Vaşinqton İrvinq – Divarçının macərası (hekayə)

Divarçının macərası
(hekayə)

     Keçmiş zamanlarda Qranadada kasıb bir divarçı vardı. Bütün dini bayramlarda pəhrizini, duasını vaxtında və doğru-düzgün yerinə yetirirdi. Dininə bu dərəcədə möhkəm bağlı olmasına baxmayaraq, gün keçdikcə daha da yoxsullaşır, çoxsaylı uşaqlarına güc-bəla çörək pulu qazana bilirdi.

Bir gecə qapının tıqqıltısına oyandı. Qalxıb qapını açdı, qarşısında upuzun, cılız, ölüyə bənzəyən bir keşiş dayanmışdı.

Keşiş:

– Dinlə məni, gözəl dostum, – dedi. Sənin haqqında tam ətraflı məlumat əldə etdim, dininə bağlı, namuslu, etibarlı bir insan olduğunu anladım. Bu gecə mənə bir xidmət göstərərsənmi?

– Məmnuniyyətlə, senyor Padre; təbii pulunu almaq şərti ilə.

– Əlbəttə. Amma gözlərini qapayacağam. Buna razı olarsanmı?

Divarçı etiraz etmədi. Keşiş onun başına üzünü örtən bir başlıq keçirdi. Bir çox daşlı-kəsəkli quraq yerlərdən, əyri-üyrü yollardan keçib getdilər. Nəhayət bir evin qarşısında dayandılar. Keşiş cibindən açar çıxararaq qapının kilidinə saldı və qapı səs-küylə, cırıltıyla açıldı. İçəri girdilər. Qapı təkrar örtüldü və kilidləndi. Uzun, uğultulu bir dəhlizdən və geniş bir həyətdən keçərək, evin içərilərinə doğru getdilər. Burada keşiş, divarçının başından örtüyü çıxardı. Divarçı ətrafına baxdı. Bura geniş bir həyət, meydan kimi bir yer idi. Kiçicik bir lampa ətrafı qismən aydınladırdı. Ortada, yalağı qurumuş bir ərəb bulağı vardı. Keşiş divarçıya bu bulağın altında bir çuxur qazıb kiçicik bir zirzəmi hazırlamasanı söylədi. Onsuz da kərpic və minaatan da hazır idi. Divarçı bütün gecə çalışdı, amma çuxuru hələ tamamlamamışdı. Dan sökülməzdən əvvəl, keşiş onun ovucuna bir qızıl basıb, təkrar gözlərini bağladı və evinə apardı. Sonra soruşdu:

– Qayıdıb işini tamamlamaq istərsənmi?

– Məmnuniyyətlə, senyor Padre, təbii pulunu almaq şərti ilə.

– Al, elə isə sabah axşam gecə yarısı yenə gələrəm.

Keşiş gəldi. Divarçı da kiçicik zirzəmini tamamlamışdı. Keşiş:

– İndi, bu çuxura basdırılacaq yükləri daşımağıma kömək etməlisən, – dedi.

Yazıq divarçının tükləri tikan kimi qabardı. Titrək addımlarla keşişi təqib etdi. Evin gizli bir küncündən bir otağa girdilər. Biçarə divarçı faciəvi bir ölüm səhnəsiylə qarşılaşacağını zənn edirdi. Xülasə, otağın bir küncündə bir neçə böyük saxsı qab görüncə rahatlandı. Hamısının dolu olduğu bəlli idi. Çünki keşişlə divarçı onları çətinliklə daşıyıb çuxurda basdırdılar. Sonra çuxurun üstü iz buraxmayacaq şəkildə bağlandı. Divarçının gözləri yenidən bağlandı və bu dəfə başqa bir yolla qayıtdılar. Çox narahat yollardan keçdikdən sonra dayandılar, keşiş onun ovucuna iki qızıl basaraq:

– Kilsənin səhər zəngləri çalınana qədər burada gözlə, əgər gözlərini bundan əvvəl açmağa cəhd etsən, başını  bəlaya salar, qəzəbə tuş gələrsən, – deyərək ondan uzaqlaşdı.

Divarçı sədaqətlə gözlədi, kilsənin səhər zəngləri çalınar – çalınmaz, gözlərini açaraq, ətrafına baxdı. Sən demə Xenil çayının kənarındaymış. Dərhal evə getdi. Uşaqları düz iki həftə onun qazandığı pullarla bol-bol yeyib içdilər. Ondan sonra da yenidən əvvəlki kimi yoxsullaşdılar.

Divarçı yenə də gecə – gündüz duasından qalmadı. Hər il bayramları, müqəddəs günləri təqib etdi. Amma yenə də uşaqları, bir qaraçı karvanı kimi pərişan və baxımsız gəzib dolaşdılar. Bir axşam, daxmanın qarşısında oturarkən, qarşısında, bir xeyli mal-mülk sahibi, tamahkarlığı ilə tanınmış bir adam dayandı, bir cüt çatma qaşın altından iki göz əsəbi – əsəbi onu süzürdü. Adam:

– Dostum, eşitdiyimə görə sən kasıb bir adamsan.

– Söyləməyə ehtiyac yoxdur, senyor, kasıblıq özünü göstərir.

– Elə isə yəqin ki, bir iş tapınca məmnun olarsan, həm də bəlkə də ucuz bir qiymətə işləyərsən.

– Qranadadakı bütün divarçılardan daha ucuz qiymətə işləyərəm, senyor.

– Aha, mənim axtardığım da budur. Köhnə, yıxıq-sökük bir evim var. Təmirinə pul sərf etsəm, astarı üzündən baha oturar mənə. Onsuz da içində kimsə yaşamır. Ona görə də mümkün olduğu qədər az bir xərclə təmir etdirmək istəyirəm.

Adam, divarçını uçuq, xarabaya bənzəyən böyük bir evə apardı. Bir çox bomboş otaqlardan, həyətlərdən keçib evin iç tərəfində böyük bir həyətə girdilər. Burada divarçının gözünə köhnə bir ərəb bulağı dəydi. Bir iki dəqiqə dayandı. Belə bir yerdə olduğunu xatırlamış kimi oldu:

Allah eşqinə, senyor, bu evdə bundan əvvəl kim yaşayırdı?

– Allah bəlasını versin, qoca pinti bir keşiş idi. Özündən başqa heç kimi bəyənməzdi. Çox varlı olduğunu söyləyirdilər. Kimsəsi də yox idi. Hamı onun, öz sərvətini kilsəyə miras qoyacağını zənn edirdi. O isə bir gün qəflətən oldu. Bütün keşişlər, rahiblər onun puluna sahib çıxmaq üçün yığışdılar, amma dəri bir torbacığın içində üç-beş qəpik tapa bildilər. Əsl olanlar mənə oldu. Hərif öldü, amma ruhu hələ də mənim evimdə yaşayır, həm də pul-parasız, havayı. Neyləyəsən ki, ölülərdən pul tələb edilməz.

Deyilənlər görə, bütün gecə, keşişin yatdığı otaqda pul şıqqıltısı duyulurmuş – sanki keşiş pulunu sayırmış kimi, bəzən də həyətdə inilti səsləri gəlirmiş, istər doğru, istər səhv, nə olursa olsun bu dedi-qodular evimin adını pisə çıxardı. İndi kimsə yaxın düşməz buraya.

Divarçı əzmkar bir əda ilə:

– Çox pis!-dedi… Yaxşı, bir icarəçi gələnə qədər icazə ver, mən bu evdə yaşayım. O vaxt həm evi təmir edər, həm də evin rahatlığını pozan yazıq ruhu sakitləşdirərəm. Mən Allahın dindar bir quluyam, üstəlik də kasıbam. Şeytandan – meytandan çəkinəcək bir insan deyiləm, hətta bu şeytan böyük bir çuval dolusu pul olaraq qarşıma çıxsa belə.

Adam divarçının təklifini məmnuniyyətlə qəbul etdi. Divarçı da külfətini yığıb bu evə yerləşdi və söylədiklərini də yerinə yetirməyə başladı. Yavaş – yavaş evi təmir edib əvvəlki halına saldı. Artıq pul şıqqıltısı, gecə ölü bir keşişin otağında deyil, gündüz diri bir divarçının cibindən eşidilirdi. Uzun sözün qısası o, gündən – günə varlanırdı. Bütün qonşularının paxıllığı tuturdu ona. O isə Qranadanın ən varlı adamlarından biri olmuşdu. Sonda vicdanına rahatlıq vermək üçün kilsəyə külli miqdarda vergi verdi. Kiçicik zirzəmi sirrinə gəlincə, onu da ancaq ölüm yatağında olarkən sevimli oğluna açmışdı.

 

Bir cavab yazın