Rusiya Azərbaycan hakimiyyətinin yalanını üzə çıxardı

Prezident Administrasiyasının sözcüsü Novruz Məmmədovun Sankt-Peterburq görüşünün yekunu olaraq işğal olunmuş 5 rayonun Azərbaycana qaytarılacağı haqda fikirlərinin yalan olduğu üzə çıxıb.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşünə dair vicdansız təhriflərdən imtina etmək lazımdır”.

Rusiya mətbuatının məlumata görə, bu sözləri Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə ona ünvanlanan müvafiq suala cavab verərkən deyib.

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun “Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır – əvvəlcə Azərbaycanın 5 rayonunun, sonra daha 2-sinin azad olunması və dəhlizin müəyyən edilməsi. Və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər”, – bəyanatını Mariya Zaxarova vicdansız təhrif kimi dəyərləndirib. Bu barədə XİN-nin rəsmi saytında məlumat yerləşdirilib.

“Onlar münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılmasına dair razılığa gəliblər. Həmçinin, təmas xəttində atəşkəs rejiminə əməl olunmasından məmnunluq ifadə olunub. Mən bütün rəsmi saytlarda dərc olunmuş mövcud bəyanatları şərh edirəm. Onların dilindən səsləndirilən və rəsmi sənədlər sayılan xüsusi bəyanatlar var. Hansısa təhrif olunmuş, yalan məlumatlardansa, bu bəyanatlara müraciət edərək çıxış etmək lazımdır”, – deyə M. Zaxarova söyləyib.

Qeyd edək ki, Novruz Məmmədovun bu açıqlaması Azərbaycanda əvvəlcədən şübhə ilə qarşılanmışdı. Müsavat başqanı Arif Hacılı iki gün öncə BBC radiosuna verdiyi açıqlamasında Novruz Məmmədovun bu iddiasının danışıqların digər iştirakçıları tərəfindən təsdiqlənmədiyi üçün inandırıcı olmadığını bildirmişdi.

bastainfo.com

 

Bir cavab yazın