Müsavat referendumla bağlı hesabat yaydı

Müsavat Partiyası 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendumla bağlı aralıq hesabatı yayıb. “Basta”ya partiyadan daxil olan sənədi təqdim edirik: 

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsilə (referendumla) bağlı

A R A L I Q    H E S A B A T

Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) elan edilən gündən, – 31 avqust 2016-cı il tarixə – referendum üzrə təşəbbüs qruplarının qeydə alınmasının son gününə qədərki prosesdə baş verən pozuntular və dövlət qurumlarının törətdiyi qanun pozuntuları haqda topladığı məlumatları ictimaiyyətlə bölüşür.

  1. Qanunvericiliklə bağlı.

Dövlət başçısı İlham Əliyev 18 iyul 2016-cı ildə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalamışdır. Referendum Aktına görə, Konstitusiyanın 23 maddəsinə (9, 24, 25, 29, 32, 36, 47, 49, 53, 56, 57, 58, 59, 60, 68, 71, 85, 89, 100, 101, 105, 121, 126) əlavə və düzəlişlərin edilməsi, habelə yeni 6 maddənin (98, 103, 106, 108, 110, 146) əlavə edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın adı “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” olsa da, rəsmi dərc olunan mətndən görünür ki, əslində ləyihədə Konstitusiyaya 6 yeni maddənin əlavə edilməsi nəzərdə tutulub.

  • Azərbaycan Respublikası Konstitusiyası, Konstitusiyaya dəyişiklik və əlavələr edilməsi qaydalarını imperativ norma kimi aşağıdakı şəkildə müəyyən edir:

Maddə 153. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin təklif edilməsi qaydası. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır. Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası mövcud Konstitusiyanın 156-cı maddəsində qeyd olunub:

Maddə 156. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası.

  1. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.
  2. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci səsvermə birincidən 6 ay sonra keçirilir.

III. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra bu Konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur.

  1. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir.
  2. Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır. Qeyd olunan maddələrdən aydın olur ki, Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsini rəhbər tutmaqla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alındıqdan sonra Referendum yolu ilə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin qəbul edilməsi isə Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutmaqla Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilən Konstitusiya Qanunu şəklində olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində 6 aylıq fasilə ilə iki dəfə səsə qoyulmaqla qəbul edilir.
  • «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 5.2-ci maddəsinə əsasən həmin qanun referendum aktlarının hazırlanmasına da şamil edilir.
  1. a) referendum aktı layihəsinin hazırlanması planlı şəkildə həyata keçirilməli (41.1-ci maddə);
  2. b) bu barədə məlumat Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidentinin qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planına daxil edilməlidir (42.1-ci maddə).
  3. c) layihəyə ən azı ekspert rəyləri, müəlliflərinin siyahısı əlavə edilməlidir.
  • Referendum aktı layihələrinin hüquqi ekspertizası «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 49.1-ci maddəsinə əsasən məcburidir. Ancaq layihə Konstitusiya Məhkəməsinə göndərilərkən yuxarıda qeyd olunan məcburi prosedurların heç birinə əməl olunmayıb.
  • 21 iyul 2016-cı il tarixdə Müsavat Partiyası Konstitusiya məhkəməsinə rəy üçün göndərilən Referendum Aktı ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib və Konstitusiya Məhkəməsini bu layihəyə rəy verməməyə çağırıb.

Partiya müraciətində aşağıdakı xüsusi olaraq qeyd edilir: “Bu dəyişikliklərin bir hissəsi Konstitusiyanın müvafiq maddələri ilə qadağan edilib. Konstitusiyanın 155-ci maddəsinə əsasən III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. Lakin 29, 32, 42 və 49-cu maddələrə edilən təkliflər insan hüquqları və azadlıqlarının məhdudlaşdırır. Konstitusiyada Prezidentin səlahiyyətləri onsuz da geniş idi, bunların daha da artırılması hakimiyyətin qolları arasında pozulmuş tarazlığı bir qədər də artıraraq sunerenliyin xalqdan alınaraq prezidentin əlində cəmləşdirilməsi, nəticə etibarilə də qanunverici hakimiyyəti icra hakimiyyətinin alt qoluna çevrilməsi deməkdir.

“Hakimiyyətin üç qolu” prinsipinin bu dərəcədə prezidentin xeyrinə dəyişdirilməsi prezidentli respublika idarə üsuluna deyil, daha çox monarxik sistemə xasdır”. 26 iyul 2016-cı ildə Konstitusiya Məhkəməsi referendum layihəsinə rəy verib. Elə həmin gün dövlət başçısı referendum üzrə seçkilərin 2016-cı il sentyabrın 26-na təyin edilməsi haqqında sərəncam imzalayıb. Referendumun təyin edilmə sürətinə gec qoşulan MSK isə elan etdiyi seçki təqvimi üzrə icra edilməli olan prosedur sənədlərini rəsmi internet saytında yerləşdirməni bir neçə gün gecikmə ilə icra edib. Ölkənin əksər siyasi təşkilatları referendum məsələsində mövqeyini bəyan edib. Müsavat Partiyası və REAL hərəkatı referendum əlehinə kampaniya aparmaq üçün təşəbbüs qrupu yaratmağa qərar verib. AXCP “passiv boykot” qərarı verib. Ancaq referendum əleyhinə aksiyalar keçirəcəyini bəyan edib. D-18 hərəkatı Müsavat Partiyası ilə birgə “Respublika” təşəbbüs qrupunun yaradılmasında təsisçi kimi iştirak edib. NİDA hərəkatı “Respublika” təşəbbüs qrupunun imza toplama kampaniyasına aktiv dəstək verib və imza toplamada yaxından iştirak edib. Digər siyasi partiyalar və təşkilatlar da referendum layihəsinin qəbul edilməz olmasına dair bəyənatlar veriblər və xalqın bu layihəyə “yox” deməsinə çağırışlar ediblər.

Müsavat Partiyasının təşəbbüsü ilə 41 rayonda ilkin təşəbbüs qrupları yaradılıb. 02 avqust 2016-cı ildə bu təşəbbüs qruplarında seçilmiş nümayəndələrdən 223 nümayəndənin iştirakı ilə yekun toplantıda “Respublika” təşəbbüs qrupu təsis edilib və 04 avqust 2016-cı ildə müvafiq sənədlər MSK təqdim edilib. İki gün sonra imza vərəqələri MSK-dan alınıb, 11 gün müddətində, “NİDA” Vətəndaş Hərəkatının və D-18 təşkilatının da iştirakı ilə 41 mindən çox imzanı toplayaraq, MSK-ya təqdim edib.

  1. Hökümət qurumlarının törətdiyi qanun pozuntuları: Siyasi həbslər və təzyiqlər:
  • 12 avqust 2016-cı il tarixində “REAL” Vətəndaş Hərakatının İcra katibi, tanınmış iqtisadçı Natiq Cəfərli həbs olunub və ona Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan edilərək Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Məhkəmədən sonra evində axtarış aparılaraq xanımına məxsus zinət əşyaları və yaşadığı mənzilin sənədləri götürülüb.
  • AXCP üzvü Məsud Rzalı şərlənərək 30 sutkalıq həbs edilib.
  • AXCP sədri Əli Kərimlinin həbsdə olan qaynı Elnur Seyidov ölümlə hədələnməsi haqda ailəsinə məlumat verib.
  • NİDA hərəkatının üzvü Elgiz Qəhrəmanlı narkotik ittihamı ilə həbs edilib. Həbsinin ilk günlərində ağır işgəncələrə məruz qalıb.
  • AXCP üzvü Fuad Əhmədli, o cümlədən əlavə iki şəxs (adlarını yazmaq)…….. Türkiyədə hərbi çevrilişə cəhd etməkdə ittiham olunan Fətullah Gülənlə əlaqələrdə ittiham edilərək həbs edilib.
  • “REAL” Vətəndaş Hərəkatının iki üzvü Toğrul İsmayılov və Elşən Qasımov 7 sutka həbs edilib.
  • “NİDA” üzvü Elgiz Qəhrəmanlının məhkəmə prosesi zamanı, Bakı Apellyasiya Məhkəməsinin qarşısında “NİDA” rəhbərlərindən biri – Turqut Qəmbər BŞBPİ-nə aparılaraq orda 4 saat qanunsuz olaraq saxlanılıb. Eyni gündə jurnalistlər – Aytac Əlmədova və İlqar Vəliyev saxlanılıb.
  • “Azadlıq” qəzetinin yayım direktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli F.Gülənlə əlaqədə ittiham edilərək həbs edilib.
  • İmza toplanması prosesi zamanı Müsavat Partiyası fəallarına təzyiqlər edilib. İmza toplanması kampaniyası dövründə Cəlilabad, Masallı, Neftçala, Salyan, Şirvan, Ağcabədi, Tərtər, Abşeron, Qazax və başqa rayonlarda, Gəncə şəhərində yerli hakimiyyət strukturları tərəfindən bu prosesə maneələr törədilib.

İmza toplayanlara, onların yaxınlarına təzyiq göstərilib. İmza vərəqələri oğurlanıb.

– yerli icra hakimiyyəti strukturları doldurulmuş imza vərəqələrini ələ keçirmək üçün müxtəlif üsullara əl atmağa başlayıb. Bu məqsədlə yerli təşkilatlarımızın nümayəndələrinə təzyiq göstərilir, dilə tutma, hədə-qorxu gəlmə və digər üsullardan istifadə edilir. Polis və yol polisi tərəfindən imza vərəqələrinin olduğu ehtimal edilən avtomobillərdə axtarış aparılır.

– Salyan rayonunda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları polislə birgə Müsavatın rayon təşkilatının sədri Nizami Abbaslıya qarşı təziq edərək, imza vərəqələrini ondan götürməyə cəhd ediblər, ona qarşı təzyiqlər bu gün də davam etməkdədir.

– Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Sarvan Vəliyev imza toplayarkən sahə müvəkkilinin təzyiqinə məruz qalıb.

– Cəlilabad, Gəncə, Tərtər, Abşeron və Siyəzən rayonlarında imza vərəqələri oğurlanıb.

– Müsavat Partiyası Qazax rayon təşkilatının sədri İlqar Mustafayev imza topladığına görə yerli icra hakimiyyəti nümayəndələrinin və polisin basqısına məruz qalıb.

– Cəlilabad rayonunda müsavatçılar imza vərəqələrini oğurlayıb qaçan şəxsi saxlayıb, onu polisə təhvil versələr də, polis heç bir tədbir görməyib.

– Qobustan rayonunda “Respublika” təşəbbüs qrupuna imza toplayan Müsavat fəallarına təzyiq edilib, imza vərəqələri təxribatçılar tərəfindən cırılıb, bütövlükdə bu rayonda imza toplanmasına imkan verilməyib.

– Masallı rayonunda Cəmilə Eynullayeva imza topladığına görə prokurorluğa çağırılıb.

– Müsavat Partiyasının Məclis üzvü Rüfət Baxışbəyli imza topladığı üçün yerli hakimiyyət orqanları tərəfindən həbslə hədələnib.

– Müsavat Partiyası Masallı rayon təşkilatının şura üzvü Tərlan Abbaszadə “Respublika” təşəbbüs qrupu üçün topladığı imzalara görə prokurorluğa çağrılıb və ona xəbərdarlıq edilib.

Hakimiyyət dairələri referendumun mahiyyəti, keçirilməsinin hansı zərurətdən irəli gəldiyi barədə xalqa izahat verməyib.

Referenduma çıxarılan məsələlər rəy bildirilməsi üçün Avropa Şurası Vevesiya Kopmissiyasına təqdim edilməyib.

Hakimiyyət referenduma çıxarılan məsələlər barədə ictimai diskussiyalar təşkil etməyib, əksinə belə diskussiyaların qarşışı TV kanallarında debatların təşkil edilməməsi, referendum mövzusunun müzakirəyə çıxarılmaması ilə alınıb.

Referendumla bağlı müxalifətin yaratdığı yeganə təşviqat qrupu olan “Respublika” qrupu MSK tərəfindən əsassız iddialarla qeydə alınmayıb. MSK-nın bu qərarından Apellyasiya Məhkəməsinə şikayət verilsə də, Apellyasiya Məhkəməsi MSK-nın qərarını qüvvədə saxlayıb. Bununla da referenduma çıxarılan məsələrlə bağlı fərqli fikrin ictimailəşdirilməsi imkanlarının qarşısı alınıb.

Bastainfo.com

Bir cavab yazın