Türkiyə hara gedir?

Mustafa Hacıbəyli

Türkiyədəki son görüntülər narahatçılıq doğurur. Tam səmimi deyirəm, dünəndən özümə gələ bilmirəm. Qardaş ölkədə avtokratiyanın yaranmasını heç istəməzdik, əksəriyyət bunun belə olmayacağına ümidlidir. Amma heç bir ölkədə despotizm bir gündə yaranmayıb.

Məşhur almaniyalı anti-faşist pastor Martin Nimyollerin yazdığını xatırlayaq: “Nasistlər əvvəl kommunistlərin dalınca gələndə mən susdum, axı mən kommunist deyiləm. Sonra sosial-demokratların dalınca gəldilər, mən yenə susdum, axı mən sosial-demokrat deyiləm. Sonra həmkar təşkilatlarının üzvlərinin dalınca gəldilər, mən yenə susdum, axı mən onların üzvü deyiləm. Sonra yəhudilərin dalınca gəldilər, mən yenə susdum, axı mən yəhudi deyiləm. Və sonda mənim dalımca gəldilər, yenə sükut oldu, çünki artıq etiraz edə biləsi kimsə qalmamışdı”.

Türkiyədə təqribən 3000 əsgər və zabit həbs olunub. Qiyama cəhd edənlər cəzalandırılmalıdır, təbii ki. Hərgah, “qardaş qanını tökmək” məsələsində də kimin, türkün sözü, daha başarılı olduğu da ortadadır – rəsmi məlumata görə, 41 polisə qarşı ən azı 104 qiyamçı əsgər öldürülüb. Yenə də qiyamçılar qanunu pozduğu üçün cəzalanmalıdır – qanun çərçivəsində. Amma televiziyalarda onlara qarşı total aşağılayıcı təbliğat aparılır – mənəvi terror gedir.  Türkiyədə öz uşağını öldürən qatilin belə adını yox, yalnız ad və soyadının baş hərflərini yazan media orqanları indi tutulan generalların siyahılarını, şəkillərini cəmiyyətə əzbərlədirlər.

Reportajlarda əsgərlərin linç edilməsinə cəhd səhnələri adi hal kimi yayımlanmaqdadır.  Əsgərlərin üst paltarlarının soyundurulması səhnələri adi hal kimi təqdim olunur, bəzi xəbərlərdə əsgərlərin pantalonlarının – şalvarlarının çıxarıldığı barədə açıq xəbərlər verilir. Və heç bir dövlət yetkilisi bu linç cəhdlərinə, tutulanların aşağılanmasına etiraz bildirmir.  Əsgərləri vəhşicəsinə döyən, bəlkə də öldürən bir kimsə cəzalandırılmır. Tutulanların barəsində “şərəfsiz”, “namuszuz”, “xain” ifadələri və digər təhqirlər elə prezident, baş nazir səviyyəsində səsləndirilməkdədir.

Edam tələbi geniş təbliğ edilir. Ərdoğan çıxış edərək deyir ki, “Xalqın edam tələbini görməzdən gələ bilmərik”. Bu nə deməkdir?

“Başı kəsinən əsgər iddiası yalan çıxdı” deyirlər, amma əslində, təssüf ki, bir tutarlı, rəsmi yalanlama da yoxdur ortada. Başqa bir linç cəhdinin qarşısını alan qəhrəman efirə çıxarıldı, ona qarşı haqsız ittihamdan danışıldı, vəssalam. Amma heç bir dövlət yetkilisi “linç etmək olmaz”, “öldürmək olmaz”, “əsgəri soyundurmaq, aşağılamaq olmaz” – sözünü dilə gətirmir, əksinə, tutulanları öz çıxışlarında təhqir edib aşağılamaqla, fürsətcilləri bu özbaşınalığa körükləmiş olurlar.

Türkiyə müxalifəti də, hiss olunur, Ərdoğan rejiminin sıçrayışla güclənməsinin şokunu yaşayır, guman ki, bu qəzəbin onlara qarşı yönələ biləcəyindən  ehtiyatlanaraq susurlar hələ.

Şəhidlər dəfn edilməmiş, Türkiyənin bütün şəhərlərində “massovkalar” təşkil edildi. Ərdoğanın nəhəng portretləri fonunda düzənlənən bayram “massovkaları” “Allahu əkbər” nidaları ilə müşayət edildi. İzmirdəki mitinqdə şəhər meri çıxış edərək qiyamın “Türkiyəyə qarşı, həzrət Ərdoğana qarşı, həzrət Məhəmməd peyğəmbərə qarşı” olduğunu söylədi. Bu nə deməkdir?

Türkiyyədə Ərdoğanın şəxsiyyətinə pərəstiş formalaşdırılır. Televiziya kanalları bir qayda olaraq efirə başı bağlı qadınları çıxarır, onlar da öz növbələrində qiyamçılara ağır cəza tələb edir, paralel olaraq Ərdoğanın şəxsiyyətinə pərəstiş ifadə edirlər. Biz qiyama qarşıyıq. Amma hər şey onu göstərir ki, Ərdoğan bu qiyamdan sui-istifadə edərək, bu qiyama aidiyyatı olmayan məsələləri – özünün şəxsi və siyasi problemlərini də həll etmək istəyir.

Məsələn, açıq görsənir ki, qiyamın Ərdoğanın keçmiş dostu Fətulla Gülən tərəfindən təşkil edilməsi iddiasının heç bir dəlil-sübutu yoxdur. Fətullah Gülən bir dini sektanın rəhbəri olduğu üçün, onun siyasətə müdaxiləsinin həmişə əleyhinə olmuşam, amma prezident çıxış edəndə şəxsi münasibətləri yox, hüquqi əsasları ortaya qoymalıdır axı.

Belə məlum olur ki, onun ABŞ tərəfindən təhvil verilməməsi barədə iddia da yalan imiş. Hər halda ABŞ-a rəsmi müraciət olunmayıb və bəlkə də Fətulla Gülənin Türkiyəyə təhvil verilməsi, məhkəmə önünə çıxarılması AKP iqtidarının heç marağında belə deyil.

Bir başqa məsələ Ankaranın bələdiyyə başqanının açıqlamasıdır. “Cumhurriyet” qəzeti yazır ki, Ankaranın bələdiyyə başqanı ötən il Türkiyənin sərhəddini pozan SU-24 bombardmançısını vuran türkiyəli pilotun qiyama dəstək verdiyini açıqlayıb. Bu açıqlama nə məqsədlə verilir? Canı bahasına Türkiyə sərhəddini qoruyan və istər o vaxt, istər indi əmr qulu olan türk pilotunu Rusiyanın ayağına verirlər? Bu qiyamdan istifadə edib həm də Rusiya ilə olan problemləri də həll etmək istəyirlər?

Bütün dikaturaların tarixində baş tutmayan çevriliş cəhdləri, baş tutmayan sui-qəsd cəhdləri olub. Amma narahatçılığa əsas verən yeganə amil məhz Ərdoğanın doyub-usanmadığı hakiməyyəti dövründə bu qiyam cəhdinin baş verməsi faktı deyil. Qiyam cəhdi yatırılandan sonra baş verənlər – sadaladığım və sadalamadığım hadisələr daha vahiməlidir məncə, çünki, bu hadisələr bizim sevdiyimiz, güvəndiyimiz Türkiyənin sürətlə dəyişdiyini – dəyişdirildiyini göstərir.

Türkiyə hara gedir? Təsadüfi deyil ki, Ərdoğanın platforması “Yeni Türkiyə” adlanır. Nədi “Yeni Türkiyə”? İslamı siyasətə alət edən və hakimiyyətdən heç vaxt doymayan adamların nəinki öz müxalifətinə, öz cəmiyyətinə – bütün dünyaya meydan oxuyan tiraniyası? Türkiyə cəmiyyəti, müxalifəti, mətbuatı bu gedişata susmamalıdır, məncə.

Biz də buna susmamalıyıq. Qonşularımız Rusiya və İrandan sonra, əgər Türkiyədə də avtoritar, teokratik bir rejim qurulsa, bizim halımız necə olacaq, bizim demokratiya uğrunda mübarizəmizin aqibəti necə olacaq???

 

Bir cavab yazın