Hardan hara gəldik, hara gedirik?!

1. Qurduğumuz Dövlətimiz
• Azərbaycan dövləti 1918-ci ildə qurucu atalarımız təərəfindən yaradılarkən, məhz (parlamentli) Respublika şəklində elan edilmişdir.
• Respublika nədir? Cəmiyyətin ümumi mənafeini qoruyan xalq iradəsi!
Yəni, dövlətin bir şəxsin mütləq hakimiyyəti altında qalmasını ehtiva edən və dövlət rəhbərliyinin həmişə bir AİLƏNİN nəsillərinin əlində olmasına, “dövlət başçısı” ali postunun ATADAN OĞULA və ya ailə yaxınlarına miras qalmasına son verən, xalqın dövlət rəhbərliyində SÖZ HAQQIna sahibi olduğu, xalqın suverenliyi öz əlində saxladığı dövlət formasıdır.
* M.Ə.Rəsulzadə başda olmaqla qurucu atalarımız Müsavat Partiyası öndərliyində yoxdan var etdikləri Azərbaycan dövlətini kraliyyət və mütləqiyyət anlayışından uzaq, demokratiya ideallarını alternativsiz məqsəd kimi seçərək Xalq Cümhuriyyəti şəkjlində təsis etmişdilər. Bu böyük şəxsiyyətlərin yüksək ideallarla qurduqları dövlətin əsas amalı hürriyətçilik, istiqlalçılıq, demokratiklik, çağdaşlıq sütunlarına söykənən cümhuriyyət olub. Ənənəvi şərq monarxizmindən uzaq, bu demokratik cümhuriyyət ən müasir ideyaları, bütün vətəndaşların hüquq və imkan bərabərliyini, əsas insan hüquq və azadlıqlarını qanunla möhkəmləndirməklə yaranan cümhuriyyətin quruluş fəlsəfəsinin hər cür monarxik meylərdən uzaq XALQIN ÜSTÜN İRADƏSİ mərkəzli dövlət olduğuna şüphə yeri qoymamışdılar.
2. Yaşadığımız Dövlətimiz.
Respublikamı? formasiyalara baxaq:
• Dövlətin forması onun xarici əlamətlərinin məcmusu kimi bu dövlətdə hakimiyyətin təşkilinin necəliyini, hakimiyyətin necə, hansı orqan və metodlarla həyata keçirildiyini göstərir. Dövlətin forması onun ibarət olduğu üç elementlə xarakterizə olunur: idarəetmə forması, dövlət quruluşu forması və siyasi rejim, yaxud dövlət rejimi.
İdarəetmə forması dedikdə, dövlətin dövlət başçısının hüquqi statusu və ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya bölünür.
• Monarxiyada ali hakimiyyət tam şəkildə və ya qismən təkhakimiyyətli dövlət başçısının (məsələni İranın şahlıq dövrü) əlində birləşir. Bu ali hakimiyyət adətən irsi olur. Monarxiya, bir qayda olaraq orta əsrlərin son dövrləri üçün xarakterik olan mütləq monarxiyaya (belə dövlətdə monolit hakimiyyət heç nə ilə məhdudlaşmır) və məhdud monarxiyaya (burada isə dövlət başçısı (monarx) ilə bərabər başqa bir ali orqan məsələn, parlament olur) bölünür.
• Prezidentli respublika isə ilk növbədə onunla səciyyələnir ki, prezident dövlət başçısı və hökumət başçısı səlahiyyətlərini daşıyan ali vəzifəli şəxsdir. Dövlət başçısı xalq tərəfindən birbaşa seçilir və odur ki, onun mandatının hüquqi qüvvəsi parlamentin mandatının hüquqi QÜVVƏSİNƏ bərabər olur. Belə respublikada hökumət prezidentin özü tərəfindən təşkil olunur və parlament qarşısında siyasi məsuliyyət daşımır. Hökumət prezident qarşısında məsuliyyət daşıyır və ona hesabat verir, yalnız prezident qarşısında istefa verir. Xalq tərəfindən seçilən prezidentin parlamenti buraxmaq HÜQUQU yoxdur!!
• Prezidentli Respublika sistemini Parlamentli Respublika sistemdən ayıran əsas xüsusiyyət, icra orqanının forması və rolu ilə əlaqəlidir. Parlamentli Respublika sistemindən fərqli olaraq, Prezidentli Respublika sistemində icra orqanı ilə qanunvericilik orqanı iç içə keçməmiş vəziyyətdədir. Dolayısıyla dövlət hakimiyyəti sistemini hakimiyyətlərin bölcüsü prinsipi qəti və aydın şəkildə şərtləndirir.
Bu sistemlərə baxtığımızda biz Azərbaycanda hansısa formada “Respublika” deyə biləcəyəmiz bir şey görə bilirikmi? Bəs Monarxiyaya aid necə? Əlbəttə çox şey görürük.
Azərbaycanın mövcud Konstitusiyasına görə onsuzda dövlət başçısı super suveren səlahiyyətlərə, üstəlik də məhdudiyyətsiz şəkildə “seçilmək” hüququna, yəni əbədilik imkanlarına malikdir. Növbəti dəyişikliklər isə hüquqi prosedurlar üzrə prezidentin hansısa səlahiyyətini məhdudlaşdırmağın yollarını tamamilə aradan qaldırır. Faktiki baxımdan isə hazırki prezidentln başqası ilə əvəz edilməsinin nəinki hüquqi yolları qalmır, hətta siyasi imkanları belə tamamilə qapadılır. (əlbəttə, xalq böyükdür və o hər şeyin yolunu biləndir)
Belə halda indi təklif olunan dəyişikliklərin ortaya çıxma səbəblərini və ya gələcəyə hədəflənən məqsədlərinin təhlilinə bənd, bənd yer ayırmayaq, bir başa deyək: Səbəb vəziyyətin çətinliyi, məqsəd hakimiyyətin daimiliyidir.
Sual bu deyil ki, bu “dəyişikliklər” nədən zərurət oldu? Sual budur ki, dəyişikliklərin içərisində Azərbaycan dövlətində suverenlik dövlət başçısına məxsusdur və yaxud dövlət başçısının qərarları referendum gücünə malikdir, Konstitusiyaya dəyişiklik və əlavələr etmək hüququ yalnız dövlət başçısına məxsusdur ifadələri niyə yoxdur? Və ya nəyə görə seçkilərin “21” ildə bir yox, 7 ildən bir keçirilməsi təklif edilir?

 

Bastainfo.com

Bir cavab yazın