Sahibsiz “sahibli” səhiyyəmiz

Rüfət Baxışbəyli

Bir dəfə bu mövzuya müraciət etmişdim. Bərbad, özünün müalicəyə ehtiyacı olan səhiyyəmizdən, onun başı bəlalılığından kiçik bir yazım olmuşdu. Bu müddət ərzində heç bir irəliləyiş olmadı, nə yazıq ki, son baş verənlər məni yenə də günü-gündən batmaqda olan səhiyyəmizdən yazmağa vadar etdi. Əslində keçən yazının nəyəsə təsir edəcəyinə inanmadığım kimi bu gün yazacaqlarımın da nəyisə dəyişəcəyinə inanmıram. Amma yenə də gördükərimi, eşitdiklərimi, oxuduqlarımı yazıb sahibsiz səhiyyəmizin əslində “sahibli” olduğundan xəbərdar olduğumuzu həmin “sahiblər”ə bir daha bildirmək istədim…

Ta qədimdən, insanlar özünü dərk edəndən sağlamlıqlarının qeydinə qalıblar. Müxətlif zamanlarda bu qeydəqalma da müxtəlif formada olub. İnsanların xəstələnməsi, xəstəlikdən dünyasını dəyişməsi səbəblərini araşdırmaq üçün ibtidai icma quruluşundan bu günə kimə xüsusi bilik və bacarıqlara malik olan insanlar araşdırmalar edib xəstələrə yardım etməyə çalışıblar. Cahillik dövrləri zamanı hətta cadugərlər də olub. Sonralar loğmanlar bu işlə məşğul olub və tibb elmi inkişaf etdikcə həkimlik sənəti yaranıb. Əsrlər keçdikcə bu sənət dövlət səviyyəsində inkişaf etdirilib və savadlı, bacarıqlı həkimlər yetişdirilib. Dövlətlər öz vətəndaşlarının sağlamlığına görə məsuliyyəti birbaşa olaraq öz boynuna götürüb. Hal-hazırda isə dünya səhiyyəsi ən qorxulu və sağalmayan adı almış xəstəliklərin müalicəsini arayıb araşdırmaqla məşğuldurlar. Bəs, görəsən, dünya səhiyyənin inkişafıyla məşğul ikən Azərbaycanda da bu proses eyni templə gedirmi!? Çətin sual oldu düzü…

Son günlər səhiyyəmizdə baş verən hadisələr əksini deyir. Salyanda üçəm uşaqların ölümü, ardınca cərrahın əməliyyat zamanı səhvən qidalandırıcı damarı kəsməsi, 10 yaşlı uşağın quduzluqdan ölməsi, Bakıda özəl xəstəxanaların birində 3 yaşlı qız uşağının aşırı anestezidən dünyasını dəyişməsi, yenə Bakıda şəkər xəstəsi qadının xəstə ayağı əvəzinə səhvən sağlam ayağının kəsilməsi və bunlar kimi onlarla faktlar bərbad, bərbad olduqca xəstə səhiyyəmizdən xəbər verir. Bütün bunlara keyfiyyətsiz dərmanları da əlavə edəndə vəziyyətin çox acınacaqlı olmasını görmək elə də çətin deyil…

Dərman məsələsi, ümumiyyətlə, lap acınacaqlıdır. Hələ bir neçə ay əvvəl telekanalların birinə canlı yayım verilişinə bir həkim zəng etmişdi. Çoxlarının yadında olar. O həkim Almaniyada təcrübə keçərkən alman farmaseptin onunla söhbətini danışmışdı. Həmin almanın sölərinə görə ölkəmizə Almaniyadan dərman gətirən şirkətlərdən biri dərman sifariş edərkən maya dəyəri aşağı olsun deyə tərkibindəki inqridientlərin sayının azalmasını istəmişdi həmin bu farmaseptdən. Təsəvvür edirsinizmi bu nə deməkdi?! Faciədi…

Həkimlərə gəlincə isə, həm keyfiyyətsiz dərmanlar, həm insanlara qarşı laqeydlik, həm savadsızlıq, həm də öz peşəsinə peşə kimi deyil, qazanc yeri kimi baxmaq həkimliyi və həkimləri qınaq obyektinə çevirir. Xəstələr şəfa tapmaq əvəzinə, daha da ağır vəziyyətə düşür. Həm sağlamlıqlarını, həm də pullarını itirirlər. Çarəsizlikdən ya xaricə (imkanı olmayanlar İran İslam Respublikasına, nisbətən imkanı olanlar Rusiya, Türkiyə və ya Avropaya) üz tutur.

Səbəb nədir, görəsən?

Savadsızlıqdırmı?

Düsdür, təhsilin səviyyəsi getdikcə inkişaf etmək əvəzinə geriyə gedir. Buna sübut orta məktəbi bitirən şagirdlərin buraxılış və qəbul imtahanlarında aldıqları qiymətləri, topladıqları balları göstəmək yetərlidir. Orta ümumtəhsil məktəblərində tədrislə məşğul olmalı müəllimlər mövcud hakimiyyətin illərdir apardığı siyasət nəticəsində məktəbə tədris ocağı kimi deyil, sosial təminat idarəsi kimi baxırlar. Bu, artıq heç kəsə sirr deyil. Bunun nəticəsidir ki, təhsil almaq istəyən uşaqlar valideynlərinin maliyyə dəstəyilə repetitor yanına gedir, çox böyük məsrəf hesabına ali məktəblərə daxil olmaq üçün əlavə təhsil almalı olurlar. Amma bu da səhiyyəmizin bərbad olması üçün əsas deyil. Kifayət qədər savadlı, təhsilli həkimlərimiz var və belə həkimlərin hesabına səhiyyəmiz tam çökməyib.

Bəs nədir səbəb? Səbəblərdən biri və başlıcası digər sahələrdə olduğu kimi həkimlərin də öz peşəsinə “çörək ağacı” kimi baxması, səhiyyə ocağını “sosial-təminat” idarəsi, xəstələri isə “klient” kimi görməsidir. Elə bunun özü kifayət edir ki, onlar insanların sağlamlığına yox, daha da ağır duruma düşməsinə xidmət etsinlər. Qalan bütün səbəblərin də kökündə məhz elə bu durur.

Bəs çıxış yolu nədir?

Çıxış yolunu keçən dəfə 1999-cu ildən qəbul olunmuş, amma bu günə kimi həyata keçirilməyən tibbi sığorta haqqında qanun və onun tətbiqi olarar göstərmişdim. Bu gün isə fərqli fikirdəyəm. Hətta o qanun reallaşarsa belə, heç nə dəyişməyəcək. Ölkəmizə bir şirkət, vətəndaşa bu  şirkətin işçisi kimi baxan hakimiyyət dövründə tibbi sığortalanma mexanizmi də korrupsiyanın bir elementi olacaq. Demək ki, çarə yalnız birdir: ölkəni korrupsiya çirkabında boğan, vətəndaşını deyil, özünü, hakimiyyətini düşünən iqtidardan qurtulmaq…

Sağlamlığımızı, övladlarımızın gələcəyini, ölkəmizi düşünürüksə, gələciyimizi xəstələndirən sahibsiz səhiyyəmizə özümüz sahib çıxmalıyıq. Başqa cür gələcəyimizi ömürlük xəstəlik və əcazlıq gözləyir…

Seçim sizindir, bizimdir, hamımızındır!

 

Bir cavab yazın