Haqsızlıqla üzləşən sahibkar etiraz püskürdü

Nizami rayon İcra Hakimiyyəti öz sərəncamının icrasına imkan vermir  

“Nizami rayon İcra Hakimiyyəti qanuni təmsilçisi olduğum “Yetər” istehsalat-kommersiya firmasına obyekt tikintisi üçün yer ayrılması haqqında 2 dəfə sərəncam verib. Lakin hər iki sərəncam müxtəlif bəhanələlərlə bu günə qədər icra olunmamış qalır”, – bu sözləri “Basta” əməkdaşına hüquqları pozulan sahibkar Nizaməddin Quliyev deyib.

Sahibkarın redaksiyamıza təqdim etdiyi sənədlərdən görünür ki, Bakı şəhər Nizami rayon icra Hakimiyyəti əvvəlcə “Q.Qarayev pr. 61 saylı evin 1-ci mərtəbəsində 300 kv.m sahənin “Yetər” kiçik müəssisəsinin istifadəsinə verilməsi haqqında”  1251 saylı sərəncam verib.

Bundan əlavə Nizami rayon İcra Hakimiyyəti “Yetər” istehsalat firmasına Lenov küç. ev 9, “Sevinc” kinoteatrının (indiki “Təbriz” k/t) yanındakı sökülmüş su avtomatlarının yerində gündəlik tələbat malları mağazasının tikilməsinə icazə verilməsi haqqında” 2170 saylı sərəncam verib.

Nizaməddin Quliyevin bildirdiyinə görə, 1-ci sərəncamda göstərilən sahə başqa bir icarəçiyə verilib: “2-ci sərəncamda göstərilən sahə isə bu günə qədər boş qalmaqdadır. Həmin sahədə sərəncamdan irəli gələn işləri görmək üçün çox cəhdlər etmişik, lakin qeyri-müəyyən səbəblərdən buna nail ola bilməmişik”

“Nəhayət, 1 yanvar 2013-cü ildə İcra Hakimiyyətinə 2170 saylı sərəncamın icrasına yönəlik işlərin görülməsi xahişi ilə ərizə ilə müraciət etmişəm. Ərizəyə Tikinti və Mənzil Məcəlləsində qeyd olunan normalara əsasən işlanmiş, ümumi sahəsi 200 kv.m olan layihəni də əlavə etmişəm etmişəm. Lakin ərizəmə 3 ay gecikmə ilə aldığım cavabda qanunsuz olaraq layihəni təsdiqləməkdən imtina etdilər”, – sahibkar bildirib.

Ərazidə başqa obyektlərin tikintisinə icazə verilibmi? Bu sualı cavablandıran sahibkar ərazidə hətta başqa müəssilərin ağacları kəsərək obyektlər inşa etdiklərini, sərəncamla ona verilən ərazidə ağac olmadığını, bununla belə layihəni təsdiqlədə bilmədiyini söyləyib.

Nizaməddin Quliyev İcra hakimiyyətinin imtina qərarından Bakı 2 saylı İnzibati-iqtisad məhkəməsinə şikayət edib. Bundan sonra sahibkarın özünün də iştirakı ilə həmin əraziyə baxış keçirilib, ölçülər aparılıb, sahənin planı işlənib, qeyri yaşayış tikilisi üçün ilkin layihə hazırlanıb.

Lakin məhkəmə son məqamda bu layihənin təsdiq edilməsinin Bakı şəhər İcra Hakimiyyətinin başçısının müstəsna səlahiyyətində olduğunu əsas gətirərək, sahibkarın iddia ərizəsini təmin etməyib.

Sahibkar məhkəmənin bu qərarında sonra, konkret olaraq 2016-cı il fevralın 18-də Bakı şəhər İcra Hakimiyyətinin başçısına da müraciət edib. Lakin paytaxt meriyası da eskiz layihəsini təsdiq etməyib. Nizaməddin Quliyevə verilən yazılı cavabda, ona yerli İcra Hakimiyyətinə müraciət etmək tövsiyyə olunub.

“Ötür-ötür oyununun qurbanı olmuşam, məhkəmə və Nizami İcra Hakimiyyəti layihəni təsdiqləmək üçün məni Bakı şəhər İcra hakimiyyətinə göndərir, oradan isə deyirlər ki, yerli icra hakimiyyətinə müraciət edin”, – Nizaməddin Quliyev deyib.

Sahibkar İnzibati-iqtisad məhkəməsinin qərarında Apelyasiya məhkəməsinə, sonra isə Ali Məhkəməyə də müraciət edib.

“İlkin instansiya məhkəməsi tamamilə icra hakimiyyətin təzyiqi altında keçirilmişdi. Özləri əvvəldən açıq deyirdilər ki, bəz hansı qərarı istəsək, məhkəmə də o qərarı çıxaracaq. Eyni haqsızlıqla Apelyasiya Məhkəməsində və Ali Məhkəmədə də üzləşdim. Hakimlər gətirdiyim haqlı dəlillərə məhəl qoymadan, ilkin instansiya məhkəməsinin ədalətsiz qərarını qüvvədə saxladılar”, – Nizaməddin Quliyev deyib.

“Mən əslən Cəbrayıl rayonundanam. Öhdəmdə olan ona yaxın qohumum qaçqın həyatı yaşayır. Bu illər ərzində dövlətdən bir metr də olsun ev, torpaq almayıblar.  Qardaşım müharibə veteranıdır. Özüm də torpaqlarımızın müdafiəsində iştirak etmişəm. 23 ildir biz ata-babalarımızın Cəbrayılda qalan qəbirlərini ziyarət edə bilmirik – düşmən buna imkan vermir. Və 23 ildir Bakı şəhərində tam qanuni əsaslarla iş qurub qaçqın qohumlarımızı gəlirlə təmin etməyimizə imkan verilmir”, – Nizaməddin Quliyev bildirib.

Sənədlərin bir qismi məqaləyə əlavə olunub.

Mövzunu diqqətdə saxlayacayıq.

Kamran, Bastainfo.com

Bir cavab yazın