ləzzətlə güldü.

Dörd oldular.

Daima yeni xəbərlərlə, rəsmilərin qeyri-rəsmi gizliləri ilə dolu olan Məmməd, indi də… uzaq, yad, qaranlıq, maraqlı, müəmmalı bir diyardan qayıdırdı. Əlbəttə, dostlar maraqlanacaq. Bu, orta çağların Haccdan qayıtmağı kimi bir şey idi. Oralarda nə var, nə yox, yediyin-içdiyin sənin olsun, gördüklərindən danış. İnternet yox, fb yox, twitter yox, whatSaap  yox. O dövrdə də indiki kimi ortaq heç nə yox idi. Bu tərəflə o tərəfi birləşdirən heç bir nəsnə yoxdu. Bir Aztv var, ona da bu tərəfdən baxan yoxdu. Bu, artıq tərəf  deyildi, tərəflikdən çıxmışdı, tay olmuşdu, tay.  Rahatca, “o tay – bu tay” demək olardı. Dəmir pərdəli dövrlərdəki kimi o tay bu taydan, bu tay o taydan xəbərsiz idi. Bir-birlərinin xeyirlərində, şərlərində belə iştirak etməzdilər. Etsəydilər aləm bir-birinə dəyərdi. Hakimiyyət üzvü üzvlükdən qovular, müxalifətçiyə “satqın” damğası vurulardı. Məsələ “yarım o tayda qaldı, yarım bu tayda qaldı” məsələsi qədər qəlizləşmişdi. Tərəflərin ictimai şüuru çoxdan dəyişmiş, hətta şüualtılar belə fərqli yönlərə dönmüş, artıq sıra mentalitetə yönəlmişdi. Mentalitetlər  belə dəyişmək üzrə idi. Bəlkə də dəyişmişdi artıq. Sadəcə, bunu ölçən cihaz olmadığından dəqiq bir söz deyən yox idi hələ.

Məmməd, məhz dəmir pərdəni aralayıb… bu taydan o taya keçmişdi. İndi isə… o taydan qayıdırdı.

Telefon yenə zəng çaldı. Məmməd dəstəyi götürüb dinləmədən dedi;

– Gəlsin. Kim gəlir gəlsin.

– Cabbar da gəlmək istəyir.

– Gəlsin.

– Oldu, qardaş, sağ ol, sağ ol.

Beş oldular.

Məmməd məclis  adamı idi. Harda olmuş olsa – istər o tayda, istər bu tayda – heç vaxt dost-aşna başından əskik olmayıb. İndi pullanmış bu gədələrin hamısını keçmişdə cibində gəzdirmişdi. Dövlət büdcəsini talayıb maqnat olmuşlar bir vaxtlar onun əlinə su tökmüşdü. Hamısının keçmişini, cikini-bikini bilirdi. Kimin hansı dərədən cıxıb, hansı bərədə yem gəzdiyini gözləri ilə görmüşdü. Vaxtilə pula pul deməmişdi. Səxavət kisəsinin ağzı da daim açıq olmuşdu. Bu son üç ildə də çox ünlüləri, çox gözəlləri başına yığıb qonaqlıqlar vermişdi.  O, qadınları da sevirdi. Siyasətçi qadınlarla dilxoşluq etməyi, bir məclisdə olmağı lap çox sevirdi.

İndi yenə… köhnə dostlara qayıdırdı. Əslində Məmməd etibarsız adam deyildi. Yeni düşərgəyə keçəndə köhnə dostları unutmamışdı. Köhnə dostlar da qohum-əqrəba kimi özləri Məmmədə xəbər göndərmişdilər, öz dilləri ilə demişdilər; `qardaş, başa düş, bundan sonra sənnən oturub durmaq xatadı. İşimiz-gücümüz var. Ya qismət, bəlkə Rusetdə zadda görüşərik, amma əslində o da qorxuludu, yerin də qulağı var.`

…Beş nəfər köhnə dost… aram-aram… yedilər, içdilər, yüz-yüz vurdular. Hər şeydən danışdılar – daş almaqdan, beton tökməkdən, taxta gətirtməkdən, gömrükdəki soyğunçuluqdan, rüşvətin artmasındam, manatın ölməsindən, işlərin getməməsindən, tikintinin çökməsindən, verginin qulaqkəsənliyindən, `fövqəladə`nin başkəsənliyindən… hər şeydən. Amma bir kəlmə demədilər ki, ay Məmməd, a kişi, sən haralardan gəlirsən, oralarda nə var-nə yox, kim var, kim yox… yediyin-içdiyin sənin olsun…  gördüklərindən danış.

Məmməd məəttəl qalmışdı, heç kəs bu barədə heç nə demirdi. O boyda liderlərlə, adı ölkə ilə bir olan siyasətçilərlə oturub durasan, şəklin qəzetlərdə çıxa, bir kəlmə soruşan olmasın ki, nə var, nə yox, o taydakılar kimdi, nəçidi, nə edirlər, nə deyirlər, nə istəyirlər, nə yeyirlər, nə geyirlər… Halbuku, bu sonradan görənlər vəzifədə oturanların tərcümeyi halını daima Məmməddən soruşmuş, maraqlı məlumatları ondan almışdılar.

Yox. Heç nə soruşan olmadı. Elə bil Məmməd heç o taydan gəlmirdi. Elə bil dünən ayrılmışdılar. Elə hey yeyir, içir, kabab çəkdirir, tikintinin çökməsindən,  qazancın azalmasından, rüşvətin nəfəs kəsməsindən danışır, arada da… əllərindəki badəni qaldırıb Allahdan prezidentə və ailəsinə uzun ömür, cansağlığı istəyirdilər.

Məmməd gərdişə baxıb ara-sıra xəyala dalırdı… bunları belə qoyub getməmişdi. Üç il, üç ay nə böyük müddət imiş. O vaxt da bir şey deyildilər – amma belə deyildilər – indi də lap zayları çıxıb.

Məmməd çox gözlədi. Yarımsaat, bir saat… Birdən,  yeri gəldi və o, müxalifətin iki ünlü ismindən biri haqda sözə başladı. Əslində, söz sözü çəkdi,  yəni, mən də filankəslə filan vaxt elə həmin yerdə idim, dedim ki…  ay filankəs bəy…

Bayaqdan yeyib içib, yayxanıb, genləşmiş kişilər özlərini yığışdırdılar, yerlərində dikəldilər, boğazlarını uzatdılar. Biri;

– Bizim məclisdə onun adını niyə çəkirsən? – deyib Məmmədə bozardı.

– Niyə çəkmiyim ki? – Məmməd də ona bozardı.

– O satqındı.

– Nəyini satıb ə sənin?

– Dövlətə xəyanət edir.

– Xəyanət edib neyləyir?

– Bilmirəm neyləyir. Bilmək də istəmirəm. Mən olan yerdə onun söhbətini eləmə.

– Xoşuna gəlmir, dur get.

– Gedərəm.

Bir anda hava pozuldu. Adam ciddicə durub getdi. Dörd oldular.

Susdular. Bu qəfil gediş məclisi gərginləşdirdi. İçkili və xürrəm dostlar bir anda ayılmış,  dilxor olmuş,  yeyib içdikləri haram olmuşdu.  Əslində Məmməd  `dur get`i sözgəlişi demişdi, gedəcəyini ağlına belə gətirməmişdi.

Bu qanqaraçılıqdan çıxmaq üçün özünü toparlayıb sözünün harda qaldığını araşdırmağa başladı. Pərtlik fikrini yayındırmış, sözünü unutdurmuşdu.

– Hə, onu deyirdim axı – deyə Məmməd heç nə olmamış kimi sözünə davam elədi.

– Neynirsən e onu deyib…

– Niyə deməyim?

– Telefonlar yazır…

– Nə?

– Bizim işimiz-gücümüz var, qardaş. Niyə balamızın çörəyinə bais olursan?

– Bais olub neyləyirəm axı?

– Hər yer kameradı… Telefonlar yazır…

– Əə, siz kimsiz ə… sizin telefonlar yazsın.

“Siz kimsiz” təhqirinə dözməyən biri də hikkə ilə yerindən qalxdı.

Üç oldular.

Qalanlardan biri səsini qısıb Məmmədə sarı əyildi;

– Bir şey bilib deyirlər də. Oturmuşuq, yeyək, içək, söhbət edək, prezident sağ olsun, onun çörəyini yeyirik. Neyniyək, biz də sənin kimi lüt qalaq?

– Sənə deyirəm get onun partiyasına gir?

– Əşi… heç adını da çəkmə yanımda. Niyə bizim məclisdə onun adı eşidilsin? –səsini bir az da alçaltdı- Hər yer yazır. Niyə durduğum yerdə xataya düşüm? Qulaq günahkarı olmalıyam?

– A kişi nə xatası… istəyirsən sən də get.

– Gedərəm.

O da getdi.

İki qaldılar.

Məmməd pərt-pərt susur, arabir üzbəüz oturduğu köhnə dostuna baxırdı. O isə tikan üstdə oturmuş kimi fikirli-fikirli telefonuna baxır, nə rahat otura bilir, nə durub gedə bilirdi.  Bir xeyli baxdıqdan sonra telefonu götürüb cibinə qoydu. Nə fikirləşdisə qayıdıb cibindən çıxartdı. Söndürüb yenə cibinə qoydu. Bir an sonra yenə əl atıb cibindən çıxartdı.  Burnunun altında “yox, belə də yazır” dedi. Telefonun altını söküb pilini çıxartdı. “Belədə yazmır” dedi.

Məmməd maddım-maddım tamaşa edirdi. Belə şeyləri yadırğamışdı. Üç ildən bəri o tayda hər cür adamla – yaxşısı ilə, yamanı ilə, dəlisi ilə ağıllısı ilə oturub durmuş, hər şeydən, hər kəsdən danışmış, hökuməti nə asıb kəsmişlər görmüş… hələ telefonun içalatını çıxaran adama rast gəlməmişdi.

Qarşısında oturan bu taylı indi də qorxu dolu baxışlarla çarpdırmadan tavanların künclərinə boylanırdı. Məmmədə tərəf əyilib xısın-xısın “şamdanların altına yerləşdirirlər” dedi.  Birdən diksindi, “heç uzağa getmə, masanın altında “köstəbək” ola bilər” deyə pıçıldadı. Və altından indicə diri köstəbək çıxacaq kimi qurcalaxlanıb dikəldi. Əllərini masaya dirəyib bir an acı-acı sür-sümük dolu qabına baxdı. Baxdı-baxdı… və qalxdı. “Mən gedim, qardaş… işim var… bayaq… zəng gəldi…”

…Məmməd  tək qaldı. Önündə natəmiz bir masa vardı. Bir sürü bulaşıq qab-qacaq, gəmirilmiş sümük, bürüşmüş salfetka, yağlı-hisli barmaq izləri olan badələr…

Pərişan idi.

 

One thought on “Mehriban Vəzir: Gərdiş

Bir cavab yazın