Müsavatdan üç tələb…

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda görülən işlər barədə məlumat verilib. Novxanı kəndində təşkil edilən 28 may bayram tədbiri barədə məlumat verilib. Mitinq-bayram tədbiri Divan tərəfindən yüksək qiymətləndirilib. Ümumilikdə Azərbaycan hakimiyyətinin Cümhuriyyət gününün xüsusi qeyd olunmasına göstərdiyi müqavimətə baxmayaraq, ölkə boyu və dünyanın müxtəlif ölkələrində – Gürcüstanda, Türkiyədə, Almaniyada və digər yerlərdə yüksək əhval-ruhiyyə ilə qeyd olunması təqdir edilib.

Sonra Divan üzvü Rafiq İsmayıl Göyçay rayon təşkilatının ümumi yığıncağı haqqında ətraflı məlumat verib. Nizamnamə çərçivəsində bütün strukturların formalaşması və ümumi yığıncağın yüksək səviyyədə keçirilməsi qeyd olunub.

Divan üzvü Nailə Yaqublu Mətbuat Şurasının “bastainfo.com” saytı ilə bağlı dəvətilə iştirak etdiyi toplantı haqqında məlumat verib. Divan ali qanunverici orqanın “bastainfo.com” saytı və saytın baş redaktoru Mustafa Hacıbəyli barədə ölçü götürülməsi ilə bağlı Mətbuat Şurasına göstəriş verməsini qanunvericiliyə zidd addım və mətbuata basqı kimi dəyərləndirib.

Türkiyənin Böyük Birlik Partiyasının başqanı Mustafa Dəstəçi başda olmaqla nümayəndə heyəti ilə Müsavat Partiyasının Mərkəzi qərargahında keçirilən görüş barədə Müsavat başqanı Arif Hacılı məlumat verib.

Məlumatlardan sonra Divanda bir sıra məsələlər müzakirə olunub.

Müsavat Partiyası ölkədə fərqli fikrə ehtiyacın daha da artdığını nəzərə alaraq, dövlət büdcəsindən maliyyələşən İctimai TV-yə bir daha öhdəliklərin xatırladaraq, Müsavat Partiyasına həftədə 1 saat olmaqla efir vaxtı ayrılmasını tələb edib.

Müsavat Partiyası qondarma ittihamlarla saxlanılan fəalların – Amid Süleymanov, Elvin Muxtarov və Anar Abdullanın həbsini qətiyyətlə pisləyərək, gənclərin dərhal azadlığa buraxılmasını tələb edib.

Müsavat Partiyası Azərbaycan Konstitusiyasını və beynəlxalq normaları əsas tutaraq, Xəzər dənizi kənarında kütləvi hasarlanmanı özbaşınalıq kimi qiymətləndirib. Sahil boyu bütün hasarların sökülməsini, vətəndaşların Azərbaycanın təbii sərvətlərindən bərabər istfadəsinə şərait yaradılmasını tələb edib.

Divanda geniş müzakirə olunan məsələlərdən biri kimi son günlər Bakı şəhərində tarixi abidələrin sökülməsi ilə bağlı olub. Müsavat Partiyası Azərbaycan hakimiyyətini bu vandalizm hərəkətlərinə son qoymağa çağırıb.

Daha sonra 18 oktyabr müstəqilliyimizin 25 illiyi ilə bağlı tədbirlər planının hazırlanması və həmin günün xüsusi qeyd olunması üçün silsilə tədbirlərin keçirilməsi barədə qərar qəbul olunub

bastainfo.com

Bir cavab yazın