Şirvanda hərbi zavod partladı

Bu gün saat 16:00-da Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin zavodunda dəhşətli yanğın baş verib. Yanğın nəticəsində zavodda olan sursatlar ard-arda partlamağa başlayıb.

Bu haqda “Basta”ya Şirvandakı mənbə məlumat verib.

“Raketlər partlayıb göyə uçur. Başımıza göydən od yağır. Ölənlər və yaralananlar var. Əhali qaçmağa yer axtarır”, – mənbə bildirib.

Mənbənin sözlərinə görə, zavodun yaxınlığında beşmərtəbəli yaşayış binaları var. Bu səbəbdən yaxın dəqiqələrdə yanğın söndürülməsə böyük itkilərin olması təhlükəsi var.

20:10

Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri Şirvanda baş vermiş hadisə ilə bağlı birgə məlumat yayıblar.

Məlumatda bildirilib ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar, Müdafiə Sənayesi, Daxili İşlər, Səhiyyə nazirliklərinin və Baş Prokurorluğun əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maşın, mexanizm və canlı qüvvəsi cəlb olunub, zəruri birgə tədbirlərin görülməsinə başlanılaraq partlayışın genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 24 nəfərə təcili tibbi yardım göstərilməsi üçün Şirvan Mərkəzi Şəhər Xəstəxanasına və Şirvan Şəhər Diaqnostika Mərkəzinə çatdırılıb, digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Tibb müəssisələrinə yerləşdirilən şəxslərdən 14-nə ambulator yardım göstərilərək evə buraxılıb, digər 7 nəfərin vəziyyəti yüngül, 3 nəfərin isə orta ağır qiymətləndirilməklə müalicələri davam etdirilir.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, partlayış zavodun utilizasiya sahəsində vaxtı keçmiş müxtəlif kalibrli döyüş sursatlarının utilizasiyaya hazırlıq prosesində baş verib.

Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə kompleks məhkəmə yanğın-texniki, partlayış, fiziki-texniki, materialşünaslıq, ekoloji, tikinti-texniki, əmtəəşünaslıq və məhkəmə tibbi ekspertizaları təyin edilib.

 

16:55

Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı ilkin məlumat yayıb.

Müdafiə Sənayesi Nazirliyindən APA-ya bildirilib ki, bu gün saat 15:35 radələrində nazirliyinin Şirvan ”Araz” zavodunda yanğın hadisəsi baş verib. Hadisə ilə bağlı nazirlik tərəfindən rəsmi məlumat veriləcək

 16:45

Şirvanda baş verən partlayış haqqında Rusiyanın RİA Novosti agentliyi də məlumat yayıb. Məlumatda şahidlərə istinadən çoxlu sayda yaralının olduğu bildirilir.

16:30

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib.
Bu barədə “Report”un bölgə müxbirinə xəstəxanadan məlumat verilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yaxın dəqiqələrdə həm hadisə ilə bağlı əlavə məlumat əldə etməyə çalışacağıq, həm də olaya aid video və foto görüntülər yayacağıq.
Xatırladaq ki, ötən il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Telemexanika” zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi.
Partlayış baş verən hər iki zavod hərbi təyinatlıdı.

Bastainfo.com

 

Bir cavab yazın