Hökumətin 1 qəpiklik “islahatı” nə vəd edir?

Misir Məhəmmədoğlu: “Enerjinin 1 qəpik bahalaşması hər ay əhalidən 15 milyon manatdan artıq pulun oğurlanması deməkdir”

“Manatın devalvasiyasından sonra aztəminatlı təbəqənin durumu daha da pisləşməkdədir. Banklarla muştərilər arasında davam edən kredit çəkişmələri pik həddə çatıb. Artıq bir çox yerlərdə borcunu qaytara bilməyən muştərilər həbs olunub. Aztəminatlı ailələrin bundan sonrakı aqibəti xüsusi narahatlıq doğurur”.

Bunu “Basta”ya açıqlamasında Müsavat Partiyasının İqtisadiyyat və Sosial siyasət komissiyasının sədri Misir Məhəmmədoğlu deyib

Məlum olduğu kimi iyulun 14-də Tarif Şurası vətəndaşlara satılan elektrik enerjisinin qiymətinin 1 qəpik artırılması haqqında qərar qəbul edib. Bu qərar qaçılmaz idimi?

Bu sualı cavablandıran Misir Məhəmmədoğlu öncə qeyd etdi ki, rəsmi təqdimata görə Tarif Şurası bu qərarı Azərenerji ASC-nin muraciəti əsasında versə də, istənilən halda təşəbbüsün hökumətdən gəldiyi hər kəsə məlumdur.

“Azərenerji qiymətlərin qaldırılmasını texniki avadanlıq və enerji sahəsində calışanların həyat şəraitini yaxşılaşdırmaq, enerji təchizatının davamlılığını təmin  etmək üçün qəbul etdiyini açıqlayıb. Amma bu qərarın əhalinin sosial durumuna və digər sahələrə mənfi təsir göstərəcəyi danılmazdır. İlk baxışdan 1 qəpik az məbləğ kimi görünə bilər. Ancaq bu, enerjinin əvvəlki qiymətinin 16.66 faiz artımı deməkdir. Kiçik bir hesablama aparsaq, gorərik ki bu 1 qəpik hər bir Azərbaycan ailəsinin aylıq budcəsinə orta hesabla 5-6 manat ziyan vurur. Ölkəmizdə 2.5 milyondan artıq abunəçinin olduğunu nəzərə alsaq, orta hesabla bu məbləğ hər ay 15 milyon manatdan artıq edir. Hökumət onsuz da aztəminatlı ailələrin, pensiyacıların normal yaşayış tərzini təmin edə bilmir. İndi üstəlik hər ay 15 milyon manat xalqın cibindən oğurlanırsa, bunun iqtisadi yenilik, islahat kimi təqdim olunması gülüncdür.

Enerjinin qiymətinin qalxması Azərbaycanda digər hansı sahələrə təsir edəcək?

İqtisadçı ekspert hesab edir ki, bu gün bizə böyük məbləğ kimi görünməyən 1 qəpiklik artımın mənfi nəticələrini tezliklə bütün sahələrdə hiss ediləcək.

“Yaxın vaxtlarda bütün sahələrdə qiymət artımının şahidi olacağıq. Əsasən ərzaq məhsullarında özünü biruzə verən qiymət artımı başqa sahələrdə də təsir edəcək. Sahibkarlar soyuducu tələb edən ərzaq məhsullarının qiymətini birmənalı olaraq qaldıracaqlar. Bu qiymət artımı nəqliyyatda, xüsusilə Bakı Metropolitenində gediş haqqının qalxmasını şərtləndirəcək. Bundan başqa şadlıq saraylarında, restoranlarda da qiymət artımı qaçılmaz olacaq”, – Misir Məhəmmədoğlu deyib.

Misir Məhəmmədoğlu rəsmi təbliğatda ölkəsə islahat dalğasının başladığı, qeyri-neft sektorunun inkişaf etdiyi haqqında irəli sürülən iddialara da münasibət bildirib.

“Enerjinin qiymətinin 1 qəpik artırılması islahatdır? Dövlət Statistika Komitəsinin 2016-cı ilin ilk 6 ayının yekunlarına dair açıqladığı göstəricilər deməyə əsas verir ki,  bütün sahələrdə tənəzzül davam edir. Neftin ucuzlaşmasına baxmayaraq, neft gəlirlərinin ÜDM-də payı, əksinə, daha da artıb. Bu, qeyri-neft sektorunun tənəzzülünün etirafıdır. Hökumətin borc axtarışına çıxması, üstəlik, büdcə kəsirini azaltmaq üçün yenə əhalinin cibinə göz dikərək, enerjinin qiymətini qaldırması da tənəzzülün etirafıdır. Hökumət bu yalançı təbliğatdan əl çəkməli, təcili iqtisadi islahatlara başlamalı, istehsal sahələri yaratmalı, işizliyi aradan qaldırmalı, Azərbaycan xalqı qarşısında üzərində olan öhdəlikləri yerinə yetirməlidir”, – Misir Məhəmmədoğlu deyib.

Babək Mirzəzadə, Bastainfo.com

Bir cavab yazın