Alya Yaqublu: “Hamı hər şeyi çox yaxşı bilir”

İlham Əliyevin bayram təbrikində səsləndirdiyi təzadlarla dolu, reallıqdan uzaq fikirlərinə Müsavatın Divan üzvü, Müsavat Qadınlar Birliyinin sədri Alya Yaqublu da, münasibət bildirdi.

Alya Yaqublu öz facebook səhifəsində yazır:

“Ilham Əliyevin bir bayram çıxışında xalqa üz tutub özünə qarşı haqsızlıqlardan şikayətlənməsi sizə də qəribə gəldimi? Adətən, o, belə vaxtlarda hakimiyyətin uğurlarından, böyük neft gəlirlərindən, sürətli iqtisadi inkişafdan, sabitlikdən və əhalinin hakimiyyətə inamından, dəstəyindən danışardı.

Əcəba, həmişə məmmədovlar, həsənovlar, novruzovlar səviyyəsində səsləndirilən “özləri bizdən betərdi” antitezislərini Əliyev nədən şəxsən özü də sadalamaq ehtiyacı duydu?

Bəlkə hakimiyyətin təhlükəli səviyyələrə enmiş reytinqini bərpa eləmək üçün?

Ağlım kəsmir. Çünki bu məsələ onu ciddi şəkildə heç vaxt narahat eləməyib. Hətta devalvasiya fırtınasının ən güclü dönəmində də. Narahat eləsəydi, verdiyi sərəncamların heç olmasa biri ölkəni və əhalini bu çətin durumdan çıxartmağa hesablanmış olardı, o sərəncamların barı bircəciyində iqtisadi islahat meyli hiss olunardı. Bu baş vermədi, Əliyev kritik situasiyadan çıxmağın səmərəli yox, kosmetik üsulunu seçdi. Bir çox hallarda hətta bunu da bacarmadı, o qədər qeyri-adekvat dəyişikliklər, müdaxilələr yapdı ki, dünən verdiyi sərəncamları bu gün ləğv eləməli oldu.

Buna görə narahatlıq keçirdimi, çıxıb xalqa bir açıqlamada bulundumu? Yox. Ənənəvi olaraq orda-burda bir dəstə büdcə işçisini başına toplayıb uğurlu siyasətindən, iqtisadi inkişafdan, artan maaş və pensiyalardan danışmaqda davam elədi. Demək ki, məsələ reytinqin bərpasında deyil.

Nədədi o zaman? Kütlənin qarşısına bir qayda olaraq bacarıqlı və sevilən rəhbər obrazında çıxan və deyəsən, buna özü də inanan Ilham Əliyevi bu özünümüdafiə revanşına nə məcbur elədi ki, bayram çıxışında xalqına dərd yanıb xaricdə əsassız tənqidə məruz qalmağından şikayətləndi? Onları təəccübləndirmək, hirsləndirmək, onlardan dəstək almaq üçünmü?

Bu da inandırıcı deyil. Guya televizorun qabağında oturub ona qulaq asanlar ölkədə nələr baş verdiyini bilmirlərmi? Korrupsiyanın, səfalətin, seçki saxtakarlıqlarının “fiquranları” həm də onlar özləri deyillərmi? Bəyəm narko-repressiyanın qorxusundan özünüqoruma instinktini itirmiş azərbaycanlılar ən ağır hallarda da sükut etməyə məcbur olduqlarını əcnəbilərdən eşidirlərmi?
Yox, təbii ki. Hamı hər şeyi çox yaxşı bilir. Demək ki, məsələ dəstək söhbəti də deyil.

Məsələ Ilham Əliyevin çıxılmaz duruma düşməsindədi – bəlli olur ki, o artıq antidemokratik idarəçiliyi barədə tənqidlərdən bezib, amma başqa cür idarə eləyə bilmədiyi üçün də belə danlaqları eşitmək zorundadı və bu məcburiyyət onu çox qəzəbləndirir. Təbii ki, əvvəllər də belə tənqidlərə sevinməyib, qıcıqlanmış olardı ən azı. Amma indi səbr kasası dolub yəqin. Necə ki, pulsuz adam hirsli-hövsələsiz olur, pulsuz ölkələrin rəhbərləri də elə olur anlaşılan.

Ciddi problemlə üzləşib onu həll eləyə bilmirsən, buna gücün, imkanın çatmır və bacardığın tək iş şikayətlənmək, deyinmək olur ha, bax, Əliyevin vəziyyəti indi o vəziyyətdi. Indi onun bu cür “deyinməkdən” başqa görə biləcəyi iş yoxdu.

Düzdü, islahatlara getmək, tənqid əvəzinə tərif eşitmək variantı da var, amma mən bu yöndə ən kiçik perspektiv belə görmürəm. Çünki bəzi analitiklərin və siyasətçilərin “gənc, perspektivli və islahatçı lider” proqnozunu Ilham Əliyev tarixə çoxdan gömüb.

 

Bastainfo.com

Bir cavab yazın