Arif Hacılı: “Bu Azərbaycan diplomatiyasının məğlubiyyətidir!”

Xəbər verdiyimiz kimi Azərbaycan və Ermənistan prezidentləri Vyanada görüşüblər. ATƏT-in Minsk Qrupunun Vyana danışıqlarının yekunlarına dair yaydıqları bəyanatda bildirilirdi ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər. Və bu prosesin gedişində məlum olub ki, hakimiyyətin təbliğ etdiyi 5 rayonun qaytarılması məsələsi ümumiyyətlə müzakirə predmeti deyilmiş. Bunu da RF XİN-nin mətbuat xidməti bəyan edib. Azərbaycan rəsmiləri isə məsələ ilə əlaqədar susmağı üstün tuturlar.

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün facebok səhifəsində yazib. Müsavat başqanı Azərbaycan hakimiyyətindən hərbi əməliyyatlarda qazanılmış uğuru danışıq masasında məğlubiyyətə çevrilməsinin hesabatını tələb edib:

“Qarabağ məsələsi ilə əlaqədar Vyana görüşü barədə fərqli məlumatlar yayılır.

Bəzi mənbələr Azərbaycan tərəfinin 5 rayonun ilkin şərtlər irəli sürülmədən qaytarılması, yalnız bundan sonra həm davamlı atəşkəs, həm də digər məsələlərin müzakirəsinə başlanılmasının mümkünlüyü şərtini irəli sürdüyü barədə məlumat verir. Bu mövzu mətbuatda da geniş müzakirə olunur. Lakin, Rusiya XİN in rəsmi nümayəndəsi 5 rayonun qaytarılması məsələsinin, ümumiyyətlə müzakirəyə çıxarılmadığını bəyan edib.

Bu arada Minsk qrupunun rəsmi açıqlamasında tərəflərin münaqişənin hərbi yolla həllinin olmadığı barədə razılağa gəldikləri, atəşkəs barədə 94-cü ildə qəbul olunmuş sənədlərin prinsiplərinə sadiq olduqlarını bildirdikləri qeyd olunur.

Əgər Minsk qrupu adından verilən bəyanat, Rusiya və Ermənistan rəsmi dairələrinin açıqlamalarında deyilənlər doğru deyilsə niyə təkzib olunmur? Əgər həqiqətdirsə bu Azərbaycan diplomatiyasının ciddi məğlubiyyəti kimi dəyərləndirilməlidir.

Vyana görüşündən sonra danışıqların nəticələri 2-5 aprel döyüş əməliyyatlarından əvvəlki vəziyyəti müsbətə döğru dəyişməyibsə deməli hakimiyyətin də yüksək qiymətləndirdiyi, şəhidlərimizin qanı bahasına əldə olunmuş uğurlar danışıqlar masası arxasında uduzulub.

Hakimiyyət gedən danışıqlar prosesi barədə bütün çətinliklərə baxmayaraq Qarabağın azadlığı uğrunda yumruq kimi birləşməyi bacaran, bu yolda mərhumiyyətlərə dözən, şəhidlər verməyə hazır olan cəmiyyət qarşısında hesabat verməli, xalqın səsini eşitməlidir.”

bastainfo.com

Bir cavab yazın