Rüfət Səfərovun məhkəməsi başladı

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokurorluğun keçmiş müstəntiqi Rüfət Səfərova qarşı qaldırılan ittiham üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bu haqda “Basta”ya prosesdə iştirak etmiş Müsavat başqanının müavini Yadigar Sadıqov məlumat verib.

Hazırlıq iclasında vəkil Pərviz Bayramov ittihamın əsassız olması səbəbindən işə xitam verilməsi barədə  vəsatət qaldırıb. Lakin hakim Asim Hacıyevin sədrlik etdiyi məhkəmə kollegiyası vəsatəti təmin etməyib.

Hazırlıq iclası açıq keçirilib. Prosesdə Müsavat başqanının müavini Yadigar Sadıqov, partiyanın Masallı təşkilatının sədri Xasay Fərzulla və digər müsavatçılarla yanışı, Rüfət Səfərovun yaxınları da iştirak ediblər. Hakim Asim Hacıyev “Azadlıq” qəzetinin jurnalisti Təzəxan Mirələmlinin prosesdə qeydiyyat aparmasına icazə verməyib.

Hazırlıq iclasında məhkəmə prosesinin avqustun 8-də saat 14:00-da başlamasına qərar verilib.

Rüfət Səfərov Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən siyasi bəyanatla istefa verdikdən sonra rüşvət almaqda ittiham olunub (Cinayət Məcəlləsinin 311.3.2 maddəsi). Müdafiə tərəfi ittihamın siyasi motivli olduğunu bildirir. Rüfət Səfərovun atası, Yeni Azərbaycan Partiyasınln qurucularından olan Eldar Sabiroğlu açıqlamasında bildirib ki, ölkədə milyonlarla pulu, xalqın qanını sovuranlar varkən, onun oğluna 1700 manat rüşvət iddiası ilə cinayət işi açılması  absurddur. 

bastainfo.com

Bir cavab yazın