İkifikirlilik labirintindən çıxaq – utopikləşməyək

Könül Alı

 

“Onun zehni ikifikirlilik labirintində itmişdi. Bilərək bilməmək; Düşünülmüş yalanı söyləyərək öz düzgünlüyünə inanmaq; Bir-birlərini inkar etdiyini bilə-bilə iki əks fikri qəbul etmək və hər ikisinə əmin olmaq; Məntiqlə məntiqi öldürmək; Əxlaqı elan edərək rədd etmək; Demokratiyanın mümkün olmadığını və partiyanın demokratiya qoruyucusu olduğunu hesab etmək; Nəyi unutmalı olduğunu unutmaq və lazım olanda yenidən yada salmaq, sonra dərhal unutmaq və ən əsası, bu prosesi prosesin özünə tətbiq etmək. İncəlik də elə bundadır: Şüurlu olaraq şüuru üstələmək və bununla belə özünühipnoz etdiyini bilməmək. Hətta “ikifikirlilik” sözünun özünü də ikifikirliliyin köməyi olmadan anlaya bilməzsən”.

Corc Oruel

Mayın 10-da keçiriləcək Gül bayramına Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramı” sözlərini yazaraq etirazlarını bildirən NİDAçı gənc Bayram Məmmədov və siyasi fəal Qiyas İbrahim təhsil aldıqları unversitetlərindən çıxarkən maskalılar tərəfindən oğurlandı. Onunla heç bir əlaqə yarada bilməyən dostları və yaxınları təşviş içində qaldıar. İki gündən sonra onlardan xəbər alan ictimaiyyət dəhşətli faktlarla – olmazın işgəncələrinə məruz qalan gənclərin vəkillərin araçılığı ilə göndərdikləri izahatlarla üz-üzə qaldılar.

Düzdü, özbaşınalığın hökm sürdüyü Azərbaycanda məhbuslara qarşı azğın davranışlar buna qədər də sirr deyildi. Amma həmişə məhbusların məruz qaldıqları işgəncələr, zorakılıq aktları üstüörtülü şəkildə nəql olunur, heç kim də bunun dərininə getmirdi.

Amma…

 Amma Bayram və Qiyas ilin günün bu vaxtı o dəhşətli faktları, onlara edilən işgəncə faktlarını detallı olaraq yazılı şəkildə ortaya qoydular… Heykəllərdə, portretlərdə onları izləyən o istezalı baxışlara rəğmən!

Necə ki Corc Oruel “1984” əsərində deyir: “Böyük qardaş bizi izləyir. Hər yerdə onun portretləri var. Şəkillər elə çəkilib ki, hara getsən də sanki onun baxışları səni izləyir. Fikir Nazirliyinin əməkdaşları üz ifadələrindən sənin ağlından keçənləri oxuyur, hər kəsin üzündə xöşbəxt ifadə olmalı, Böyük qardaşın fotolarına da sevgi ilə baxmalıdırlar.” “1984” əsərində sözü gedən Okeaniya dövləti heç də bu günün Azərbaycanından fərqlənmir. “1984” utopik əsərdi deyəcəksiniz. Bəli, doğrudur. Amma bizim ölkəmiz Okeaniyadan çoxmu fərqlidir?

 Bir az da belə davam etsə, Azərbaycan tam olaraq Okeaniya dövlətinin qaydalarını əxz edəcək.

Okeaniyanın “Böyük qardaşı” Azərbaycanın Heydər Əliyevidir. Hər addımda onun portretləri var, hər parkda, hər dalanda onun heykəlləri, barelyefləri  qoyulub. 

Okeaniyada hər günün iki dəqiqəsini “Nifrət dəqiqəsi” elan edirdilər. Orda xalq düşməni  kimi qələmə verilən Qoldsteynin fikirləri insanlarda qorxu, qəzəb yaradan formada təsvir olunur, bu iki dəqiqə ərzində insanların nifrətinin daha da alovlanmasına səbəb olurdu, yanlarında olsa, Qoldsteyni  parçalayacaqları həddə çatdırırdı. İnsanların nifrətinin püskürdüyü anda Böyük qardaş görünür, xalqın xilaskarı kimi, nurlu, gözəl – qurtarıcı obrazı ilə təqdim olunur.

Sizcə bu gün Azərbaycanda baş verən ədalətsizlikləri dünyaya çatdıran, canı bahasına azadlıq mücadiləsi aparan insanlar Qoldsteyn qismində, Heydər Əliyev isə Azərbaycan ictimaiyyətinə Böyük Qardaş obrazında sırınmırmı?

Televiziya ekranlarından hər gün hakim ailənin böyüyündən kiçiyinə qədər apardıqları təbliğat hansı mənanı daşıyır?

Əgər cəmiyyətdə ovsunlanıb, bütləşməyə maraq varsa, tabe olmaqdan başqa çıxış yolunu seçməkdə maraqlı deyillərsə, Azərbaycanın da, yaxın gələcəkdə daşlaşmış cəmiyyətdən, utopik aləmdən ibarət olmayacağı nə məlum?

Bu gün siyasi rəqiblər gecə-gündüz damğalanırsa, etirazını daha uca səslə bildirənlər həbs olunursa;

Bu gün haqq ədalət savaşçıları: jurnalistlər, hüquq müdafiəçiləri, vəkillər, azadlıq uğrunda savaşan uzun yolun yolçuları hələ də, dirəniş göstərdikləri üçün, onların ölkədən çıxışlarına qadağa qoyulursa və bu sifarişin Prezident Administrasiyasından gəldiyi gün kimi ortadadırsa;

Əksinə, böyük cinayətlərə imza atmış insanlar azadlıqda gəzirsə;

Xəzər sahilindəki çimərliklər yay mövsümündə vətəndaşının üzünə bağlanırsa, sahilə hasarlar çəkilirsə;

Ölkə prezidenti 12 helikopterin müşayəti ilə Bodrumda istirahət edirsə;

Hər gün sadaladığımız və sadalamadığımız ədalətsizliklərlə üzləşiriksə, bütün bunların adı nədir?

Bu gün insanlar qızmar yay günlərində istirahət edə bilmirlər. Çoxu maaşlarını hələ birinci ongünlükdə yemək təlabatını ödəmək üçün xərcləyib, bitiriblər. Əksəriyyəti də, işsizdir. Bəs milyona yaxın yeni iş yerləri açılıb deyirdilər. Kimlər o yerlərə qəbul olunub, bilən varmı?

“Köləlik” yaxşı sənət deyil. Həqiqətləri görməklə kifayətlənməməli, dərk etməli, vəziyyəti dəyişmək üçün hərəkətə keçməliyik.  Bəzilərimiz heç özümüzə sual da vermirik. Axı niyə bir qrup məmur işıq surəti ilə varlanır, böyük kəsim isə yoxsullaşır? Halımızdan bu qədərmi məmnunuq? Yoxsa bizim  səs verməyib hakimiyyətə gətirmədiklərimizin öz xoşlarına gedəcəkləri günü gözləyirik? Yoxsa hakimiyyətin xalqa məxsus olduğunu və bizim onu istənilən vaxt dəyişmək ixtiyarımızın olduğunu bilmirik?

Onu daim izləyən kameralar, fikir polisləri, cəsuslar olmasına rəğmən Unston uzun illər dirəniş göstərdi, tabe olmadı, beyninin yalan məlumatlar axını ilə yuyulmasına imkan vermədi. Ancaq sonunda o da sındı, dirəniş göstərməyə mənəvi və fiziki gücü qalmadı. O da bir trola – düşünmək qabiliyyətini itirən məxluqa çevrildi. Çünkü o bir utopik aləmdə yaşamağa məhkum idi, ona mübarizə üçün stimul verə biləcək bir güc yox idi. Sonda Unstonun gözlərindən iki damla göz yaşı gəldi – Məğlubiyyət yaşları!

 Bizim hələ ümid yerimiz, trollaşmamış, aydın düşünən beyinlərimiz var. Ümid edək ki, bir gün azadlıq günəşi doğacaq və çoxumuzun gözlərindən iki damla yaş düşəcək – Qələbə göz yaşları.

Ən azından ümid edək…

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: